21 may 2020 10:48
1190

Biz birlikdə qalib gələcəyik!

Azərbaycan gəncləri pandemiya ilə mübarizənin ön xəttində

Dünya ölkələri bütün səylərini qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün deyil. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm qabaqlayıcı və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Operativ Qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirildi, ölkədə 18 laboratoriyanın fəaliyyəti təmin edildi, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Dövlət başçısının təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verildi, martın sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq üçün qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanıldı. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alındı, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olundu.

Prezident İlham Əliyev mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı verdiyi müsahibəsində bununla bağlı deyib: “Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir.”

Qeyd edək ki, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi dünyanı ağuşuna alan qlobal pandemiya böhranı ilə eyni dövrə təsadüf etdi. Bütün sahələrdə fəal mövqedən çıxış edən Azərbaycan gəncləri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgələrdə yer aldılar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə bağlı çağırışlarına ilk qoşulanların sırasında gənclərimiz çoxluq təşkil etdi. Dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə gənclər fəallıqları ilə seçildilər. Belə ki, dövlətimizin çağırışlarına töhfə vermək, yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Tezliklə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin çətiri altında “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar birləşdi. Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Sevinc Azadi, “İki sahil”