05 noyabr 2019 19:32
1179

Bəyanat işığında qələbə ruhu gördüm

Payıza niyə qızılı payız deyirlər, bilmirəm; qızılı payızın son ayında könüllər 2016-cı ilin yazına niyyətlidi. Bu gözəl niyyəti yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri gerçəkləsdirəcək, Ali Baş Komandanın  döyüş əmriylə torpaqlarımız isğaldan azad ediləcək.

Bu inam müqəddəs inamdı. Mənə elə gəlir ki, müqəddəsliyi dərk etmək müqəddəsliyə sədaqətlik əlamətidi. Bu müqəddəs inamın işığında aydınlığıyla görünür ki, Azərbaycan əsgəri yaxşı xidmət edir - zabitlər səmimiyyətlə belə deyirlər, Azərbaycan əsgəri gözəl düşünür - zabitlərin müşahidələri belədi, əsgərlərin düşüncələrinə biz də bələdik. Əsgərlərin düşüncələrinin işığı düşüncələrimizin işığıyla gözəl qoşalaşıb. Səngərə, döyüş növbətçiliyi aparanların düşüncələrinə bələd olanlar belə qoşalasmanın mahiyyətindən bir daha əmin olur ki, inamın güvəncə, güvəncin  inama mənəvi, mənəvi-ruhi bağlılığı da döyüş əzminin davamı olan  qələbə ruhu üçündü. Belə gözəl qoşalaşmanın cazibəsində əsgərlərin düşüncələri bizə indi də könül xoşluğu verib...

Payızın sərinliyindən keçib gəldiyimiz səngərdə əsgərlərə başqa mövqedə “Qarabağ Azərbaycandır!” mövzusunda disputda əsgərlərin dedikləri fikirlərdən söz açıram. Disputun mövzusunun əsgərləri maraqlandırdığını sezincə bir az əvvəl başqa mövqedə yaşadığımız xoş ovqatı burda da yaşayacağımız ümidiylə söhbətə giriş kimi deyirəm:

Hansı hərbi hissədə xidmət etməsindən asılı olmayaraq əsgər əsgərin mənəvi qardaşıdı. Orada deyildi ki, bu bəyanat Azərbaycan əsgərinin qələbə ruhunun bəyanatıdı və hər birimizi münaqişə sülh yoluyla həll   edilməzsə, qələbəylə nəticələnəcək döyüşə səfərbər edir. Siz nə deyirsiniz? - soruşuram.

Araya çökən sükut da, əsgərlərin baxışlarının dolaşıq düşməsi də anlaşılandı...

Bizim hərbi hissənin əsgərləri də əmindirlər ki, işğalçı Ermənistan  torpaqlarımızdan geri çəkilməsə, bu bəyanatı döyüş əmri tamamlayacaq, - zabit Ramil Siraclı belə deyir. Mənə elə gəlir ki, zabitin əminliyi əsgərlərin baxışlarının dolaşığını açmaqda, düşüncələrini nizama düzməkdədi. Böyük coşqu ilə tamamlanmış disputun disput  formatında davam etməsini arzulayıram. Belə də olur.

Disputda əsgərlərdən biri soruşdu ki, bu bəyanata torpaqlarımızı işğaldan azad  etməsinə görə Ermənistana və onun tərəfində olanlara xəbərdarlıq deyə bilərikmi? Əsgər yoldaşınızın sorğusuna  necə cavab  verərdiniz?

Əsgər Qəhrəman Məmmədov “Əlbəttə ki, xəbərdarlıqdır.  Torpaqlarımızdan çəkilib getməsə, düşmən döyüşlə tamamilə məhv olacaq”, - deyir və yoldaşlarına baxır. Əsgərlərin Qəhrəmanın dediklərindən məmnunluğunu sezmək çətin deyil.

Bu günlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında 120 dövlət Ermənistanı rəsmən işğalçı dövlət kimi tanıdı. Zənnimcə, Soçidə ictimailəşən bəyanatla 120  dövlətin qəbul etdiyi  birgə qətnamə arasında məntiqi bağlılıq var, - deyirəm.

-Düşünürəm ki, o bağlılıq dövlətçilikdir. Tanıma münaqişənin nəticəsinə  dövlətin münasibətidir. Qoşulmama Hərəkatını təmsil edən 120 dövlətin Ermənistanı işğalçı dövlət kimi tanıması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh  yoluyla həlli istiqamətində mühüm beynəlxalq müdaxilə hesab edilə bilər, ancaq Ermənistan işğalı sonlandırmasa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə  ictimailəşdirdiyi fikrini döyüş əmri tamamlayacağını qətnaməni imzalayan dövlətlər də bilir, digər dövlətlər də, - zabit Həşım Həşimovun qətiyyəti sezilən, hiss olunandır.

-Bu mövqedə döyüş növbətçiliyi aparan əsgərlər də həmin əmrin icraçısı kimi Böyük Qələbəni qazanacaq əsgərlərin sırasında olmaq istəyir, yəni, bu bəyanat Azərbaycan əsgərinin qələbə ruhunun bəyanatıdır, - zabit Ramil Siraclı belə deyir. Bu anlarda yaşadığım qüruru disputun gedişində yaşadığımız qürurun davamı bilirəm.

-Bu bəyanat azərbaycançılıq məfkurəsinin bəyanatıdır və hər bir azərbaycanlını - hərbçini də, mülkini də qələbəylə  nəticələnəcək döyüşlərə səfərbər edir - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Tural Qəmbərov əsgərlər adından belə deyir.

Ön xətdə, səngərdə əsgərlərin əhatəsində soruşmuşdum - cavab almışdım, sorusmusdular - cavab almışdılar. Səmimi cavablar onlara  da, mənə də könül xoşluğu vermisdi. Burada da söz sözü çəkir, söz sözə söykək olur, bir söz digərinin davamı kimi dinlənilir. Söhbətimizi mahiyyəti vətənpərvərlik olan br mövzuda davam etdiririk; döyüş növbətçiliyi haqqında bildiklərimi də, bilmədiklərimi də böyük maraqla dinləyirəm. Bu söhbəti bildiklərimi təkmilləşdirən, genişləndirən, bilmədiklərimi öyrədən dərs bilirəm. Öyrənmə həvəsimi əsgərlər də duyğusallıqla hiss edirlər.

-Müharibə şəraitində Vətən, torpaq kəlmələrinin mahiyyəti ön xətdə, səngərlərdə döyüş növbətçiliyiylə bağlıdı. Döyüş növbətçiliyi qətiyyətdi, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətdi”, - deyirəm. Zabit səmimiyyətlə razılaşır və zəruri əlavələr də deyir:

-Məhz buna görə də ön xətdə xidmət daha məsuliyyətlidir. Ön xətt, müəyyən mənada, səngər deməkdir. Düşmən həmişə niyyətini gizlətməyə çalışır. Gizliliyi nə qədər qorumaq istəsə də, Azərbaycan əsgərinin döyüş və psixoloji hazırlığı buna imkan vermir. Atəşkəsi pozmaq, təxribatlar törətmək istəyən düşmənin bütün hərəkətləri döyüş növbətçiliyiylə izlənilir.

Əsgərlərə baxıram, yəni, siz nə deyirsiniz. Əsgərlərin diqqəti qarşı tərəfdədi. Bu  baxısların döyüş əzmindən, qələbə ruhundan rişələndiyini sezmək çətin deyil. “Onların eynini ön xətdə bütün səngərlərdə görürük” kəlmələrini  tamamlamağa macal tapmamış əsgərlərdən biri deyir ki, döyüş növbətçiliyini əsgər aparmır, əsgərin timsalında Vətən sevgisi aparır.

Hamımız 2016-cı ilin yaz ovqatının təşnəsiyik. Bu ovqatı yaşadanların əhatəsində olanda bütün varlığınla hiss edirsən ki, qələbə ərəfəsindəyik. Aprel döyüslərinin xatırlamaları yenə düşüncələrinizə sığal çəkir. Bu gün döyüş növbətçiliyi aparan əsgərlər o döyüşlərdə tarix yazanların davamçıları kimi nə deyirlər?

-Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq (əsgər İzzət Məmmədov);

-Torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizin ruhunun arzuladığı kimi döyüşəcəyik (əsgər Çingiz Yusubov).

Əsgərlərin Vətən sevgisini dövlətlə, dövlətçiliyə sədaqət bilirəm. Zabit Ramil Siraclı gümanımı təsdiqləyir:

-Bu əsgərlərin, onların timsalında ordumuzun bütün əsgərlərinin qətiyyəti, inamı, dövlətə sədaqəti ordunun gücü deməkdir. Əsgərlərimizin qətiyyəti təkcə bizim bölüyün əsgərlərinin deyil, ümumən bütün əsgərlərin qətiyyətidir. Bu qətiyyət mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisidir.

Söz sözü çəkir, söz sözə söykək olur. Heç zaman unudulmayacaq Aprel döyüslərini xatırlayırıq. Mənə elə gəlir ki, söhbəti dinləsələr də, baxışları qarşı tərəfədən üzülməyən əsgərlərin hər biri ruhən döyüş növbətçiliyi aparan əsgərlərin yanındadı.

-İctimaiyyətin inamı, güvənci Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırır, müəyyən mənada, onun tərkib hissəsi olur.

-Müqəddəslik, müqəddəsliyin işığı haqqında səsləndirilən bütün fikirlər bir mətləb üçündü: Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad edilməsi.

Rəşid Faxralı