13 yanvar 2021 16:58
333

Bu hadisələrə laqeyd qala bilməzdim…

20 Yanvar hadisələrini hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə, humanizmə zidd hesab edən, faciəyə siyasi qiymət verən ulu öndər Heydər Əliyev Bakıya ordu hissələrinin yeridilməsini cinayət adlandırmışdır

Sovet ideologiyasının sütunu olan proletar beynəlmiləlçiliyinin əsl mahiyyəti başqa xalqları itaət altında saxlamaq, onları tarixi köklərindən məhrum etmək, müasirləşdirmək bəhanəsi ilə milli adət-ənənələri insanların şüurlarından çıxarmaq idi. İttifaq tərkibində, bir bayraq altında birləşdirilən digər millətlərin simasında yeni sovet adamı formalaşdırmaq siyasəti yeridən Sov. İKP. MK-nın müttəfiq respublikalara tətbiq etdikləri «Kremlin qanunlarından kənara çıxma» yasağı müzakirə edilməyən, ancaq yerinə yetirilməli olan əmr idi. Bu qanunlara əməl edilməsinə nəzarət isə kommunist partiyasının müttəfiq respublikaların Mərkəzi Komitələrində yerləşdirilmiş milliyyətcə rus olan ikinci katiblərə - Kremlin gözü, qulağı adlandırılan şəxslərə həvalə edilirdi. Onların qarşısına respublika rəhbərliyinə təsir göstərmək vəzifəsi də qoyulurdu. Yəni, həmin ikinci şəxslər demək olar ki, respublikanın faktiki rəhbərlik səlahiyyətlərinə malik idilər. Əksər hallarda Moskvanın göndərdiyi, insanlarla ümumi dil tapmaq qabiliyyətinə malik olmayan bu «senzorlar»ın ciddi səhvləri insanların səbrini daşırırdı. Partlayış isə M. Qorbaçovun «yenidənqurması» (bəlkə də «yenidənqırması») oldu.

Başqa müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da belə səhv idarəetmə üsuluna, başqa sözlə deyilsə, xalqların milli mənliyinin işğalına etirazlar başladı. Müstəqillik, azadlıq çağırışları səsləndi. Amma bu tələblər təbii ki, Kremldə əyləşənlərin xoşuna gələ bilməzdi. Ona görə də ideoloji hökmranlığı silahlı müdaxilə ilə əvəz edən, Qazaxıstandan, Baltikyanı ölkələrdən, Gürcüstandan eşidilən azadlıq çağırışları bir bayraq altında birləşdiyimiz sovetlərin «beynəlmiləlçi» qırmızı ulduzlu qızıl ordusunun silahları ilə susduruldu. Növbəti azadlıq şəhidləri isə azərbaycanlılar oldu.

20 Yanvar 1990-cı ildə Bakıya qoşun yeridən imperiya ölkədə sabitlik yaratmaq əvəzinə günahsız insanların ölümü ilə nəticələnən cinayət törətdi. Həmin günlərdə Moskvada yaşayan fərdi pensiyaçı, qəlbi, ruhu ilə Vətəni Azərbaycanla bir olan böyük şəxsiyyət Heydər Əliyev siyasi uzaqgörənliklə faciəni suverenliyimizə silahlı müdaxilə, milli xəyanət adlandırdı.

Hadisəni suveren ölkənin hüquqlarına müdaxilə adlandıran ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyindəki çıxışında, eyni zamanda, Azərbaycan xalqına göndərdiyi başsağlığı teleqramında da həmyerlilərini ağılla hərəkət etməyə çağırdı. Axıdılan qanlar üçün Bakıya ordu yeridilməsi əmrini verən Mixail Qorbaçovun, Azərbaycanın o dövrdəki rəhbəri, millilik hissindən uzaq Əbdürrəhman Vəzirovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən ümummilli lider Heydər Əliyev respublikada kifayət qədər ordu birləşmələrinin olduğu halda kənardan əlavə qoşun yeridilməsini də qınamışdır.

Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi zaman 20 Yanvar faciəsini milli hərəkatın boğulması adlandıran Ulu Öndər haqlı olaraq bildirirdi ki, İttifaqın və Azərbaycanın siyasi rəhbərliyinin birgə razılığı əsasında törədilən qırğının əsas məqsədi diktatura üsul-idarəsini möhkəmləndirmək, xalqa xəyanət, demokratiyanı boğmaq olub. SSRİ müdafiə Nnaziri Yazovun, daxili İşlər naziri Bakatinin Bakıda törədilən qırğınlara rəhbərlik etməsi vəziyyətin daha da gərgin olduğunu göstərirdi. Tarixdə xalqımıza qarşı törədilən ədalətsizliklərin təkrarı olan, Azərbaycan xalqına qarşı törədilən cinayət, demokratiyaya qarşı mürtəce əməliyyat suveren bir dövlətin bütövlüyünə təcavüz idi. «Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları- kim olursa olsun, Qorbaçovdan tutmuş aşağı, respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki fərqi yoxdur, bu xalqdır, xalqa qarşı cinayətdir,- cəzalandırılsın. Bir nəfəri öldürənə cinayət qanunlarına görə ən yüksək cəza verirlər. Amma burada gör nə qədər adam həlak olubdur- bir nəfər günahkar meydana çıxmayıbdır» söyləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərarın qəbulu, həmin günün milli matəm günü kimi qeyd olunması təklifi xalq tərəfindən razılıqla qarşılanmaqla faciə qurbanlarının xatirəsinə ehtiram idi.

20 Yanvar faciəsi ilə əlaqədar Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin bəyanatında qeyd olunurdu ki, hakim mövqeyini saxlamaq üçün öz xalqına qarşı çoxminli qoşun kontingentinin təcavüzünü təşkil edən respublika rəhbərliyi faciəyə siyasi qiymət verməsinə mane olmuş, günahkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görülməmişdir. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdır. Respublika əhalisinin təkidli tələbinə baxmayaraq, törədilən hərbi cinayətə siyasi qiymət verməli olan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş, hadisələri təhqiq etməli olan komissiyanın işi başa çatdırılmamışdır. Bu hallar isə xalqın etirazına səbəb olmuşdur.

1993-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanan və dövlət başçısı kimi siyasi fəaliyyətini davam etdirən ulu öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə qiymət verilməsi məsələsini yenidən gündəmə gətirmişdir. Beləliklə, 20 Yanvar faciəsinə daha geniş miqyasda siyasi qiymət verilmiş, həmin tarix respublikada milli matəm günü elan olunmuşdur. İllərdən bəridir ki, 20 Yanvar günündə Azərbaycan xalqı Şəhidlər xiyabanına gedərək azadlıq uğrunda şəhid olan mübarizlərin xatirəsini yad edir. Şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir, onların mənzil -məişət problemlərinə, sağlamlıqlarının qorunmasına diqqət artırılır, xüsusi imtiyazlar tətbiq olunur.

Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edən Milli Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Döyüş meydanında rəşadət göstərən hərbçilərimizin Milli Qəhrəman adına layiq görülməsi, orden medallarla təltif olunması bütünlükdə şəhidlik zirvəsinə ucalanlara hörmət və ehtiramın ifadəsidir. Torpaqlarımızı işğaldan azad edən əsgərlərimiz şəhidlərimizin ruhu qarşısında mənəvi borcunu yerinə yetirdi. Azadlıq, torpaq uğrunda canlarından keçən qəhrəmanlarımıza göstərilən diqqətdən də aydın olur ki, şəhidlər ölmür, onların ruhları Səməndər quşu kimi səmamızda dolaşır.

Siyasi, iqtisadi, hərbi qüdrəti ilə şöhrət qazanan Azərbaycanın uğurlarında şəhidlərimizin payı vardır. Çünki şəhidlər ölməz, Vətən bölünməz.

Xuraman İsmayılqızı, «İki sahil»