Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində pandemiya ilə bağlı daha vacib məsələlərdən olan beynəlxalq təşkilatların effektivliyinə xüsusi diqqət yönəltmişdir
Ölkə Prezidenti İlham Əliyevin son müsahibələri Azərbaycanın istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərə, eyni zamanda, hazırda qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlərin, bir sıra beynəlxalq və regional təşkilatların adekvat reaksiya göstərə, həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addım ata bilməmələrinə işıq salır. Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində “Bilirsiniz ki, hazırda müzakirə edilən və pandemiya ilə bağlı daha bir məsələ beynəlxalq təşkilatların effektivliyi məsələsidir. Siz Qoşulmama Hərəkatının pandemiyaya həsr edilmiş tarixi Zirvə görüşünün uğurla keçməsindən danışdınız. Lakin indi bəzi siyasətçilər Birləşmiş Millətlər Təşkilatının ünvanına çoxlu tənqidi sözlər söyləyirlər. BMT-nin təsisatı olan Ümumdünya Səhiyyə Təşkilatı ciddi tənqidə məruz qalıb. Azərbaycan əksər beynəlxalq təşkilatların inamlı və fəal iştirakçısıdır. O, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Azərbaycan Müstəqil Dövlətlər Birliyi, ATƏT və digər təşkilatlar sistemində fəal işləyir. Sizin fikrinizcə, əvvələn, beynəlxalq təşkilatların ünvanına bu tənqid nə dərəcədə ədalətlidir, beynəlxalq təşkilatlar bu ümumi bəlaya nə dərəcədə hazır oldular, digər tərəfdən, Siz necə hesab edirsiniz, onların hazır olmaları üçün beynəlxalq təşkilatlarda islahatlar, qarşılıqlı fəaliyyətin hansısa yeni variantları tələb olunurmu? Axı, həmişə nəyisə gözləmək lazım gəlir” sualına cavabı Azərbaycanın bu günə qədər həllini gözlədiyi ikili siyasətə son qoyulması, ədalət meyarının düzgün müəyyənləşdirilməsi, beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni şəkildə tətbiq olunması və sair kimi məsələlərə aydınlıq gətirmiş, dövlətimizin dəyişməz mövqeyi bir daha bəyan edilmişdir. “Bu istiqamətdə əsas amil ayrı-ayrı ölkələrin iradəsidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, beynəlxalq təşkilatlar ölkələrdən ibarətdir və ölkələr bu təşkilatlara nümayəndələrini göndərir, öz mənafelərini bu təşkilatlar çərçivəsində müdafiə edirlər. Bir əsas məqam da diqqətə çatdırılır ki, beynəlxalq təşkilatların rəhbərləri kiminsə xoşuna gələcək, kiminsə xoşuna gəlməyəcək məsul qərarlar qəbul etməli olanda üzləşdikləri çətinlikləri anlamaq lazımdır. Onların diplomatiya məharəti çox cəhətdən bu və ya digər beynəlxalq təşkilatın nüfuzunu müəyyən edir.
Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasının məqsəd və məramı bəllidir. Birincisi, Azərbaycan özünün dünyaya təqdimatını həyata keçirir, ikincisi, beynəlxalq təşkilatlar çərçivəsində öz əlaqələrini qurmaqla və müəyyən istiqamətlər üzrə inkişaf etdirməklə hansı imkanlara malik olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev həmin suala cavabında da bildirir ki, bütün təşkilatlarda məhz ona görə iştirak edirik ki, o təşkilatı gücləndirək, həmçinin bu təşkilatda fəaliyyətimiz çərçivəsində öz milli maraqlarımızı maksimum təmin edək.
Bu gün dünyanı cənginə alan pandemiyaya qarşı mübarizənin özü Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna aydınlıq gətirdi. Ölkəmiz hər zaman olduğu kimi, birləşdirici, barışdırıcı, sabitləşdirici faktor rolunu oynadı. Ən əsası Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Ölkəmiz dünyanı birləşdirir. Əgər ölkələrin sayını götürsək, Qoşulmama Hərəkatında 120, Avropa İttifaqında isə 27 üzv dövlət birləşir. Lakin Azərbaycanın təşəbbüsü ilə hazırda ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü zamanı bu iki beynəlxalq təşkilatın bir araya gəlməsi nəticəsində artıq 147 üzv dövlətin pandemiyaya qarşı bir platformada birləşdiyini demək olar. Beləliklə, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı.
Dövlətimizin başçısı İlham Əliyev həmin suala cavabında bu günün əsas problemi olan beynəlxalq təşkilatların qəbul etdiyi qərarların kağız üzərində qalması məsələsinə də diqqət yönəldir. “Təəssüf ki, beynəlxalq təşkilatlarda sözçülük çox geniş yayılıb, özü də ilbəil bir məruzədən digərinə köçürülən və arxasında heç bir əməli iş dayanmayan şablon sözlər. Həm də, əlbəttə, istənilən beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan və hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə burada bütün ölkələrin maraqlarının nəzərə alınması da vacibdir ki, böyük maliyyə, siyasi və digər resursları olmayan ölkələr özlərini aldadılmış, ikinci dərəcəli üzvlər kimi hiss etməsinlər” bildirən cənab İlham Əliyev vurğulayır ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət mühüm prioritetlərdən biridir: “Əlbəttə, beynəlxalq təşkilatın nüfuzu çox cəhətdən onun qəbul etdiyi qərarların yerinə yetirilməsindən asılıdır. Deməliyəm ki, burada da islahatlar üçün yer çoxdur. Hətta BMT Təhlükəsizlik Şurasının neçə illər bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə yetirilmir və Azərbaycan bunu öz timsalında yəqin edib.”
Azərbaycan dövləti ən yüksək tribu
nalardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı, vahid icra mexanizmi müəyyənləşdirilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır. Otuz ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir və təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilməyib. Qəbul olunan qərar kağız üzərində qaldığı təqdirdə ədalət meyarının qorunmasından, yaxud beynəlxalq hüquq normalarının icrasından danışmağa ehtiyac varmı? Bir halda ki, bu prinsiplər dövlətlərə zamana və məkana, yəni maraqlara görə tətbiq edilir. “Beynəlxalq hüquq hər kəs üçün prioritet olmalıdır və ölkələr onların potensialından, imkanlarından asılı olmayaraq beynəlxalq hüquqa hörmət etməyə borcludurlar” söyləyən ölkə Prezidenti İlham Əliyev həmin müsahibədə bu məqamı da xüsusi açıqlayır ki, amma bəzən beynəlxalq hüququn kobudcasına, nümayişkaranə şəkildə pozulduğunu görəndə sual yaranır: bəs biz nə üçün ona riayət etməliyik? Əgər başqaları onu pozmağı özlərinə rəva görə bilirsə, biz nə üçün poza bilmərik? Mən demirəm ki, biz bu yolla gedirik. Xeyr. Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür. Lakin haqlı olaraq, bu cür suallar yaranır və əlbəttə, onlara birgə cavablar axtarmaq lazımdır.
Göründüyü kimi, hətta dünyanı bürüyən koronavirus pandemiyası dünyanı ikili siyasətindən döndərməkdə acizdir. Bu baxımdan pandemiyanı xüsusi qeyd edirik ki, bu, yalnız bir dövlətin deyil, dünyanın yaşadığı bəladır. Artıq bu çətinlikdən çıxış yolu axtarmaq üçün maraqlardan, bir dövlətin digərinə hansı şəkildə yanaşmasından söhbət gedə bilməz. Daim vurğulandığı kimi, istər bu kimi xəstəliklər, istərsə də hər hansı digər hadisələrdən dövlətlər sığortalı deyil. Bu gün müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan Azərbaycanın mövqeyini dəstəkləmək, onun haqq səsinə səs vermək üçün mütləq hansısa dövlətin bu vəziyyəti yaşaması əsas şərt deyil. Burada əsas olan ədalət meyarı, haqqın müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasıdır. Bu normalar maraqların arxasında əriyirsə, qəbul olunan qərarlar kağız üzərində qalırsa, təbii ki, həmin dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsi ilə daim ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi suallara cavab axtarmışdır.
Reallıq budur ki, dünyanın ikili siyasətinə baxmayaraq, Azərbaycan daha da güclənir, qüdrətlənir, birlik, həmrəylik çağırışlarını ünvanlayaraq bütün dövlətləri bir araya gətirir. Ölkəmizin iqtisadi uğurları, onların fonunda artan hərbi qüdrəti, ən əsası real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatına söykənən diplomatik mübarizədə qələbəsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini daha da yaxınlaşdırır. Problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Azərbaycanın münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qalmaq imkanında deyil. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Azərbaycana dost, qardaş ölkənin, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ probleminin həllində dünyanın ikili siyasəti ilə bağlı bəyanatını bir daha xatırlatmaq istərdik: “Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”
Yeganə Əliyeva, “İki sahil”