15 iyul 2026 18:35
204

BMT-nin gələcəyi ƏDALƏTLİ TƏMSİLÇİLİKDƏN KEÇİR

Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi mesajlar Birləşmiş Millətlər Təşkilatında islahatların təkcə struktur dəyişikliyi deyil, beynəlxalq ədalət və effektiv qərarvermə baxımından da zəruri olduğunu göstərdi

Prezident İlham Əliyevin iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də uzun illərdir beynəlxalq gündəmdə olan BMT islahatları məsələsinə rəsmi Bakının yanaşmasını bir daha ortaya qoydu. Dövlət başçısının Birləşmiş Millətlər Təşkilatının, xüsusilə bu qurumun Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı mesajları göstərdi ki, mövcud beynəlxalq idarəetmə modeli dəyişən geosiyasi reallıqlarla tam uzlaşmır.

Prezident İlham Əliyev bildirdi ki, BMT-də islahatlar məsələsi uzun illərdir gündəmdə olsa da, real nəticə yoxdur. Bu isə problemin mövcudluğunun qəbul edilməsinə baxmayaraq, onun həlli istiqamətində yetərli irəliləyişin əldə olunmadığını göstərir. Nəticədə təşkilatın effektivliyi və nüfuzu ilə bağlı müzakirələr daha da aktuallaşır.

Azərbaycan inklüziv təmsilçilik modelini təklif edir

Azərbaycanın yanaşması yalnız mövcud vəziyyətin tənqidi ilə məhdudlaşmır. Rəsmi Bakı uzun müddətdir BMT-də islahatlarla bağlı konkret təkliflər irəli sürür. Prezident İlham Əliyev Forumda bir daha xatırlatdı ki, Azərbaycanın mövqeyi Qoşulmama Hərəkatına sədrliyi dövründə açıq şəkildə təqdim olunub: "Qoşulmama Hərəkatına sədrliyimiz dövründə biz Təhlükəsizlik Şurasında islahatlarla bağlı öz təklifimizi irəli sürmüşük. Çünki hesab edirik ki, bu islahat inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır".

Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Təhlükəsizlik Şurası bugünkü dünyanın siyasi müxtəlifliyini daha dolğun şəkildə əks etdirməlidir. Hazırkı modeldə veto hüququna malik beş daimi üzvün üstün mövqeyi uzun illərdir müzakirə olunur. Bir çox hallarda bu mexanizm beynəlxalq böhranlarla bağlı qərarların qəbulunu çətinləşdirib və humanitar böhranlara operativ reaksiyanı məhdudlaşdırıb.

Rotasiya prinsipi daha geniş təmsilçiliyə hesablanıb

Azərbaycanın təklif etdiyi model daha geniş və ədalətli təmsilçiliyi nəzərdə tutur. Prezident İlham Əliyev bunu belə ifadə etdi: "Bizim təklifimiz bundan ibarət idi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin və məsələn, Hərəkata hazırda sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi Təhlükəsizlik Şurasında təmsil olunsun. Eyni qaydada bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda İttifaqa sədrlik edən ölkə həmin yeri tutmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli tarazlıq yaradardı".

Bu yanaşma ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq təşkilatların qərarvermə prosesində daha fəal iştirakını nəzərdə tutur. Belə model Qlobal Cənub ölkələrinin səsinin daha aydın eşidilməsinə və regional balansın gücləndirilməsinə xidmət edə bilər.

Əsas məsələ obyektiv meyarların müəyyənləşdirilməsidir

Prezident İlham Əliyev, eyni zamanda, islahatların hansı prinsiplər əsasında aparılmasının vacibliyinə də toxundu. Çünki hazırda bir sıra ölkələr Təhlükəsizlik Şurasında daimi təmsilçilik iddiası irəli sürürlər. Belə şəraitdə obyektiv meyarların müəyyənləşdirilməsi əsas məsələlərdən biri kimi çıxış edir.

Dövlət başçısı bu barədə dedi: "Biz bilirik ki, bəzi ölkələr Təhlükəsizlik Şurasına üzv olmaq istəyirlər. Lakin əgər nə vaxtsa islahat həyata keçirilərsə, onda nə üçün digərinin deyil, məhz bu ölkənin üzv seçilməli olduğunu müəyyən edən meyarların tapılması olduqca çətin olacaq. Nə əhalinin sayı, nə də iqtisadi potensial belə meyar ola bilməz. Ona görə də bizim təklifimiz, ilk növbədə, inklüzivlik prinsipinə əsaslanır. Bu, rotasiya prinsipi ilə həyata keçirilə bilər. Necə ki, hazırda Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti rotasiya prinsipi əsasında seçilir. Lakin bu halda həmin yer veto hüququna malik olmalıdır".

Bu fikir göstərir ki, islahatların məqsədi təkcə struktur dəyişikliyi deyil, bütün tərəflər üçün qəbul edilə biləcək ədalətli prinsiplərin formalaşdırılmasıdır.

BMT-də islahatlarla bağlı müzakirələr genişlənir

Bu gün BMT-də islahatlarla bağlı müxtəlif təkliflər müzakirə olunur. Afrika İttifaqı qitə üçün ən azı iki daimi yer tələb edir, Almaniya, Yaponiya, Hindistan və Braziliya isə daimi üzvlük iddiasını irəli sürür. Bununla yanaşı, veto hüququnun məhdudlaşdırılması, Baş Assambleyanın qərarlarının icra mexanizmlərinin gücləndirilməsi, preventiv diplomatiyanın inkişafı, eləcə də kibertəhlükəsizlik, süni intellekt və iqlim dəyişikliyi kimi yeni qlobal çağırışların BMT-nin fəaliyyətində daha geniş yer alması da əsas islahat istiqamətləri sırasında göstərilir.

Azərbaycan hesab edir ki, təşkilat yalnız daha ədalətli təmsilçilik və müasir çağırışlara uyğun qərarvermə mexanizmi sayəsində effektiv fəaliyyət göstərə bilər. Əks halda, beynəlxalq münaqişələrə operativ reaksiya verilməsi və qəbul olunan qərarların icrası ilə bağlı problemlər təşkilatın nüfuzu ətrafındakı müzakirələri davam etdirəcək.

İslahatların gecikməsi yeni çağırışlar yaradır

Prezident İlham Əliyev çıxışında bu məsələyə də diqqət çəkərək bildirdi: "Bu, mütləq baş verməlidir. Əks təqdirdə, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq".

Bu fikir yalnız BMT-nin gələcəyi ilə bağlı xəbərdarlıq deyil. Burada beynəlxalq hüququn gələcəyi, çoxtərəfli əməkdaşlığın taleyi və qlobal təhlükəsizlik sisteminin dayanıqlılığı məsələsi ön plana çıxır. Çünki hazırda BMT-ni əvəz edə biləcək alternativ beynəlxalq platforma mövcud deyil. Belə bir şəraitdə təşkilatın zəifləməsi beynəlxalq münasibətlər sistemində daha dərin problemlər yarada bilər.

Azərbaycanın irəli sürdüyü yanaşma da məhz bu risklərin azaldılmasına yönəlib. Təmsilçiliyin genişləndirilməsi, rotasiya prinsipinin tətbiqi və qərarvermə mexanizminin daha ədalətli əsaslar üzərində qurulması beynəlxalq sistemin legitimliyinin gücləndirilməsi baxımından vacib hesab olunur.

Beləliklə, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan BMT-də islahatları ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində deyil, beynəlxalq hüququn möhkəmləndirilməsi və qlobal idarəetmə sisteminin müasir reallıqlara uyğunlaşdırılması baxımından zəruri proses kimi qiymətləndirir.

Nigar Orucova, "İki sahil"