Əli Kərimlinin təkcə telefon “zaryadkası” deyil, həm də siyasi “zaryadkası” çoxdan qırmızı yanır
Ötən həftədən başlayaraq sosial şəbəkələrdə qondarma “Milli Şura”nın onlayn iclaslarının görüntüləri yayılmaqdadır. Onlar iqtidara özlərini real alternativ qüvvə kimi sırımaq istəyən şəxslər idi. Lakin videogörüntülər onların fərsizliklərini və saxta vətənpərvərliklərini olduqları kimi göstərdi. Görüntülər təkcə qondarma “Milli Şura”nın siyasi gücsüzlüyünü göstərmədi, həm də onların sadəcə söyüş söyməklə, qeybətlə məşğul olduqlarını aşkara çıxardı.
Bu videoya baxandan sonra çox təəssüf edirsən ki, belələri siyasətlə məşğul olmaq iddiasındadırlar. Təbii ki, söyüş söymək, başqalarını təhqir etmək, qeybətlə məşğul olmaq nəinki siyasətçiyə, ümumilikdə insana yaraşan xarakter deyil. Bu, məsələnin daha çox mənəvi tərəfidir.
Məsələnin siyasi tərəfi üzərində də daha çox dayanılmalıdır. O baxımdan ki, bu qurumda cəmləşənlər guya ciddi siyasətlə məşğul olan, bütün günü hakimiyyəti tənqid edib, onun yerinə gəlmək iddiasına düşmüş şəxslərdir. İllərdir görüntü yaradırlar ki, ciddi proqramlar üzərində işləyiblər və ölkənin gələcəyi ilə bağlı müəyyən yeni baxışlara malikdirlər, hakimiyyətə gəlsələr, indikindən daha yaxşı işlər görəcəklər. Amma elə illərdir ki, bunu necə edəcəklərini sanki sirr saxlayırlar. Reallıqda konkret heç bir ağlabatan proqrama malik olmasalar da müəyyən qədər bu görüntünü yaratmağa çalışırdılar.
Qondarma “Milli Şura”nın iclasından yayılan görüntülər, ilk növbədə, bu sirr pərdəsini qaldırıb. Aydın olub ki, əsas müxalif qüvvə olduqlarını deyənlər öz iclaslarında qeybətlə, dürlü-dürlü söyüşlər söyməklə, həmçinin millətin hansı seriala (Bir millət ki, “Eşkiya dünyaya hökmdar olmaz”a baxır getsin... - Gültəkin Hacıbəyli) baxması kimi “ciddi” işlərlə məşğul imişlər. Eyni zamanda, ölkənin problemlərini müzakirə etmək əvəzinə, sosial şəbəkələrdə fırtına qoparmağın əsdirməyin yollarını axtarırmışlar. Bəli, bunlar çayxana söhbətlərinin onlayn versiyası idi- başqa heç nə!
Söyüşlərin üzərindən keçib görüntülərdəki bir necə məqam üzərində qısaca dayanmaq yerinə düşər. “Milli Şura”nın “başbiləni” Cəmil Həsənli 2025-ci ildə həm prezident, həm də parlament seçkilərinin olacağını deyir. Ancaq bu vaxt sabiq millət vəkili, vaxtilə mövcud hakimiyyətin ən fəal müdafiəçisi olan Gültəkin Hacıbəyli “Siz niyə belə pessimistsiniz? Mən hazırlaşıram, uzaqbaşı sentyabrda hakimiyyətə gəlim”-, deyə etirazını bildirir.
Haqlı olaraq insanlar düşünür: bu söyüşcül, iradəsiz və savadsız bir toplumlamı hakimiyyətə gəlmək istəyirsininz? Bu, artıq dəhşətdir, populistlərin imkanlarından min dəfə irəli hoppana biləcəyinə dair sərsəmləmədir, vəssalam...Özlərinin də dedikləri kimi 100 insanı “Eşkiya dünyaya hökmdar olmaz” serialına baxmaqdan qoparıb öz video çıxışlarına baxmağa məcbur edə bilmirlər. Çünki cəmiyyət artıq onların boşboğazlıqlarından təngə gəlib.
Başqa bir məqam. İclasın müəyyən bir yerində İbrahim İbrahimliyə söz verilir və “deyəsən, yatıb onu qıdıqlamaq lazımdır” deyilir. Çox gülməli və acınacaqlı səhnələrdir. Bəli, mütləq bunları qıdıqlamaq lazımdır ki, yuxudan ayılsınlar, dünyaya açıq gözlə, həm də bir az məsuliyyətlə baxsınlar.
Sonuncu gülməli məqam isə Əli Kərimlinin telefonunun iclasda deyildiyi kimi, “Deyəsən Əli bəyin “zaryadkası” qurtardı” ifadəsidir. Bu, sözün birbaşa mənasında o deməkdir ki, Əli Kərimlinin həqiqətən, siyasi baxımdan “zaryadkası” çoxdan qırmızı göstərir. Bütün siyasi fəaliyyəti nəticəsində ciddi yanlışlara yol verən, populizmdən və siyasi riyakarlıqdan əl çəkməyən Əli Kərimli xeyli tərəfdarlarını itirib. Bu gün AXCP sədri sadəcə bir qrup adamla qeybət etməklə məşğuldur. Onun və qondarma “Milli Şura”dakıların isə iki hədəfi var imiş - sosial şəbəkələlərdə “fırtına” yaratmaq, digər müxalifətçiləri aşağılayıb gözdən salmaq. Həqiqətən, bunu yaxşı bacarırlar...
Bu görüntülər bir daha sübüt etdi ki, qondarma “Milli Şura”da cəmləşənlər bu ağılla, illərdir dəyişməyən düşüncələri ilə siyasətlə məşğul olmaqdan birdəfəlik əl çəkməlidirlər.
Ən sonda danılmaz faktdır ki, “Milli Şura” adlanan qondarma qrup xalqın dəstəyindən məhrumdur. Hər hansı sosial qayğıların, siyasi çətinliklərin çözümü ilə bağlı real heç bir proqrama malik olmayan qurum şər-böhtana, özlərinin də dedikləri kimi, sosial şəbəkələrdə “fırtına” qopartmağa güc veriblər. Axırıncı videogörüntülər isə onların məhvolma prosesi idi və bununla da onlar iflas kəndirini boğazlarına məhz özləri keçirmiş oldular.
Məhz bu videoparçaların yaratdığı skandallar səbəbindən indiyə qədər qondarma “Milli Şura”nın rəhbər heyətindən ikisi - Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər. Lakin onlardan daha ağır təhqirlər səsləndirən və gerçək simaları ifşa olunan Gültəkin Hacıbəyli, Rahim Hacıyev üzr istəmək və istefa vermək haqqında hələlik heç bir açıqlama ilə çıxış etməyiblər.
Bir sözlə, bu videokonfranslar “Milli Şura” adlı qondarma dərnəyin və bu dərnəkdəkilərin cılız hisslərlə yaşadıqlarını, küçə jarqonları ilə danışdıqlarını, ədəb-ərkan normalarını pozduqlarını ortaya qoydu. Əslində qondarma qurum yaranan gündən naqis doğulmuşdu. Videokonfranslar bir daha qondarma “Milli Şura”nın xaricdəki qüvvələrin istifadə etdiyi bir vasitə olduğunu təsdiqlədi. Gültəkin Hacıbəylinin söylədikləri də bunu göstərir. Aydın olur ki, onlar hazırda Qərbin tələbini yerinə yetirmək üçün çalışırlar. Videokonfranslarla qondarma “Milli Şura”dakılar özlərini ifşa etdilər. Ona görə də bu dərnəkdən istefalar davam edəcək.
Yeri gəlmişkən, bu biabırçılıqdan özünü sığortalamaq üçün Rüstəm İbrahimbəyov da bəyan etdi ki, artıq 4 ildir ki, qondarma “Milli Şura” ilə əlaqəsi yoxdur, yalnız Cəmil Həsənli ilə əlaqəsi var, o da ABŞ-da yaşayır. Əslində fəxri üzv kimi qaldığını desə də, bu münasibəti və siyasətlə məşğul olmadığını, uzun müddətdir yaradıcılıqla məşğul olduğunu bəyan etməklə Rüstəm İbrahimbəyov da bir növ qondarma “Milli Şura”dan imtina etmiş oldu.
Bütün bunlar qondarma “Milli Şura”nın tam fiaskosudur. Sosial bazası çox daralmış, etimadını itirmiş, cılız populist iddialarla çıxış edən, mənəvi dəyərlərə sayğısız yanaşan insanların bir araya gəldikləri bu dərnək bu videokonfranslarla özünün labüd sonluğuna çatdı. Necə deyərlər, şikəst doğulmuş qondarma qurum artıq ölüm ayağındadır.
Elçin Zaman, “İki sahil”