26 noyabr 2020 21:05
2234

Bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın

Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bəzi Qərb dairələrinin işğaldan azad edilmiş ərazilərimizdəki məscidlərin dağıdılmasından, təhqir olunmasından  niyə narahatlıq keçirmədiklərini sual edib

 

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 9 bənddən ibarət  10 noyabr üçtərəfli Bəyanatında Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər,  Ağdam və Laçın  rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Artıq Kəlbəcər və Ağdam öz tarixi sahiblərinə qayıdıb, dekabrın 1-də isə Laçının işğaldan azad edilməsi sevincini yaşayacağıq.

44 günlük müharibə, eyni zamanda, 10 noyabr tarixi Qələbəmiz dünyada yaşananların aydın mənzərəsini ortaya qoydu. Bu baxımdan ki, Azərbaycana münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü diktə etməyə çalışan dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların reallıqda Ermənistana əlavə  vaxt qazandırmaq, öz maraqlarını yerinə yetirmək üçün bu cəhdləri etdikləri açıqlandı, həmçinin ədalət meyarına necə əməl edildiyi onların timsalında aydın göründü. Yenə də bütün diqqətlərin yönəldiyi, əsassız iradların söyləndiyi ünvan Azərbaycan, başına sığal çəkilən, beynəlxalq hüququn yoxluğunu xarici televiziya kanallarına müsahibələrində açıq-aşkar bəyan edib, amma heç bir təzyiqlə üzləşməyən Ermənistandır. 44 günlük müharibə bu mənzərəni tamamilə dəyişdi. Azərbaycanın qalib, Ermənistanın məğlub olmuş tərəf kimi diqqətdə olması həm işğalçı dövlətə, həm də 30 ilə yaxın müddətdə ona havadarlıq edib törətdiyi təxribatlara, terror aktlarına, vandalizmə göz yummaqla onunla şərik olduğunu nümayiş etdirən dövlətlərə bu mesajı ünvanladı ki, yalan üzərində qurulan, saxtalaşdırılan  deyil, ədalətə, haqqa, faktlara, reallığa, ən əsası beynəlxalq hüququn prinsiplərinə əsaslanan tarixə sahib olan dövlət, xalq  qalib olur. Dövlətimizin başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd edir ki,  44 gün ərzində bütün dünya gördü ki, heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz.  Müharibənin ilk günlərində şərt qoymaq, hədələmək, şərləmək istəyən ölkələr, bəzi Qərb dövlətlərinin  nümayəndələri sərt cavabını  aldılar: “Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz.”  

Müharibə başa çatandan sonra bəzi Qərb dövlətlərinin narahatlıqları da onların kimliyini, Azərbaycanın imicinə zərbə vurmaq istəklərini ortaya qoydu. Belə ki,  bəzi Qərb liderləri belə bir məsələni gündəmə gətirirlər ki,  bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədlərinin taleyi necə olacaq? Dövlətimizin başçısı İlham Əliyev bugünlərdə Ağdam şəhərinə səfəri zamanı Ağdam məscidinin qarşısındakı axışında, həmçinin noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələlərə diqqət yönəldərək bildirmişdir ki,
heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri.  Hansı ki, onlar  islamofob hissləri alovlandırır, İslam müqəddəslərinin təhqirlərinə göz yumur, hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Bu baxımdan onların bu barədə danışmağa  haqları yoxdur. Digər  tərəfdən isə, dünya Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən dövlət olduğunu, kecirilən tədbirlərdə ölkəmizin ünvanına necə xoş, reallığı özündə əks etdirən fikirləri səsləndirdiklərini görür. Azərbaycanın  ərazisində olan bütün məbədlər tarixi sərvətimizdir.

Bu reallıq hər kəsə məlumdur ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin beynəlxalq əhəmiyyətli belə tədbirlərə ev sahibliyi etməsi təbii ki, bütün sahələrdə əldə etdiyi uğurlara, təcrübəyə əsaslanır. Azərbaycanda  Bakı Humanitar,  Mədəniyyətlərarası Dialoq forumları,  dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında geniş bəhs edib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Həmçinin 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bunlar sadəcə tədbir deyil, eyni zamanda, dünyaya birlik, həmrəylik, sülh, əməkdaşlıq mesajlarıdır.

“Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,   bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Hazırda cənab İlham Əliyevin göstərişi əsasında  iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. Dövlətimizin başçısı Ağdam məscidi qarşısındakı nitqində bu məqamlara da diqqət yönəltmişdir ki,  müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib.  Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Amma  vəhşi düşmən  məscidlərimizdə inək, donuz saxlayıb. Bunu təsdiqləyən videogörüntülər var.

Sual olunur, bu gün işğaldan azad edilmiş ərazilərimizdə xristian məbədlərinin taleyindən narahatlıq keçirən dövlətlər  hələ bilərəkdən ki, Azərbaycan onları milli sərvəti kimi qoruyur, mühafizə edir, bəs ermənilərin məscidlərimizdə donuz saxlamalarına göz yumur? Bu, Azərbaycan xalqına, islam dininə, ən əsası  demokratik dəyərlərə hörmətsizlik deyilmi? Dünyamın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ədalət meyarını, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etmələrinin nəticəsidir ki, özlərinə qarşı inamsızlıq yaradır, dünyanın hüquq problemi yaşadığı barədə fikirlər formalaşdırırlar. Amma dövlətimizin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə ədalət, haqq, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu təsdiqlədi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi ki, bu da dünyaya ciddi mesaj oldu.

Azərbaycanın reallıqlarından biri budur ki, dini dözümlülük və tolerantlıq   milli kimliyimizin ayrılmaz hissəsidir. Ölkəmizdə müxtəlif  millətlərin,  dinlərin nümayəndələri  tarixən dostluq və qardaşlıq şəraitində yaşayıblar. Regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslam dinində tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Ölkəmizdə  bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Bir sözlə,  mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik, dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən  siyasətimizin  məntiqi nəticəsidir.

Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz nitqində ermənilərin məscidlərimizi təhqir etmələrini önə çəkərək bu məsələni də xüsusi qeyd etmişdir ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində   olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər.  Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək, inək, donuz saxlamaq,  dağıtmaq olar: “Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.”

Cənab İlham Əliyev hər zaman çıxışlarında bu məqamı da bildirir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Bu kontekstdən yanaşsaq,  mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlığın  Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilməsi dövlət siyasətimizin əsasıdır və hansısa dövlətin, təşkilatın  diktəsi əsasında həyata keçirilmir.  Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla yanaşı, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir. Müasir dünyada baş verən müharibələrin mahiyyətinə  nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Bu mübarizələr o həddə gəlib çatmışdır ki, bəzən eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalara səbəb olur. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın onlarla  ölkəsində milyonlarla  insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə özünü təsdiqləyir.  Bu gün istəsələr də, istəməsələr də xalqlar bir-birinin varlığını qəbul etməli,  hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Bircə faktı qeyd etmək kifayətdir ki, Ermənistanın 30 ilə yaxın müddətdə  20 faiz torpaqlarımızı işğal altında, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətində saxlamasına baxmayaraq erməni kilsəsinin  Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir.  Bir sözlə, Azərbaycanda olan dinlərarası əlaqələr tolerantlığın əhatəsində, əsrlərdən bəri formalaşan köklü bir ənənə, qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur.

Noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin cənab   İlham Əliyevə telefon zəngində də  üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycana  qaytarılan rayonlarda xristian məbədləri və monastırlarının  yerləşdiyi, bununla əlaqədar  həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulamasına cavab olaraq dövlətimizin başçısı bildirmişdir ki,  Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur. Prezident İlham Əliyev bildirib ki, üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

Göründüyü kimi, Azərbaycan atdığı hər bir addımı ilə dünyaya nümunədir. Ölkəmizə hansı sahədən diqqət yetirsək böyük inkişafın, təkmil təcrübənin şahidi olarıq. Kompleks tədbirlər  dayanıqlı inkişafı təmin edir, yeni-yeni hədəflərə yol açır. Azərbaycan yerləşdiyi coğrafi məkana uyğun olaraq  müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında birləşdirici, barışdırıcı missiyanı yerinə yetirir. Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bir daha narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələrinə  dağılmış məscidlərimizə, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə baxmağa çağırış etdi: “O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.”

Yeganə Əliyeva, “İki sahil”