19 may 2020 12:31
1045

Cənab Prezident, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz

Dünyada koronavirus (COVİD-19) pandemiyasının tüğyan etməsi fonunda Prezident İlham Əliyevin Azərbaycanda əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının təmin edilməsi istiqamətində atdığı addımlar böyük rəğbətlə qarşılanır. Bu mənada  ölkə vətəndaşlarının, həmçinin xaricdə yaşayan soydaşlarımızın Azərbaycan xalqının xilası üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edən minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Biləsuvar rayonu, Ağayrı kəndindən şəhid atası Əlifağa Haxverdiyev: “Hörmətli cənab Prezident! Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır. Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman cansağlığı qismət etsin, bəla görməyəsiniz. Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik.”

Türkiyə Respublikası, İstanbul şəhərindən Firuzə Rəcəbova: "Hörmətli cənab Prezident! Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır. Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm. Əziz Prezidentim, mən Türkiyənin İstanbul universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük. Biz Sizinlə güclüyük.”

Şirvan şəhərində məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Bəxtiyar Həsənov: “Hörmətli cənab Prezident! Bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı. Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmuşunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmışınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq.Biz - məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.”

Cəbrayıl rayonundan Ləman Həşimova: “Möhtərəm cənab Prezident! Mən bu məktubu Sizə yazmaq üçün çox fikirləşdim. Hansı sözlərdən istifadə edəcəyim, cümlələrimi necə quracağım haqqında çox düşündüm. Amma sonda anladım ki, mənim Sizə olan minnətdarlığımı heç bir söz, heç cümlə tam izah edə bilməz. Bu dəqiqə dünyanın bütün ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Sizin sayənizdə Azərbaycan bu mübarizə kitabının səhifələrində adını qızıl hərflərlə yazacaq. Vaxtında verdiyiniz qərarlar nəticəsində indi Azərbaycan xalqının üzündən təbəssüm əskik olmur. Siz bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz. Çox sağ olun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin.”

Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 5-ci sinif şagirdi Fərəh Əlizadə: ”Möhtərəm cənab Prezident! Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin, Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik.”

Abşeron rayonu, Masazır kəndində məskunlaşmış Laçın rayonundan məcbur köçkün Afil İsmayılov: “Hörmətli cənab Prezident! Mən böyük qürur hissi duyur və çox sevinirəm ki, Siz bütün Azərbaycanı koronavirus bəlasından az itkilərlə qurtarmaqdasınız. Karantin dövründə ölkə üzrə ehtiyacı olanlara, qocalara dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi humanist addım olaraq əhali tərəfindən alqışlandı. Allah Sizi, dövlətimizi, xalqımızı bu böyük bəladan qorusun. Sizə səmimi təşəkkürümü bildirirəm. Cənab Prezident, biz Sizinləyik və hər zaman Sizinlə olacağıq.”