19 mart 2020 10:53
4017

Bayrama bir gün qalmış...

Bu gün  Bakı metrosunun “20 Yanvar” stansiyasında törədilən terror aktından 26 il keçir.

Ötən əsrdə Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla  terror aktı həyata keçiriblər.  Törədilən 32 terror aktı hadisəsi nəticəsində iki mindən çox dinc soydaşımız  həlak olub. Erməni ekstremistləri  Azərbaycanda nəqliyyatın bütün növlərində,  o cümlədən də metroda terror aktları törədiblər.

Belə  qanlı terror  aktlarından  biri  19 mart 1994-cü  ildə  baş verdi.  Saat 13.00 radələrində qatar “20 Yanvar” stansiyasında dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə  qurğunun partlaması nəticəsində 14 nəfər həlak oldu,  49 nəfər yaralandı. Bu  terrorun  qurbanları arasında qadınlar, qocalar və uşaqlar olan onlarla günahsız insan  vardı. 

Güclü partlayışın təsirindən metro stansiyasının tavanı bəzi hissələrdə dağılaraq  aşağı çökmüşdü.   O gün metroda baş verən  qanlı terror gözəl musiqiçi, Xalq artisti Rafiq Babayevin  ömrünə həyatının ən mühüm və məsuliyyətli mərhələsində -57 yaşında  son qoydu. Təkcə  Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti  bu görkəmli  cazmenin, pianoçu  və bəstəkarın faciəli ölümündən bərk sarsılmışdı.

Terror aktının icraçısı  partlayış zamanı ölsə də, Azərbaycanın hüquq mühafizə orqanları bu hadisənin terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını dərhal müəyyənləşdirdi. Tezliklə  Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən terror aktının icrasında və təşkilində iştiraka görə 11 nəfər həbs olundu. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxardı, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olundular.

İstintaq zamanı müəyyən edildi ki, təxribatçılar Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib və  bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi  formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. Terrorçu  dəstə təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı,  Bakının “Nizami” kinoteatrında, Respublika (indiki Heydər Əliyev) sarayında  və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışdılar. Ancaq terrorçular bu  cinayətkar  məqsədlərinə axıra qədər nail ola bilmədilər.

1994-cü il iyulun əvvəllərində Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda  növbəti dəfə  partlayış törədildi. Partlayış  nəticəsində 13 nəfər həlak oldu, 42 nəfər yaralandı. Rəsmi versiyaya görə, Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərmişdilər. Bu hadisədən  iki il sonra Moskvada milliyyətcə ləzgi olan Azər Aslanov həbs edildi.  Azərbaycana ekstradisiya edilən A. Aslanov öz ifadələrində bildirdi ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən,  erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayandan alıb.  Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edildi.

Onu da bildirək ki,  19  mart  1994-cü il - Novruz bayramı ərəfəsi terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.

Allahdan terror qurbanlarına rəhmət diləyirik.

Nurəddin  Ədiloğlu, “İki sahil”

P.S: Bu gün  erməni terrorizmi beynəlxalq ictimaiyyətin tanıdığı bir faktdır. Ermənistan dövləti də terrorçulara dəstək verir. Amma buna görə, Ermənistana heç bir təzyiq olmur.