15 may 2020 10:28
2978

Dağlıq Qarabağın işğalı xəyanətkar AXC-Müsavat cütlüyündən qalan ağır mirasdır

1992-ci ildə Azərbaycanda silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu bir il ərzində ölkəni tamamilə uçuruma sürükləmişdi. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu qüvvələrin respublikanın idarəçiliyini zəbt etməsindən sonra ölkə “ölüm-qalım” dilemması qarşısında qalmışdı. Təbii ki, AXC-Müsavat cütlüyünün Bakıda hakimiyyəti silahlı yolla ələ keçirmək üçün Qarabağın müdafiəsində dayanan əsgərləri silahları və zirehli texnikaları ilə birgə Ali Sovetin ətrafına yığdığını da heç kim unutmayıb.

Bu gün marginallaşmış antimilli dəstənin başbiləni olan AXCP sədri Əli Kərimlinin ən yüksək vəzifələrdən birini tutduğu həmin komandanın birillik hakimiyyəti dövründə ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Qanunsuz silahlı birləşmələr, quldur dəstələri meydan sulayırdılar. Hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan, diletant “rəhbər”lərin səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Ən dəhşətlisi isə o idi ki, məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Çünki o zaman vahid komandanlıq olmadığına görə ordu ayrı-ayrı şəxslər tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin rəhbərliyində olan, yüksək vəzifə tutan hər bir şəxsin ayrıca komanda verdiyi hərbi dəstələri var idi. Artıq hamıya bəlli idi ki, AXC-Müsavat hakimiyyəti Azərbaycanı uçuruma aparır.

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib ki, Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətdir: “Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir. Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür, vətəndaşlarımız həlak olmuşdur və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olmuşlar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur. O vaxt onlar Azərbaycanda hakimiyyət davası aparırdılar. Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək.”

Ölkə başçısı, həmçinin bildirib ki, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat hakimiyyətinin, o vaxt o partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayətidir: “O vaxt guya ki, Şuşanın müdafiəsini təşkil edən bir ünsür, xain, satqın, başına papaq qoyan, ancaq Şuşanı qorxaq kimi tərk edib qaçan demişdi ki, əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam. Bu günə qədər müxtəlif dairələrdə fırlanır. Bax, onların əməli budur. Onlar Şuşanı təhvil veriblər ki, Azərbaycanda vəziyyət gərginləşsin, xalq ayağa qalxsın, hakimiyyət devrilsin və onlar hakimiyyətə gəlsinlər və belə də oldu. Bundan istifadə edərək, öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi. Ancaq bir il ərzində ölkəmizi elə bərbad vəziyyətə qoydular ki, xalq ayağa qalxdı, onları süpürüb zibil yeşiyinə atdı və yeganə nicat yolunu Heydər Əliyevin simasında gördü. O vaxta qədər onlar Kəlbəcəri ermənilərə təhvil verməklə böyük cinayət törətmişdilər. Çünki Kəlbəcərin işğal altına düşməsi coğrafi baxımdan Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yaratdı və artıq bu, dəhliz deyildi, işğal altına düşmüş böyük bir ərazi idi. Bu, əlbəttə ki, ölkəmizə, gənc Azərbaycan dövlətinə vurulmuş böyük zərbə idi. Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir.”

Danılmaz faktdır ki, AXC-Müsavat hakimiyyəti əslində ölkədə talançılıqla məşğul idi. Həmin dövrdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. O zamankı ölkə başçısı 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Prezident Ə.Elçibəyin üzünü müşavirədəki dövlət məmurlarına tutaraq “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız?”, “Tankın qabağında duruş gətirənlər, rüşvətin qabağında dayana bilmədilər” deməsini də hamımız xatırlayırıq.

Belə bir dövrdə xalq ümidini ulu öndər Heydər Əliyevə bağladı, onun dövlət idarəçiliyini ələ almasını istədi, dünya şöhrətli siyasətçini Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-95-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Qısa müddətdə ölkədə milli birlik və həmrəylik bərpa olundu. Cəbhədə vəziyyət dəyişdi. Uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi.

Bu gün siyasi partiya rəhbərindən çox sosial şəbəkələrdə bloqger kimi fəaliyyət göstərən, 1993-cü ildə isə xalqın qəzəbi və nifrəti qarşısında, eləcə də Surət Hüseynovun dar ağacından qorxaraq titrətmə tutan həmin başabəla iqtidarın neçə-neçə təmsilçisi kimi “vəzifəsini donduran” AXCP sədri Əli Kərimliyə bir daha xatırlatmaq istərdik ki, məhz AXC-Müsavat cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyündən qalan ağır mirasdır. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur.

Zahid Rza, “İki sahil”