16 yanvar 2020 17:17
131

BMT ilə yüksək səviyyəli milli məsləhətləşmə tədbiri keçirilib

Yanvarın 16-da BMT-nin “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin (UNSDCF) hazırlanması məqsədilə yüksək səviyyəli milli məsləhətləşmə seminarı keçirilib.

"İki sahil" xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət rəsmiləri ilə yanaşı, BMT-nin rezident və qeyri-rezident qurumlarının, həmçinin özəl sektorun, elmi təşkilatların  və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində gördüyü işlər barədə məlumat verib, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını, UNSDCF-in ikitərəfli əməkdaşlıqda önəmli olacağını vurğulayıb. Bildirilib ki, görülmüş işlərin nəticəsi olaraq, Azərbaycan regionda ilk ölkə olaraq 2017 və 2019-cu illərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində iki Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edib.

Azərbaycanla BMT arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai DİM-lərə nail olmaq üçün tərəfdaşlığın yeni beşillik sənəd çərçivəsində də davam edəcəyinə əminliyini vurğulayıb. Qulam İshaqzai tədbir iştirakçılarına yeni çərçivə sənədi və BMT-nin inkişaf sistemində aparılan islahatlar haqqında ətraflı məlumat verib. BMT-nin rezident əlaqələndiricisi hökumətlərlə yanaşı, özəl sektor və vətəndaş cəmiyyətinin də 2030-cu il Gündəliyinin icrasında fəallığının vacibliyini qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və BMT arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini, ölkəmizin BMT-nin inkişafla bağlı qlobal təşəbbüslərində fəal iştirak etdiyini, bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdırıb. Ölkəmizin qazandığı iqtisadi uğurlar digər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi mükafatına layiq görülüb. Bildirilib ki, Azərbaycan BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsinin davamı olaraq, BMT tərəfindən 2016–2030-cu illər üçün təsdiqlənmiş yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sazişinə qoşulub. İqtisadiyyat naziri “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” barədə məlumat verərək, bu sənədin “heç kimin kənarda qalmaması”, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanacağını vurğulayıb, orta və uzunmüddətli inkişaf perspektivlərinə uyğun olaraq, Azərbaycan və BMT arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetləri üzrə fikirlərini bölüşüb.

BMT-Azərbaycan Əməkdaşlığının 2030 Gündəliyinə nail olmaqda əlavə etdiyi dəyərlər üzrə keçirilən panel müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, UNSDCF-in Planlama Prosesi üzrə məsləhətçisi Peter Middlebrook və digərləri DİM-lərə nail olunması üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, sosial və ekoloji perspektivdə Azərbaycan üçün prioritet kimi müəyyənləşdirilmiş məqsəd, hədəf və göstəricilərin inkişaf gündəliyinə tam inteqrasiya edilməsi məqsədilə görülən işlər barədə məlumat verib, BMT-Azərbaycan Tərəfdaşlıq üzrə yeni Çərçivə Sənədinin aparılan sürətli islahatlara  töhfə verəcəyini vurğulayıblar.

Tədbir Azərbaycan-BMT əməkdaşlığı çərçivəsində görüləcək işlər, inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, ilkin UNDSDCF-in nəticələri və digər mövzular üzrə sessiyalarla davam edir.