24 yanvar 2020 21:09
773

Bir əli SOROS-un cibində olan Əli Kərimli

AXCP sədri Əli Kərimlinin simasında  formalaşan “beşinci kolon”un  alternativ adı  ölkə daxilində  qarışıqlıq salmaqla məşğul olan agentura şəbəkəsidir.  Azərbaycana qarşı təxribatları ilə  öndə gedən  “beşinci kolon”” birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, qruplar, təşkilatlar və hərəkatlardır. Mühüm  beynəlxalq tədbirlər, siyasi kampaniyalar ərəfəsində    siyasətdən bixəbər gəncləri tora salmaqla, onlardan öz məqsədləri naminə  alət kimi istifadə edən Əli Kərimli kimi   xəyanətkarlar  “beşinci kolon”u” müasir şəraitə uyğunlaşdıraraq yenidən formalaşdırırlar. Müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatları, “beyin mərkəzləri” və  heç bir səlahiyyətləri olmayan QHT-lər  öz həqiqi məqsədlərini pərdələyərək,  guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin  yayılması üçün fəaliyyət göstərdiklərini nümayiş etdirərək  bütün dünyada  filiallarını, şəbəkələrini yaradırlar.  AXCP sədri Əli Kərimlinin himayəsində olan, yeni tipli “beşinci kolon”” rolunda çıxış edənlər də belə  qaragüruhçu təşkilatların əlaltıları, dəmtutanlarıdırlar.  Bu təşkilatların əksəriyyəti Qərb dövlətlərinin,  xüsusi xidmət orqanlarının  formalaşdırdıqları müxtəlif fondlar vasitəsilə çox böyük məbləğdə maliyyə dəstəyi alır.

“Sərhədsiz Reportyorlar”, “ Human Rights  Watch” kimi təşkilatlar guya Azərbaycanda insan hüquqlarının pozulmasından narahat olaraq yenə  də Əli Kərimli, Gültəkin Hacıbəyli,  Müsavat başqanı Arif Hacılı kimilərinin  saxta  informasiyalarından “bəhrələnərək” ölkəmiz haqqında  reallığı əks etdirməyən  hesabatlar yayıblar.

Bu, da təbiidir. İllərdən bəridir ki,  Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən narahat olan, regionda liderlik  mövqeyini qoruyan ölkəmizə artan marağa qısqanclıqla yanaşan həmin təşkilatlar yenə də fəallaşıblar.

İstənilən ölkədə  qarışıqlıq yaratmaqla təhdid mənbəyinə çevrilən bu təşkilatların “fəaliyyəti” istəklərini  “demokratiya proqramları” adı altında  “ həyata keçirməkdir. Qərb dövlətləri tərəfindən maliyyələşən, ikili standartlar siyasəti yürüdən,  “insan hüquqlarının qorunması” amilindən hökumətlərə təzyiq aləti kimi istifadə etməklə, dünyanın əksər ölkələrinin daxili işlərinə qarışan  səlahiyyətsiz  təşkilatların illərdən bəri tətbiq etdikləri praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə qazanmaq üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşmasının əsasını da belə məkli siyasət, ikili standartlar  təşkil edir.

Bunun üçün də  hədəfə aldıqları ölkələrdə  özlərinə məxsus qruplar, agent şəbəkəsi formalaşdırırlar. Əli Kərimli və trolları artıq bu təşkilatların muzdlu nökərlərinə çevriliblər.

9 fevralda keçiriləcək Milli Məclisə seçkilərlə bağlı  demokratiyadan kənar təbliğat apararaq, beynəlxalq təşkilatlarda  ölkəmizlə  bağlı mənfi imic formalaşdırmağa çalışan Əli Kərimli şəbəkəsi, “Milli  Şura”nın millilikdən kənar çetesi yenə  məkrli maskalarına bürünüblər.

Seçkilərə hazırlığın ilk  günlərindən “boykot” deyə  haray-həşir salan AXCP sədrindən fərqli olaraq düşərgədə az-çox tanınan partiyalar  Milli Məclisə seçkilərdə iştirakla bağlı qərar qəbul etdilər. 20-yə yaxın partiyanın irəli sürdüyü namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındı.  Siyasi mövqeyindən asılı olmayaraq düşərgəni təmsil edən namizədlər də nəzərdə tutulan  qaydalara uyğun təbliğatlarını demokratik, azad, müstəqil şəkildə  davam etdirir, seçiciləri ilə görüşlər keçirirlər.

Əli Kərimlinin xəyanətlərinə, araqarışdırma  xislətinə  bələd olan düşərgə təmsilçiləri belə etiraf edirlər ki, xarici havadarlarının göstərişlərinə uyğun  “ müxaliflik” edən Əli Kərimlinin yeganə məqsədi  qrant toplamaq,  qazandıqlarını fərdi qaydada  mənimsəməkdir. Buna görə də ətrafı  getdikcə seyrələn,  sosial bazası “əriyən” Əli Kərimli hazırda  söyüş şəbəkəsi kimi saxladığı trollarının ümidinə qalıb.

Ölkəmizdə yüksək əhval-rühiyyə ilə davam edən təbliğat kampaniyası “seçkilərin baş tutmayacağı” xəyallarına qapılan Əli Kərimlinin bu proqnozunu boykot etdi. Namizədlərin seçicilərlə görüşlərinin  mütəşəkkilliklə davam etməsi “Milli Şura” satqınlarını, sabun köpüyü təsəvvürü yaradan  sözləri ilə  insanlarda səhv fikir formalaşdırmağa çalışan AXCP sədrini xəyal qırıqlığına  uğradıb.

Prezident İlham Əliyevin ölkəmizdə  inkişafda olan  və reallığı əks etdirən “Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir” sözləri müqabilində  Əli Kərimlinin yalançı demokratikliyi kölgədə qalır.

Bu həmin Əli  Kərimlidir ki,  bir əli SOROS-un cibində, digəri  daha çox bağlı olduğu erməni lobbisinin, ermənipərəst təşkilatların, radikal dini qrupların ətəyindədir. 20 Yanvar hadisələrində belə ortada görünməyən, səsi eşidilməyən Əli Kərimli kimi digərləri də  fitva verdikləri və dəstək göstərdikləri  dövlət çevrilişlərinə cəhdlər  zamanı da qeyb olaraq  hadisələri  kənardan izlədilər.  Yenə də  ölkədə qarışıqlıq salmaq niyyətində olan “islahatçı sədr”in arzusu  elə ürəyində qalacaq. Formalaşdırdığı xəyanət  öz daxilini parçalayacaq.

Sonda Əli Kərimliyə bir xatırlatma: “Kim özündən çox bilənlə  mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.”

Xuraman İsmayılqızı, “İki sahil”