17 mart 2020 20:33
2103

Bayram küsülü sevməz

Qarabağlı illərin Novruz ovqatı

...Hər il yazqabağı yaşıdlarımın çoxu kimi xəyalən uşaqlıq və gənclik illərimin Novruz çağlarına dönürəm. Doğrudan da, martın əvvəllərindən başlayaraq el-obanın böyük ruh yüksəkliyi ilə güllü - butalı Novruzun pişvazına çıxmaq üçün tədarük görməsi və ilaxır çərşənbəni, bayramı istəyincə qarşılaması barədə xatirələrimiz indiki uşaqlara şirin bir nağıl kimi görünür.

O zaman vətənimizin Qarabağlı vədələri idi: üzümüzə yaz nəfəsi toxunan nurlu səhərlərin birində baxıb görərdik ki, bağ-baxçada gül-gülü çağırır, bülbül-bülbülü. Tumurcuq vurmuş ağaclar ağac, baharı ilk müjdələyən quşlar quş dili ilə Novruzun gəlişindən soraq verirlər. Bahar fəslinin gözəlliyini susləyən yasəmən güllərinin qoxusu yol-yolağı bürüyərdi. Gül-çiçəklər bağlara, qartallar zirvəyə, şəlalalər dağlara, leyləklər səmaya yaraşdığı kimi, Novruz bayarımı da yurdumuzun ellərinə-obalarına yaraşardı.

Novruzun gəlişi fəsillərin və nəsillərin görüş çağına dönürdü. Uzü nurlu ağbirçək nənələrin dilindən xeyir-dualar əskik olmurdu. Müdrik babalar “iltəhvil saatı”dan öncə təptəzə paltarlarını geyinərək süfrə başına yığışan nəvə-nəticələrinə öyüd verərdilər ki, bəs dədə-baba atəti var: Belə əziz axşamlarda kimsəsizləri tək qoymazlar, elə ki, Novruzun “topu” atıldı durun, bayram xonçasından pay götürün, gedin sonsuzlara, kimsəsiz qocalara baş çəkin! Savab qazanın, bu əziz axşamlarda...

Bəli, əzəldən elin gözü tərəzi, dürlü-dürlü sözü-söhbəti öyüd-örnək olub! Zarafat deyil, adı dağdan ağır ulu adət-ənənələr boylanırdı bir dünya yaşıllığın içindən. Ağsaqqallar deyərdilər ki, köhnə ilin haqq-hesabını təzə ilə saxlamazlar. Beləcə ilin axır çərşənbəsinə kimi borclar ödənilərdi.

... “Nuh əyyamından” üzü bəri torpağa sonsuz sevgisi ilə cütü-xışı yaradan zəhmətkeş dədə-babalarımız: “Durna gəldi şuma çıx...” - deyə sumaçıxma mərasiminə səsləyərmişlər əkinçiləri. Toxum səpməyi elin-obanın ən hörmətli, ayağısayalı adamlarına etibar edərmişlər...

Novruz - ana təbiətin insanlara bərabərlik, mehribançılıq, barış, sevgi, şadyanalıq təklifi idi... Novruzun gəlişinin ən ümdəsi onunla əlamətdar olardı ki, çoxdanın küsülüləri bir-birilə əl tutub bayramlaşar, umu-küsünü unudardılar. Babalar “Bayram küsülü sevməz”-deyə ən yaman günün küsülülərini belə barışığa çağırar, ağbirçək nənələr də deyərdilər ki:

Gəbənin eni qarış,

Güllü - butalı naxış.

Bayram küsülü sevməz

Qadan alım, gəl barış!

Əsrlərin sınağından çıxmış Novruz ruhlu uluca-uluca nəğmələr, vəsfi-hallar, bilməcələr, söyləmələr uşaqlı-böyüklü məclislərə şadlıq-şadyanalıq gətirərdi. El-obada sinədəftər qocaların bayatı, rəvayət, nağıl dolu ocaqdibi söhbətləri bayramın söz sovqatı, söz bəzəyi olardı.

...Totuq-motuq oğlan uşaqları bahar rəngli qurşaqlar atardılar evlərin qapısından. Qəlblərinin genişliyi yerə-göyə sığmayanlar qurşaq atanları sevindirər; iydə, kişmiş, badam, qoz, fındıq, rəngli yumurtalar düşərdi uşaqların payına.

Uşaq və yeniyetmə çağlarımızda tay-tuşlarımızla belə günlərdə unnuqlarda una basdırılmış yumurtaları döyüşdürərdik. Ən bərk yumurta səsəl adlanardı. Yumurta döyüşünün bir növünə də “qatar döyüşü” deyərdilər. Bu “döyüş” təkcə uşaqların deyil, böyüklərin də arasında keçirilərdi. Bu zaman adətə görə yumurtaya baxışmaz və onu dəyiş-düyüş etməzdilər. Sonda “qatardan” daha çox, salamat çıxan yumurtaların sahibi qalib gələrdi.

El arasında bu günəcən sınaqdan çıxmış mərd adama filankəs “qatardan çıxıb” deyirlər. İnsanlar arasında barişı, mehribançılığı yaradan həm də bir-birindən maraqlı xalq oyunları idi. “Sultanoyunu”, “Bəhməngizir”, “Əlbəndi”, “Gözbağlıca”, “Təkbələncüt”, “Xan-xan” oyunu, “Beş daş”, “Qayışgötürdü”, “Atmindi”, “Çiling-ağac” və s. xalq oyunları insanlarda bayram ovqatı ilə yanaşı çeviklik, sağlam düşüncə, möhkəm birlik yaradırdı.

Göydən yerə nur ələndikcə, ana torpağın bahar fərəhi, sevgisi köksünə sığmazdı. Bir də baxardın ki, yaz yağışının damcıları ilə yaz günəşinin şuaları səmada elə bir möcüzə yaradıb, gəl görəsən. Masmavi göyərin tağına qovsi-quzehin “naxış vurduğu” rənglər silsiləsi könülləri oxşardı. Qədimdə el inamına görə göy qurşağının altından keçən adam nə arzu etsə, hasil olarmış!.. Bir də el arasında yeddi rəngli göy qurşağına qarı nənənin örkəni, Fatma nənənin hənası da deyirlər. Novruz bayramı öynəsində elin başbilənləri göy qurşağına baxıb, nəyin bol, nəyin qıt olacağını xəbər verərdilər; qırmızı rəng arpa-buğdanın, sarı rəng darının, yaşıl rəng paxlanın rəmzi sayılırdı...

Xeyirli - bərəkətli yaz günləri evlərdə şirinçörək, şəkərbura, paxlava bişirən gəlinlərimiz, ana və nənələrimiz bir-birinə könülxoşluğuyla, qəlbaçıqlığıyla: “Toy çörəyi yapasan!”, “Bayram xoncasını ilbəil artıq tutasan!”- deyə xeyir-dualar eləyərdi...

Bayram xonçasında yamyaşıl səməni tellənər, ətrafında rəngbərəng şamlar yandırarlar. Bu şamlar da adi şamlar sayılmaz. Arzu, sevgi, murad şamları deyərlər onlara! Hər evdə baharın ilk nemətinə - səməniyə alqış nəğmələri oxuyardılar:

Səməni, saxla məni,

İldə göyərdərəm səni...

Yeddi rəqəmi xalqımızın düşüncəsinə görə müqəddəs olduğundan Bayram süfrələrinə adətə görə, gərək yeddi löyün xörək, yeddi cür şirniyyat, yeddi cür qovurğa və çərəz, mer-meyvə düzülə, həyətlərdə, meydanlarda yeddi tonqal çatıla:

Ağırlığım, uğurluğum burda qalsın,

Dərdim, bəlam odda yansın...

-deyib hoppanardıq uşaqlı-böyüklü tonqalların üstündən. (Bu gün xalqımızın nə ki, dərdi, ağrısı-acısı varsa, qoy Novruz tonqallarında alışıb yansın!)

Atıl-matıl, çərşənbə,

Bəxtim açıl, çərşənbə!

-deyərək qəlblərində gizli istək, sevgi cücərən el qızları niyyətlərinin işığında yamyaşıl sabahlara boylana-boylana qulaqasdıya yollanardı qonum-qonşu qapısına. Adətən üç evə baş çəkib, qapı pusardılar. Odur ki, hər evin ağbirçəyi-ağsaqqalı buyurardı ki, belə əziz axşamlarda gərəkdi ki, xoş sözlər danışasan, olub-olmuşlardan məzəli söhbətləri yada salıb, deyib-güləsən... Deyərdilər ki, yazda gülənin ömrü də uzun olar. “Deyin, gülün, şənlənin, ömrünüz uzun olsun!”

Qoy ovqatınız bahar təravətli, könlünüz xoş, Arzularınız çin olsun!

Nurəddin Ədiloğlu, “İki sahil”