15 fevral 2020 12:27
1722

Beynəlxalq musiqi müsabiqəsinə qeydiyyat davam edir

Bakıda aprelin 1-dən 5-dək Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına mərkəzi musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçiriləcək “Sunlight Way” beynəlxalq musiqi müsabiqəsinə qeydiyyat davam edir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin əsas məqsədi klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının, musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq yaradıcılıq kollektivlərinin ifaçılıq məharətinin yüksəldilməsi, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.
Müsabiqədə solo və ansambllar iştirak edə bilərlər. Beş yaş qrupu üzrə keçirilən yarışma “Simli alətlər (solo)”, “Nəfəs və zərb alətləri (solo)” nominasiyaları üzrə iki turda, “İnstrumental ansambllar (simli, nəfəs və ya simli və nəfəs alətlərindən ibarət qarışıq)” nominasiyasında isə bir turda olacaq.
Müsabiqədə 5 yaş qrupu üzrə keçirilir: I yaş qrupuna 7-11 yaşarası; II yaş qrupuna 12-15 yaşarası uşaqlar, II yaş qrupuna 16-19 yaşarası yeniyetmə və gənclər, IV yaş qrupuna 20-25 yaşarası gənclər, ansambllar üçün nəzərdə tutulmuş qarışıq yaş qrupunda isə 7-25 yaşarası musiqiçilər iştirak edə bilərlər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq. Qran-Pri qaliblərinə, hər nominasiya üzrə bir nəfər olmaqla 500 manat, birinci yer qaliblərinə isə hər nominasiya üzrə 4 nəfər olmaqla 300 manat pul mükafatının verilməsi nəzərdə tutulub.
Münsiflər tərəfindən seçilən müsabiqə iştirakçıları qala-konsertdə çıxış edəcəklər.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat martın 15-dək davam edir. Daha ətraflı məlumatı “Sunlight Way” beynəlxalq musiqi müsabiqəsinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: http://sunlightway.az/index_az.html