02 aprel 2026 17:25
243

Bəzi dağlıq ərazilərdə qar yağacaq

Aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.