19 may 2020 13:53
267

Cənab Prezident, çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Qax rayonundan Ağa Ramazanov, Bahar Həsənova, Elnur Məmmədli, Ayxan Abdullayev,  Rövşən İbrahimov, Elnur Əhmədli: “Hörmətli cənab Prezident! Xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir, yəni daha da pis nəticələr ola bilərdi. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunmuşdur. Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir. Çox sağ olun ki, xalq üçün belə böyük işlər görürsünüz.”

Bakı şəhərindən Kəmalə Bilalova: “Hörmətli cənab Prezident! Sizə ünvanladığım bu məktubda bildirmək istəyirəm ki, biz Sizin timsalınızda xalqını sevən və ona dəyər verən bir dövlət başçısı görürük. Pandemiya təhlükəsi üzündən karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız bu günlərdə Sizin televiziya ekranlarından səslənən "Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir" sözləriniz bir vətəndaş, bir ana, bir nənə, bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə sevən, millətinə, xalqına böyük dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın daha parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən prezidentimiz Qarabağımızı bizə qaytaracaq. Biz Sizinlə birlikdə güclüyük.”

Neftçala rayonundan Vidadi Hüseynov,  Sehran Əliyev,  Arif Nağıyev, Dadaşbala İsmayılov: “Hörmətli cənab Prezident! Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin respublikamızın inkişafı yolunda gördüyünüz işlər təqdirlə qarşılanır. Son zamanlar bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Sizin çevik və operativ qərarlarınız insanlarımızı bu böyük bəladan çox az itki ilə qurtardı. Bu işlərə görə Sizə Neftçala rayonunun sakinləri adından dərin hörmət və minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi bəyənirik. Allah Sizi qorusun. Uğurlarınız bol olsun.”

Cəlilabad rayonundan Heydər Miriyev, Qardaşxan Qasımov, Şəfa Sadıqov,  Xəyal Xəlilov yazırlar: “Hörmətli cənab Prezident. Dünyada geniş miqyas almış və hər gün minlərlə can alan koronovirus pandemiyasının ölkəmizə daha az ziyan vurmasının səbəbini hamımız Sizin vaxtında gördüyünüz tədbirlərdə və karantin rejiminə düzgün əməl olunmasına nəzarətdə görürük. Sizin yüksək təşkilatçılıq bacarığınız sayəsində biz, inşallah, bu sınaqdan minimum itkilərlə çıxacaq. İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər də rayonumuzun sakinləri tərəfindən rəğbətlə qarşılanır. Xalqımızın sağlamlığına göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.”

Şamaxı rayonundan Rasim Ələsgərov, Könül Gülcan, Azər Əhmədov, Şöhrət Şaxməmmədov, Kənan Fərmanov: “Hörmətli cənab Prezident! Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, güclü dövlətlərin bu virus qarşısında aciz qaldığı vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf etmək istiqamətində müsbət nəticələr əldə edir. Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız, bizim sağlamlığımızın və sosial rifahımızın təmin olunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bizimlə bərabər, ailəmizin, övladlarımızın rifahını düşündüyünüzə, virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə Şamaxı rayonunun sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olmağımızdan qürur duyuruq. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq.”

İsmayıllı rayonundan Əsgər Manafov,  Elşad Qasımov, Yaşar Ağayev, Sahilə Məmmədova və başqaları: “Hörmətli cənab Prezident! Bu çətin günlərdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya şəxsən öz adımızdan və ailələrimizin adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq. Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür. Xalqımızın dar günündə hər zaman onun yanında oldunuz, ehtiyaclarının ödənilməsini təmin etdiniz. Ulu Tanrı Sizi heç vaxt darda qoymasın.”