Bəs ikinci sağlığını itirsə, necə?
Belə hallarda kredit həyat sığortası hər kəsin dadına çatır
Bəşər övladı dünyaya göz açdığı gündən qəbir evinədək həyatının hər anı risk altında keçir. Görünür, artıq əksər dünya xalqlarının leksikonunda vətəndaşlıq hüqüqu qazanmış “Heç kim heç nədən sığortalanmayıb” deyimi də elə bu səbəbdən yaranıb. Müasir dövrdə bu deyim hər kəsin istənilən an müxtəlif xoşagəlməz hadisələrlə qarşılaşa biləcəyini ifadə edir. Şübhəsiz, təbiət, texnogen, insan münasibətləri və sadalaya bilmədiyimiz digər faktorlar nəticəsində ortaya çıxan belə hallarda həm maddi, həm də cismani itkilərlə üzləşmək qaçılmazdır. Amma, eyni zamanda, müasir dünyamızda belə bir reallıq da mövcuddur ki, insan özünü cismən müxtəlif xoşagəlməz hadisələrə tuş gəlməkdən xilas edə bilməsə də, üzləşdiyi hər hansı bədbəxt hadisənin gələcəkdə vərəsəsinə yaradacağı maddi itkilərin fəsadlarını önləyə bilər. Yetər ki, atacağın riskli addımların təminat altına alınmasının qeydinə əvvəlcədən qalasan.
Bəs insan övladı atacağı riskli addımların qeydinə əvvəlcədən necə qala bilər? Başqa sözlə, araşdıracağımız mövzunun tələblərinə uyğun olaraq bu gün hər bir ailənin və fərdin maddi problemlərinin həlli üçün ilk növbədə üz tutduğu banklardan əldə etməyə çalışdığı istehlak kreditlərini rəsmiləşdiyi zaman gələcəkdə qarşılaşacağı riskləri əvvəlcədən təminat altına almaq imkanı varmı? Təbii ki, belə imkan var. Bunun üçün tərəddüd etmədən çağdaş dünyamızda yaşayışımızın ayrılmaz parçasına çevrilmiş kredit həyat sığortasının imkanlarından yararlanmaq kifayətdir. Bəs kredit həyat sığortası nədir və ondan necə yararlanmaq olar?..
Kredit həyat sığortası müasir dövrdə bankçılıq və maliyyə sisteminin mühüm komponentlərindən biridir. Bu sığorta növü borcalan şəxsin ömrü ilə birbaşa əlaqəli olub, onun vəfatı və ya əmək qabiliyyətini itirməsi hallarında kredit öhdəliklərinin sığorta şirkəti tərəfindən tam və ya qismən ödənilməsini nəzərdə tutur. Kredit həyat sığortası yalnız fərdi şəxslər üçün deyil, eyni zamanda, maliyyə institutları, xüsusilə banklar üçün də mühüm riskazaldıcı vasitədir. Çünki bazar iqtisadiyyatı şəraitində günümüzün reallıqlarından biri də budur ki, banklar verdikləri kreditlərin müxtəlif vasitələrlə vaxtında və tam şəkildə geri ödənilməsinə çalışırlar. Şübhəsiz, bankların bu istəyi məntiqidir. Lakin bir çox hallarda borcalan vəfat etdikdə və ya ödəniş qabiliyyətini itirdikdə kreditin qaytarılmasında çətinliklər yaranır. Bu da təbii olaraq maliyyə bazarında “problemli kreditlər” kateqoriyasının formalaşmasıma gətirib çıxarır. Belə kreditlər bankların maliyyə dayanıqlığını zəiflədir, zərərlərin artmasına və mənfəətliliyin azalmasına səbəb olur. Kredit həyat sığortası bu məqamda borcverən bankların köməyinə gəlir.
Eyni zamanda, bu sığorta növü borcalanlar üçün də sərfəli maliyyə alətidir. Sual oluna bilər: Necə? Bu sualın çox sadə və aydın cavabı var. Bir var ki, banklardan kredit götürən şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə bu ağır yükü vərəsəsinin çiyninə qoyub getsin, bir də var ki, krediti rəsmiləşdirərkən cüzi sığorta haqqı ödəməklə xələflərini bu ağır yükdən azad etmiş olsun. Təbii ki, ikinci variant daha məqbuldur. Bu mexanizm ailənin maddi sabitliyini qoruyur, onların yaşayış standartlarının aşağı düşməsinə mane olur və ailədaxili sosial problemlərin yaranmasının qarşısını alır.
Bu məqam da vurğulanmalıdır ki, kredit həyat sığortası yalnız bank sektoruna, kredit götürənlərə deyil, bu maliyyə zəncirinin həlqələrindən biri olan sığorta sektoruna da müsbət təsir göstərir. Bu zaman kredit bazarının genişlənməsi ilə paralel olaraq sığorta bazarına yeni müştəri axını yaranır. Sözügedən sahədə mövcud beynəlxalq təcrübəyə gəldikdə qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə, xüsusilə Avropa İttifaqı dövlətlərində və Şimali Amerikada kredit həyat sığortası hüquqi əsaslarla tənzimlənir və şəffaf qaydada təqdim olunur.
Bəs Azərbaycanda bu sığorta növünün tətbiqi vəziyyəti necədir? Tanınmış iqtisadçı-alim, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı sualımızı cavablandırarkən bildirdi ki, kredit həyat sığortasının tətbiqində müəyyən problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycan dövləti bu sektorun işinin təkmilləşdirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində bir sıra müsbət tədbirlər və islahatlar həyata keçirir: “Bu tədbirlər həm qanunvericilik bazasının gücləndirilməsi, həm də maliyyə savadlılığının artırılması istiqamətində aparılır. Son məlumata görə, banklar tərəfindən əhaliyə verilən istehlak kreditlərinin məbləği 8 milyard manatdan artıqdır. Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 faizinin sığortası yoxdur. Bu səbəbdən kredit götürən şəxs dünyasını dəyişdikdə onun vərəsəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər kredit götürən şəxs həyat sığortasından istifadə edirsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır.”
Müsahibimizin qənaətinə görə, bütün bu amilləri nəzərə alanda kreditlər verilən zaman sığortadan istifadə olunması vacibdir: “Sığortadan istifadə əlavə ödəniş olmasına baxmayaraq, bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu, o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Ona görə də risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən şəxs dünyasını dəyişdiyi halda sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək”.
Göründüyü kimi, mövzunun təhlili belə bir reallığı ortaya qoyur ki, Azərbaycanda hələ də əhalinin böyük hissəsi sığorta xidmətlərinin mahiyyəti, şərtləri və hüquqları barədə kifayət qədər məlumata malik deyil. Bir daha yazının başlanğıcında qeyd etdiyimiz fikirlərə qayıdaraq xatırlatmaq istəyirik ki, heç kim nəinki sabah, hətta bir saatdan sonra başına nə iş gələcəyini bilmir. Ona görə də gəlin, fürsəti əldən verməyək, hamılıqla həyatımızı sığortalamaqla böyük itkilərin qarşısını öncədən alaq! Axı, sığorta rahat həyat, firavan gələcək deməkdir…
Əhməd Qurbanoğlu, “İki sahil”
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb