16 fevral 2020 19:58
956

Bakıda qanunsuz piket cəhdi bəzi radikalların xarici sifariş yerinə yetirdiklərinin göstəricisidir

Təəssüf ki, adlarını müxalifət qoyan bəzi radikallar sanki pusquda dayanaraq yaranmış hər hansı bir məqamdan öz mənafeləri naminə istifadə edərək çaşqınlıq yaratmağa can atır, xalq arasında məqsədyönlü surətdə xaos yaratmağa cəhd edirlər. Onların bu addımları təxribat xarakterlidir.

Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, bəzilərinin seçkilərdə guya qanun pozuntularına yol verildiyi yalanından istifadə etməsi yalnız bəhanədir:

"Hər bir seçki prosesində siyasi ehtirasların coşması təbii hadisədir. 4 seçki dairəsinin nəticəsinin Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilməsinə, bəzilərinin seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə baxmayaraq bəzi qrupların nəticələri gözləmədən Mərkəzi Seçki Komissiyası qarşısında piket keçirmək istəkləri və buna dair çağırışları onların xarici sifariş yerinə yetirdiklərinin göstəricisidir.

B.Quliyev söyləyib ki, Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı onlara daxil olan müraciətləri araşdırır, günahkarlar cəzalandırılır və nəticələr ləğv olunur: "Belə olan halda radikal qrupların cəhdlərinin heç bir əsası yoxdur. Bu addımlar nə müxalifətçilik, nə də seçkidən narazılıqdır. Edilən cəhdlər yalnız sifariş yerinə yetirmək missiyasıdır".

Qeyd edək ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.