14 iyul 2020 11:09
905

Bəhruz Quliyev: Paşinyan hesab edir ki, təxribatlar erməni cəmiyyətini onun ətrafında birləşdirə bilər

“Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmmağa hesablanıb”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olması, şübhəsiz ki, münaqişənin həlli prosesini müharibə müstəvisinə yönəldir. Bu hadisə həm də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin göstəricisidir: “Ermənistan rəhbərliyində belə bir illüziya formalaşıb ki, hər dəfə təmas xəttində təxribat törədə, atəşkəsi poza, Azərbaycan hərbçilərini hədəfə ala bilər. Lakin bir şeyi unutmaq lazım deyil ki, Azərbaycan Silahlı Qüvvələri heç zaman düşmənin təxribatlarını cavabsız qoymayıb. 2016-cı ilin aprelində də ordumuz onların təxribatına əks-həmlə ilə cavab verdi və onları çox ağır məğlubiyyətə düçar etdi. İndi də təbii ki, Ermənistan tərəfinin bu cür təxribatçı hərəkətləri cavabsız qalmayacaq. Azərbaycan Ordusu hər zaman sözünü deyib, yenə də deyəcək”.

B.Quliyev bildirib ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir: “Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur. Azərbaycan dövləti, dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, biz münaqişənin həllində sülh prosesinə sadiqik, münaqişənin dinc yolla həllini istəyirik. Ancaq belə təxribatçı hərəkətlər, cəbhə bölgəsində atəşkəsin pozulması nəticə etibarilə köhnələn münaqişənin böyük bir alova çevrilməsinə səbəb ola bilər. Bu, ilk növbədə ATƏT-in Minsk qrupu üçün çox ciddi siqnal olmalıdır. Hadisələr istənilən vaxt öz məcrasından çıxa və hərbi əməliyyatlar daha genışmiqyaslı ola bilər. Heç kim onun başlamayacağına təminat verə bilməz. Ona görə də hadisələrin ən mürəkkəb ssenari üzrə inkişafına görə ilk növbədə Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır”.

Qurum rəhbəri əlavə edib ki, baş verənlər Paşinyanın bir sıra məsələlərə nəzarət edə bilmədiyini göstərir: "O hesab edir ki, təxribatlar onu xilas edər və erməni cəmiyyətini ətrafında birləşdirə bilər. Amma Paşinyan bilməlidir ki, bu cür addımlar cavabsız qalmır. Çünki Azərbaycanın səbri tükənməz deyil. Heç şübhə etmirəm ki, belə davam edəcəyi təqdirdə, Azərbaycan tərəfindən güclü cavab veriləcək. Əgər Ermənistanın məqsədi məsələni hərbi yolla həll etməkdirsə, o zaman bu cavabı alacaq. Azərbaycan ordusu düşmənin layiqli cavabını verməyə hər zaman hazırdır. Bir hücum əmri yetər ki, ordumuz işğal altında olan torpaqların geri qaytarılması istiqamətində əməliyyata başlasın”.

                                                                                                                                                                                          Ceyhun Piriyev, “İki sahil”