"Ərəblər bura axışır, qızlarımıza sataşırlar", "Doğma əmim oğlu evimi qarət edib, polis onu niyə tutmur?", "Ə, bir susun da, mən də danışım!", "Mən şikayətçiyəm! Sus da, nə danışırsan e sən?! Hə, mən şikayətçiyəm!", "Sizə deyirəm, polislər: bütün uşaqlarınız əlil olacaq, öləcək! Allah öldürsün sizi!" AXCP və "Milli Şura"nın bu gün Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirməli olduğu, amma keçirmədiyi "piket"də səslənən şüarlar belə idi.
Daha sonra isə polislərə ünvanlanmış "Murdarlar!", "Qeyrətiniz olsun!", "Vicdansızlar!" kəlmələri səsləndi.
Bir qədər geri qayıdaq.
AXCP sədri, həm də bloqer Əli Kərimli oktyabrın 8-də partiyasının və "Milli Şura" adlı marionet strukturun piket keçirməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. BŞİH də oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab vermişdi.
"Müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb", - cavabda deyilirdi.
İlk baxışdan qayət normal prosedurdur.
"Sərbəst toplaşmaq haqqında" qanuna görə, piketdə 50 nəfərdən artıq vətəndaş iştirak edə bilməz və piketin müddəti də 1 saatdır. Yəni 60 dəqiqə.
Əli Kərimli isə həmişəki ampluasına sadiq qalaraq keşiş Qaponun reinkarnasiyasına çevrildi.
O, postsovet məkanı ilə yanaşı, dünya siyasi mübarizə praktikasında ilk dəfə olaraq piketə "müşahidəçilər" dəvət edən çağırışını Facebook-dakı səhifəsində paylaşdı. İlk baxışdan aşkar marazm təsiri bağışlasa da, çağırışın məqsədi vardı: Əli Kərimli piketi yürüşə çevirmək, şəhərin mərkəzində polislə qarşıdurma olacağını bilsə də, ona hələ də inananları "yürüməyə" çağırırdı.
Ə.Kərimli bu minvalla etiraz aksiyasının "möhtəşəm və çoxsaylı" olmasını təmin etməyə çalışırdı.
Nə o, nə də "Milli Şura"nın dekadent sədri Cəmil Həsənli aksiyaya qatılmamışdılar.
Piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılırdı. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətini pozacağına görə polisin müdaxiləsinə səbəb olacaqdı. Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə, siyasi dələduzluq idi.
Baş verəcəklərə görə də məsuliyyəti bu cür çağırış edənlər daşımalı idilər.
Bakı Şəhəri İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməli idilər.
Xatırladaq ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 9-cu maddəsinə görə piket üçün aşağıdakı məhdudiyyətlər nəzərdə tutulub:
1. Piket düzəldənlər 50 nəfərdən çox olmamalıdır
2. Piket düzəldənlər piket edilən obyektin girişinə 10 m-dən yaxın məsafədə yerləşməməlidirlər
3. Piket düzəldənlər piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalıdırlar
4. Piket düzəldənlər 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.
Buna görə də piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri - İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilmişdi.
Onlara deyilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.
Bu gün "piket" oldu.
Aksiya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib.
50 nəfərin iştirakı ilə keçirilən piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.
Aksiyanın yüksək təhlükəsizlik şəraitində keçirilməsi və ictimai asayişin pozulmaması üçün əraziyə polis əməkdaşları cəlb olunub.
Piket başlamazdan öncə razılaşdırılmış yerdən kənarda - İstiqlaliyyət küçəsi ilə Muxtarov küçəsinin kəsişməsində aksiya keçirməyə cəhd olunub. Polis həmin ərazidə aksiyaya imkan verməyib.
Aksiya təxminləndiyi kimi, AXCP-nin ("Milli Şura" adlı efemer strukturu hesaba almayaq) sədri və bloqer Əli Kərimlinin uğursuz ssearisinə əsasən baş tutmadı.
Siyasi tələblər əvəzinə, sırf sosial çağırışlar səsləndi, hətta məişət problemləri dilə gətirildi.
Əli Kərimlinin sabiq müavini, xanımına və qızlarına divan tutduğu üçün rüsvay olmuş Fuad Qəhrəmanlı həmişə olduğu kimi, irəliyə düşərək "liderlik" etməyə çalışdı.
O, cəbhəçiləri gah küçəaşağı apardı, gah küçəyuxarı hərəkətin "caiz" olduğunu söylədi, gah da arxasınca yeriyən 10-15 adamın varlığından cuşa gələrək Əli Kərimliyə telefon açır, "Bəy, aksiyamız möhtəşəm oldu" hesabatı verirdi.
Əli Kərimlinin telefon danışıqlarında ona nə dediyini, hansı cavablar verdiyini təxminləmək əsla çətin deyil.
Bakı Şəhər İcra Hakimiyyətinin binasının önünə toplaşmış bir dəstə müxalifətçi isə sivil qaydada piketi gerçəkləşdirirdilər.
Küçələrdə ora-bura yürüyən, polisi söyən, aşağılayan, bilərəkdən qarşıdurma və toqquşma yaratmaq istəyən adamlardan fərqli olaraq.
Sonda o da deyildi ki, bəs sən demə, Əli Kərimlinin təlimatı var: oktyabrın 19-da mitinq olacaqmış.
BŞİH icazə verməsə belə...
Əli Kərimli şablon təfəkkürünün, daşlaşmış düşüncəsini əsla dəyişməyib.
Bugünkü aksiyanın AXCP-dəki tənəzül, reqressin göstəricisi olmasının, "Milli Şura"nın marionetkalığının sübutu oldu.
Torpaq sahəsi istəyən, oğurlanmış evini yağmalamaqda şübhəli bilinənlərin tutulmasını istəyən, kirayədə qalıb iş axtardığını deyən, övladının xəstə olduğunu söyləyib pul axtardığını vurğulayan şəxslər Əli Kərimliyə inanıb küçələrə çıxmışdılar.
Onlar əslində dövlətə inanır, dövlətdən yardım gözləyir, hakimiyyətə ümidli idilər.
AXCP sədri və bloqer Əli Kərimli isə siyasi tələbləri olmayan bu insanları "mübariz müxalifət, hakimiyyət uğrunda çarpışan adamlar" kimi təqdim edəcək.
Necə ki, guya müavinlikdən uzaqlaşdırdığı marginal Fuad Qəhrəmanlıya "piketə rəhbərliyi" həvalə etdiyi təki.
Əli Kərimli yenə yalan danışacaq, yalan yazacaq.
Heç şübhə olmasın - ilk dəfə deyil ki..