08 yanvar 2020 19:16
423

Bu gün Azərbaycanın yol-nəqliyyat-logistika infrastrukturu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

“Azərbaycan özünün nəqliyyat-logistik imkanlarını genişləndirməyi mühüm vəzifə kimi qarşıya qoyub. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son 16 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə, bu sahədə çoxsaylı layihələrin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. Nəticə, əlbəttə ki, sevindiricidir”.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu gün Azərbaycanın yol-nəqliyyat-logistika infrastrukturu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nüfuzlu reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Məsələn, Davos İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan hesabatında respublikamız dəmir yollarının səmərəliliyinə görə 11-ci yerdə qərarlaşıb. “Ölkəmiz yolların keyfiyyətinə görə 27-ci yeri tutur. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə məmnunluq hissi ilə vurğulayıb ki, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Bütün bunlar ölkəmizin dinamik inkişafının göstəricisidir”-deyə, deputat qeyd edib.