10 iyun 2019 18:44
200

Bugünki müstəqil Azərbaycanın bünövrəsi 15 iyun tarixində qoyuldu

“15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir” deyən Milli Məclisin deputatı Cavid Osmanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 15 iyun 1993-cü ildə Azərbaycanın dünya xəritəsindən silinməsinin qarşısı alındı: “Çünki həmin tarixdə dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəlişi ölkəmizi düşdüyü ağır durumdan xilas etdi. O vaxt Azərbaycana dövlət quruculuğundan başı çıxmayan, xarici siyasətdən anlayışı olmayan insanlar rəhbərlik edirdilər. Bununla da ölkədə xaos, anarxiya, özbaşınalıq, quldurluq baş alıb gedirdi. Digər bir tərəfdən qondarma “Talış -Muğam Respublikası”nın yaradılması ilə bağlı Əlikram Hümbətovun quldur dəstəsi, şimal-şərq tərəfdən qondarma “Ləzgistan” dövlətinin yaradılması ilə bağlı atılan addımlar, digər tərəfdən Surət Hüseynov və onun tabeçiliyinə keçmiş 709 saylı hərbi hissə artıq o vaxtkı AXCP- Müsavat cütlüyünə qarşı müharibə açmışdı. Bu cür ağır durumda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Ulu Öndər ölkə vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda ilk riskli səfərini 13-14 iyun tarixlərində məhz Gəncəyə etdi. Dahi şəxsiyyəti həm Bakıda, həm də Gəncədə yüz minlərlə, milyonlarla insanlar alqışlarla  qarşıladılar. Onun ətrafında birləşdiklərini bildirdilər.  Artıq Ulu Öndər 15 iyunda Ali Sovetin sədri seçildi. Bununla da bugünki müstəqil Azərbaycanın bünövrəsi məhz 15 iyun tarixində qoyuldu”.

“Bugünki Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bu gün də ulu öndər Heydər Əliyev siyasəti yaşayır. Bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev müasir zamanın tələblərinə uyğun olaraq uğurla və məqsədyönlü şəkildə davam və inkişaf etdirir. Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf edən qüdrətli bir dövlətə çevrilib. Təbii ki, bütün bu uğurlar Ulu Öndər siyasətinin təntənəsidir”, - deyə deputat bildirdi.

Mənsumə Babayeva, “İki sahil”