13 yanvar 2021 10:06
673

COVID-19: Evdə qalaq, sağlam olaq!

Ölkəmizdə sərt karantin tədbirləri ilə yanaşı, geniş sosial dəstək paketi də həyata keçirilir

Dünyanın kabusuna çevrilmiş COVID-19 pandemiyası artıq bir ildən çoxdur ki, planeti iflic vəziyyətdə saxlayır. Bütün ölkələr infeksiyanın yayılmasının qarşısını almaq üçün müxtəlif tibbi-profilaktik tədbirlər həyata keçirirlər. Dövlət rəhbərləri vətəndaşlarını qorumaq üçün lazımi addımlar atır, məhdudiyyətlər tətbiq edirlər. Lakin bunlara rəğmən pandemiyanı lokallaşdırmaq mümkün olmayıb. Hətta əksinə, vəziyyət getdikcə daha kritik hal alır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci il yanvarın 12-nə olan epidemioloji bülletenində qeyd olunub ki, dünyada koronavirusdan ölәnlәrin sayı 1,9 milyonu, infeksiyaya yoluxanların sayı isə 89 milyonu keçib.

Qışın gəlməsi ilə bütün Avropada koronavirusa yoluxma sayında sürətli artım müşahidə olundu. Etiraf edək ki, ölkəmizdə də karantin rejimi yumşaldıqca insanlar arasında laqeydlik, inamsızlıq, xəstələnməyəcəklərinə dair arxayınlıq yaranmışdı. Ölkəmizdə Vətən müharibəsi başlayanda isə infeksiyadan qorunma qaydaları ikinci plana keçmişdi. Hər kəsin diqqəti ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyi üçün koronavirus anlayışı aktuallığını bir qədər itirmişdi. Xüsusən cəbhədə uğurlu əməliyyatların olması, qələbə xəbərləri və bununla bağlı xalqımızın yaşadığı sevinc, demək olar ki, koronavirusla mübarizəni unutdurmuşdu. Məsuliyyətsizlik isə COVID-19 infeksiyasına yoluxma sayının kəskin artmasına rəvac verdi. Beləliklə, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, məsafə saxlanılmaması Azərbaycanda sanitar-epidemioloji vəziyyətin pisləşməsinə səbəb oldu.

Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilərək, infeksiyaya yoluxma sürətini azaltmaq məqsədi ilə ölkə ərazisində yanvarın 18-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsinə qərar verildi. Dekabrın 14-dən Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsinə və ya onlayn satışa icazə verilib. Respublikanın bəzi bölgələrinə giriş-çıxış dayandırılıb, eləcə də hərəkət məhdudiyyəti tətbiq olunub. İcazəsi olan vətəndaşlar istisna olmaqla, digər şəxslər yaşayış yerlərini və olduqları yeri SMS-icazə ilə tərk edirlər. Şübhəsiz ki, karantin rejiminin sərtləşməsi ilə bağlı qərar insanları qorumaq üçündür. Hökumət hər qərarında həm insanların sağlamlığını, həm də iqtisadi vəziyyəti nəzərə alır. Pandemiya əvvəldən onu göstərdi ki, dərman və vaksin olmadığına görə yoluxmanın azaldılması üçün ictimai səhiyyə tədbirlərinin tətbiqindən başqa “silah” yoxdur. Sonuncu sərt karantin rejiminin tətbiqi yoluxmanın azaldılmasına tez bir zamanda təsir etdi, təxminən 1 həftə keçəndən sonra yoluxmanın sayı azalmağa doğru gedir. Belə ki, səhiyyənin üzərinə düşən yük, gərginlik azalmalıdır. Bu səbəbdən yoluxma sayının azalması lazımdır.

Ekspertlər bildirirlər ki, yaz aylarında peyvəndləmənin tətbiq olunması yoluxma sayının azalmasına səbəb olacaq. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Təəssüf ki, bəzi insanlar öz sağlamlıqlarına qarşı laqeyd yanaşırlar. Xəstəliyi yüngül keçirənlərin müəyyən hissəsi kimdənsə eşitdiyi, yaxud sosial şəbəkələrdə paylaşılan üsullardan, türkəçarələrdən istifadə edirlər ki, bu da ağırlaşmaların başlıca səbəbidir. Odur ki, həkim məsləhəti olmadan heç bir dərmandan istifadə etməyin.

İndiki məqamda koronavirusla mübarizədə əsas amil vətəndaş məsuliyyətidir. Bizim vətəndaş olaraq aparacağımız mübarizə, üzərimizə düşən məsuliyyət karantin qaydalarına riayət etməkdir. Qaydalara nə qədər çox riayət edilərsə, yoluxma da o qədər az qeydə alınar. Qaydalara əməl edilmədikdə isə yoluxma sayı artır. Bu gün hər kəs məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməli, özünü, yaxınlarını qorumalıdır. Unutmayaq ki, peyvənd tətbiq olunana qədər dünyanı təşvişə salan bu dəhşətli virusdan ən yaxşı qorunma yolu özünütəcriddir. Yalnız məsuliyyətli, vicdanlı olmaqla, gərəksiz yerə evdən çıxmamaqla, özünütəcrid qaydalarına əməl etməklə bu xəstəliyin geniş yayılmasının qarşısını almaq olar. Bu çətin və təhlükəli dövrdə həyatımızı, gündəlik vərdişlərimizi evdə davam etdirməliyik. Çünki hazırda ən təhlükəsiz yer elə evimizdir. Odur ki, evdə qalaq, sağlam olaq!

Ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğuna görə, bir sıra iş yerləri bağlanıb. Buna görə də Azərbaycan hökuməti tərəfindən karantin tədbirləri ilə yanaşı, geniş sosial dəstək paketi də həyata keçirilir. Belə ki, 2020-ci il ərzində pandemiyaya görə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri də icra olunub, 600 min işsiz, qeyri-formal işləyən şəxsə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi icra edilib. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilib. Bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olunub. Ötən il ərzində COVID-19-la mübarizəyə isə birbaşa olaraq dövlət büdcəsindən 644 milyon manata qədər vəsait sərf olunub. Cari il üçün isə COVID-19-la mübarizəyə büdcədə birbaşa 261 milyon manat nəzərdə tutulub. Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq 2020-ci ildə iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilib.

Həmçinin pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min ikiaylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib. Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi fond yaradılıb və bu fonda 114 milyon manatdan artıq vəsait yığılıb. Beləliklə, Azərbaycan hökumətinin bütün adekvat tədbirləri nəticəsində ölkəmiz digər ölkələrlə müqayisədə pandemiya ilindən daha az itkilərlə çıxdı.

Cavid Əkbərov, “İki sahil”