03 iyun 2020 15:27
908

Beynəlxalq maliyyə qurumlarının ölkəmizə etimadı ona görə yüksəkdir ki…

Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı faktı ən nüfuzlu beynəlxalq maliyyə və iqtisadi təşkilatları ölkəmizlə əməkdaşlığa  sövq edir. Məhz belə təşkilatlardan da biri  Asiya İnkişaf Bankıdır.

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan  Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda bir daha aydın göründü ki, bu maliyyə qurumu Azərbaycan iqtisadiyyatına böyük etimad göstərir.

 Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizlə Asiya İnkişaf Bankı arasında əlaqələri mövcuddur. Məhz bu bankın 2015-ci ildə Bakıda keçirilən illik toplantısı da çox uğurlu nəticələrlə yadda qalmışdır. Eyni zamanda, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük maliyyə qurumu olmuşdur. Bundan başqa, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlər infrastruktura investisiya yatırmağa kömək etməklə bərabər, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək olmuşdur.

Videokonfransda Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək layihələrindən də danışaraq bildirmişdir ki, koronavirus pandemiyası ilə bağlı vaxtında görülən tədbirlər sayəsində Azərbaycan minimum itki verib: «Bunu Ümumdünya Səhiyyə Təşkilatının bəyanatları da göstərir. Belə ki, ÜST-ün bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.»

 Eyni zamanda, ölkəmizin başçısı pandemiya dövründə dünya iqtisadiyyatında, o cümlədən onun bir qolu olan Azərbaycanda baş verən iqtisadi problemlərdən danışıb. Bildirib ki, bu gün ölkəmizdə  qeyri-formal məşğulluqla ciddi şəkildə mübarizə aparılır. Məhz buna görə də 2020-ci ildə işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb: «Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.»

Videokonfransda Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, pandemiya dövründə 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Sevindirici haldır ki, ölkəmiz  onların arasında deyil. Ona görə ki, Azərbaycan  iqtisadiyyatı üçün ehiyatları qorumaq və artırmaq əsas hədəf olub.

Konfransda Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafının məmnunluq doğurması faktları ilə bərabər, ölkəmizin pandemiya dövründə həm qonşu ölkələrə, həm də beynəlxalq təşkilatlara verdiyi humanitar dəstək də xüsusi qeyd edilib. Bildrilib ki, bütün dünya üçün önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq Azərbaycan üçün prioritet məsələ olub. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına ianə ayıran birinci ölkələrdən olmaqla bərabər, eyni zamanda, Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdı.

Pandemiya dövründə Azərbaycan 30 ölkəyə humanitar dəstək verib. Bundan sonra ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə də dəstək göstərilməsi planlaşdırılır.

Konfransda Azərbaycanın iqtisadi inkişafındakı əsas sahələr də diqqətə çatdırılıb. Göstərilib ki, Azərbaycanda texnoloji yeniliklərə əsaslanan fəal sənaye inkişafı ilə əlaqədar yaxşı mütəxəssislərin hazırlanması prosesi davam edir. Eyni zamanda, ölkə iqtisadiyyatının perspektivdəki inkişaf planları da artıq mövcuddur. Belə ki, Azərbaycanda suvarmanın inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımların müəyyən edilməsi planlaşdırılır.

Konfransda ölkənin enerji layihələrinə qoyulan investisiyalardan da danışılmışdır. Vurğulanmışdır ki, ötən dövrlərdə «Azərenerji» ASC mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını minimum 600 meqavat səviyyəsində artıra bilmişdir və bu artırma prosesi indi də  davam edir. Qafqazda ən böyük olan Mingəçevir Su Elektrik Stansiyası tamamilə bərpa edilmişdir, onun daha da təkmilləşdirilməsi üzərində işlər gedir.

Bir sözlə, Prezident İlham Əliyevin  Asiya İnkişaf Bankı ilə reallaşan videokonfransı həm Azərbaycan, həm də bu maliyyə qurumu üçün çox dəyərli bir tədbir oldu. AİB-ə, həmçinin digər nüfuzlu beynəlxalq maliyyə təşkilatlarına bir daha məlum oldu ki, Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşan siyasət bir tərəfdən pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirinin minimumlaşdırılmasına, insanlarımızın sağlamlığının qorunmasına xidmət etdi, digər tərəfdən isə bu siyasət imkan verdi ki, pandemiya dövründə sahibkarlar, muzdlu işçilər, eyni zamanda, işləməyən vətəndaşlarımız dövlət dəstəyindən yararlana bilsinlər.

Asiya İnkişaf Bankının rəhbərliyi də birmənalı şəkildə etiraf etdilər ki, Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan ölkələrdən biridir. Eyni zamanda, dünyanın aparıcı maliyyə qurumlarından olan Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirilməsi kifayət qədər mühüm amildir və təqdirəlayiq haldır. Bank tərəfindən xüsusən Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların qiymətləndirilməsi, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən siyasətin xüsusi vurğulanması ölkəmizdə aparılan islahatlara verilən yüksək beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.

Təbii ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti dövrlərdə də islahatların dərinləşməsi, xüsusən qeyri-neft sektoru ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan növbəti aylarda, xüsusən postpandemiya dövründə əsas iqtisadi artımı qeyri-neft sektoru hesabına formalaşdıra bilsin. Bu da iqtisadiyyatın inklüzivliyi və dayanıqlığı baxımından çox vacibdir.

 Məhz Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda aparılan müzakirələr də göstərdi ki, Azərbaycanda dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu isə növbəti dövrlərdə də iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşdirilmiş islahatların davamlı olacağından xəbər verir.

Elçin Zaman,

«İki sahil»