09 oktyabr 2019 18:33
116

Cəlil Xəlilov: Artıq bütün dünya erməni vəhşiliyindən xəbərdardır

“Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycan və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olmaqdadır”.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil  Xəlilov İkisahil.TV-yə açıqlamasında bildirdi. C. Xəlilov vurğuladı ki, Ermənistanın baş naziri Paşinyan heç bir beynəlxaql normaya, qaydaya riayət etmədən həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia edir. Halbuki, bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər heç vaxt bu torpaqlarda olmayıblar. Onlar sonradan bu torpaqlara gəlib, bir müddətdən sonra isə müxtəlif iddialara, xam xəyallara düşüblər. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə vurğulayıb ki, Azərbaycan heç vaxtı işğal faktı ilə barışmayacaq. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu həqiqət bundan sonra da dəyişməyəcək. Dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardırlar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istinad edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğaldakı əraziləri tərk etsinlər. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan Ordusu deyəcək. Ölkə başçısı “Valday” klubunda səsləndirdiyi bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, öz mövqeyini sona qədər qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırdı. Bu baxımdan “Valday” bəyanatını Azərbaycanın növbəti uğuru kimi qiymətləndirirəm.

C.Xəlilov diqqətə çatdırdı ki, veteranlarımız ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir.

Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov qeyd etdi ki,  veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbətlər aparırlar.

Müsahibimiz, həmçinin qeyd etdi ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir.

Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilirlər ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovski öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. İstərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
“İki sahil”