yaxud “Kimdir günahkar?” suallarına birlikdə cavab axtaraq
Yaşadığımız XXI yüzilliyin texnologiyalar əsri adlandırılması təsadüfi deyil. Çünki müasir dövrümüzdə məişətimizdə, hətta mətbəximizdə istifadə etdiyimiz məişət avadanlıqları da daxil olmaqla, ən müasir texnologiyalardan yararlanmaqla gündəlik həyat tərzimizi asanlaşdırır, bilik potensialımızı təkmilləşdiririk. İnformasiya texnologiyaları üzrə tanınmış mütəxəssislərin, yeni layihələrin hazırlanmasında iştirak edən ixtiraçıların hazırladıqları proqramlar əsasında yaxın “həmsöhbətimiz” olan, operativ informasiyalarla, elm sahəsində qazanılan yeni ixtiralarla şəbəkə abunəçilərini tanış edən, “beyin mərkəzləri”nin araşdırmaları ilə məlumat bazamızı zənginləşdirən, uzaqları yaxınlaşdıran sosial şəbəkələr müasir texnologiyalar arasında başqa “həmkarlarını” demək olar ki, tam üstələyib. Bütün insanlar çalışdıqları sahələrdə, asudə vaxlarında lazımi məlumatı öyrənmək, günün hadisələri ilə tanış olmaq üçün sosial şəbəkələrə müraciət edir, dünyada , ölkədə baş verənlərdən xəbərdar olurlar. Bir sözlə, elm adamlarının, tələbələrin, tarixçilərin ən çətin məqamlarında belə “dadına çatan” sosial şəbəkələrin varlığı işlərimizi xeyli asanlaşdırıb.
Son illərin yeniliklərindən olan facebook, instaqram, tvitter kimi proqramların populyarlaşması, daha çox sosial şəbəkə abunəçilərini cəlb etməsi insanların şəxsi və iş həyatına yenilik gətirib. Bu söylənilənləri isə sosial şəbəkələrin müsbət tərəfi kimi qiymətləndirmək olar. Amma əsas məsələ sosial şəbəkələrdən, saytlardan hansı məqsədlər, maraqlar naminə istifadədir.
Sosial şəbəkə istifadəçilərinin maraq dairəsi, hadisələrə yanaşma tərzi , təhliletmə bacarığı , baxış səviyyəsi fərqli və müxtəlif olsa da, informasiyalar bütün təbəqələr üçün nəzərdə tutulur. Hər kəs özünün marağına uyğun informasiyalara meyil etməklə, başqalarına da nəzər yetirir. Bu baxımdan məlumatlar yerləşdirilərkən milli mentaliteti, vətəndaşlıq məsuliyyətini, ictimai rəyə, xüsusilə gənclərin tərbiyəsinə təsir amilləri də unudulmamalıdır. Biri-birini əvəz edən hadisələrin bolluğu şəraitində sosial şəbəkə istifadəçilərinin yaşları, fərqli təbəqələrə məxsusluqları, dəyərləndirmə əmsalındakı fərqli baxışları da nəzərə alınmalıdır. Yayılan bəzi informasiyaların həqiqətə uyğun olmaması, sosial şəbəkələrin ayrı-ayrı şəxslər arasında “rəqabət tribunası”na, “söz savaşı”na çevrilməsi əhali arasında narazılıqla qarşılanır. Milli-mənəvi dəyərlərimizə uyğun olmayan, tək-tək hallarda təsadüf olunan bəzi kriminal, əxlaqımıza zidd hadisələrin ictimailəşdirilməsi cəmiyyət tərəfindən razılıqla qarşılanmır, xoş təsir bağışlamır.
Bu gün də maraqla izlənilən məktəbli Elina ilə bağlı hadisə uzun müddət saytlarda “ məskunlaşmaqla” bütün cəmiyyətin, məktəb yaşlı övladları olan valideynlərin, şagirdlərin psixologiyasına, müəllim adının müqəddəsliyinə mənfi təsir göstərdi. Diqqətsizlik üzündən gənc bir qızın həyatı məhv oldu. Halbuki saytlarda gənc nəslin təlim-tərbiyəsi, kollektivçilik, biri-birinə hörmət göstərmək, etik davranış qaydaları barədə mütəxəssis rəylərinin yerləşdirilməsi ilə bu cür bədbəxt hadisələrin qarşısı alına bilər. Söz məktəbdən düşmüşkən bir məqamı da yada salaq. Saytlarda hər gün “təzələnən”, azyaşlılara qarşı “yetkinlərin” (daha doğrusu manyakların) əxlaqsız hərəkətləri ilə bağlı informasiyaların “zənginləşməsi” xoşagələn hal deyil. Əksinə, bu cür hallara qarşı mübarizələrdə hüquq mühafizə orqanlarına yaxından kömək göstərmək, ictimai qınağı, cəza tədbirlərini də gücləndirmək lazımdır.
Sosial şəbəkələrdə tanınmış sənət adamlarının həmkarları haqqında etikadan kənar ifadələr işlətmələri, şəxsi həyatları barədə başqalarını maraqlandırmayan, özünəvurğunluq görüntüsü yaradan jarqonlar, şəxsiyyəti alçaldan ifadələr işlətmələri, xoş təsir bağışlamayan fotolar yerləşdirmələri yetkinlik yaşına çatmayan gənclərimizin, xüsusilə qızlarımızın yaşlı nəslin tövsiyəsi olan “milli ruhda böyümək” tövsiyələrinə kölgə salır. Çünki heç kəs kiminsə üzr istəyirik, hamamda çəkilmiş şəklinə və yaxud açıq-saçıq görüntüsünə baxmaq məcburiyyətində deyil. Sual olunur? Bəzi şəxslərin öz həyatlarına aid görüntülərini, var-dövlətlərini, dəbdəbəli həyatlarını, qiymətli, son model maşınlarını, gəzdiyi xarici ölkələri, dünyaca məşhur məkanlarda, hotellərdə keçirdikləri istirahətlərini virtuallaşdıraraq seriallarla saytlarda yerləşdirmələrinin anlamı nədir? Axı, müsəlman olan hər kəs bilməlidir ki, özünü başqalarından üstün tutmaq Allah məqamında da qəbulolunmazdır.
Azərbaycan xalqının milli- mənəvi dəyərlərindən ən başlıcası övladın valideyninə, yaşlı nəslə hörmətlə yanaşması, etik normalara əməl etməsidir. Ancaq sosial şəbəkələrdə ata - ana- övlad-bacı-qardaş arasında baş verən xoşagəlməz hadisələr barədə informasiyaların kütləviləşdirilməsi, eyni məlumatın başqa saytlarda da yerləşdirilməsi mənəvi dəyərlərimizə xələl gətirir. Azərbaycan xalqı üçün dəyərli olan ailə müqəddəsliyinə ləkə salır. Çünki ailə münaqişəsi zəminində yaranan kriminal hadisələr, ölümlə nəticələnən cinayətlər tək-tək hallarda baş verdiyi üçün bu cür neqativ halları gündəmə çıxarıb ictimailəşdirmək olmaz. Çünki əvvəldə qeyd olunduğu kimi, uzaqları yaxın edən sosial şəbəkələr vasitəsilə ölkəmizlə maraqlanan, mənfi emosiya yaradan məlumatları oxuyan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında mənfi rəydə olması bizə uğur gətirmir. Ermənistanın Azərbaycan haqqında şər-böhtan maşınını dayandırmadığı bir zamanda “düşmənin çörəyinə yağ sürülməsi” təsəvvürünü yaradan belə “səhv”lərə yol verilməsi dövlətçilik maraqlarının qorunması baxımından da təhlükəlidir.
Çox vaxt hüquq mühafizə orqanlarının işinə müdaxilə görüntüsü yaradan, kriminal hadisələrin təhqiqatına əngəl törədən “öncəgörmələrin” saytlarda yer alması hadisənin əsl vəziyyəti barədə yanlışlıqlara səbəb olur. Bütün hallarda informasiya təhlükəsizliyi ilə bağlı qanunun tələbləri pozulur. Elə sosial şəbəkələrdə yer alan, yalan informasiyalar əsasında dağılan ailələrin səbəbi də saytlardır.
Az-az rast gəlinsə də, hələ də həyatda olan adamların vəfatı ilə bağlı yalan məlumatların saytlarda yerləşdirilməsi də xoş təsir bağışlamır. Bu cür yalan, qəfil informasiyaların ilk növbədə həmin şəxsin, onun yaxınlarının psixologiyasına necə təsir etdiyini fikirləşmək belə üzücüdür. İnformasiyanın yerləşdirilməsindən az sonra “ölən” şəxsin “hələ həyatdayam” təkzibi insanlara yaşadan ağrı-acını xəfiflətmir.
Ali Qanunumuz olan milli Konstitusiyamızda da qeyd olunur ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən olunmuş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına, digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Son günlərin əsas müzakirə mövzusu olan 10 yaşlı Nərminlə bağlı informasiyalar hər kəsdə şok yaratdı. Əvvəla onu qeyd edək ki, özünü insan hesab edən canavar xislətli yaratıq bu cür qəddarlığa, vəhşiliyə yol verə bilməz. Xəbərlərdə də qeyd olunduğu kimi, ruhən xəstə olan bir nəfərin törətdiyi insanlıqdan kənar hadisə ilə bağlı həqiqəti əks etdirməyən ilkin açıqlamaların saytlarda yerləşdirilməsi, sonradan başqa iddiaların ortaya çıxması ictimai fikri çaşdırır, hüquq mühafizə orqanlarının əməliyyat-axtarış tədbirlərinə əngəl törədir, mərhumun ailəsində fikir yanlışlıqlarına səbəb olur. Buna görə də yoxlanılmamış informasiyaların sosial şəbəkələrdə yerləşdirilməsi yolverilməzdir.
İkrah doğuran başqa bir informasiyanı xatırladaq. Bəllidir ki, istər yazılı, istər vizual mətbuat cəmiyyətdə maarifləndirici rola malikdir. Amma “oğul saxladığı itini döydüyü üçün atasını qətlə yetirdi”, yaxud “ pensiyasını oğluna verməyən ana övladı tərəfindən döyüldü” kimi informasiyaların saytlarda yerləşirilməsi ilə nəyin təbliğ olunması bəlli deyil. Buna görə də milli mentalitetimizə, mənəvi dəyərlərimizə xələl gətirəcək hadisələrin qarşısını almaq bütün vətəndaşların borcudur. Oxucunu cəlb etmək naminə, uyğun oldu- olmadı yoxlanılmamış informasiyaların saytlarda yerləşdirilməsi isə vəzifə və mənəvi məsuliyyətimizdir.
Xuraman İsmayılqızı, “İki sahil”