06 noyabr 2019 15:17
87

Boliviyada iqtidarla müxalifət tərəfdarları arasında toqquşmalar baş verib

Boliviyanın paytaxtı La-Pas şəhərinin mərkəzində ötən gecə solçu prezident Evo Moralesin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, partladıcı qurğuların, daş və dəyənəklərin istifadə olunduğu hadisələr zamanı bir nəfər xəsarət alıb.

Toqquşmalar müxalifət nümayəndələrinin prezident iqamətgahına doğru hərəkət edərək dövlət başçısının istefasını tələbi zamanı baş verib.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən prezident seçkilərinin ilk turunun qalibi olaraq Ali Seçki Məhkəməsi tərəfindən sosialistlərin nümayəndəsi Evo Morales elan edildikdən sonra ölkədə etirazlar baş qaldırıb. Evo Moralesin əsas rəqibi, müxalifətdən olan namizəd Karlos Mesa seçkilərin nəticələrini tanımadıqlarını açıqlayaraq iqtidarı seçki saxtakarlığında günahlandırıb.

Digər müxalifət nümayəndələri də prezident Evo Moralesi mübahisəli seçkilərdən sonra istefa verməyə çağırıblar. Amerika Dövlətləri Təşkilatı (OAS) da seçkilərlə bağlı bu ayın ortalarınadək yoxlama keçirəcəklərini bildirib. Prezident E.Morales isə bu yoxlamaya tərəfdar çıxaraq hazırkı böhranı aradan qaldırmağa yardım edə biləcəyini açıqlayıb.