Multikulturalizm xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyara çevirilib. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. 2016-cı ili “Multikulturalizm ili” elan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tarixi-etnik köklərimizə sıx bağlılığımızı və ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə sədaqətimizi bir daha bəyan etdi. Ölkə başçısı cənab İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bununla bağlı söyləmişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”.
Azərbaycan xalqının yüksək multikultural dəyərlərini özündə yaşadan tarixi məkanlardan biri də Vətənimizin dilbər guşələrindən olan Daşkəsən rayonudur. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra - 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi odövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi - rayon olmuşdur. Daşkəsən rayonunda 1 şəhər, 5 şəhər tipli qəsəbə və 43 kənd vardır. İnzibati mərkəzi Daşkəsən şəhəridir, əhalisinin sayı 35 min nəfərdən bir qədər çox, ərazisi isə1047 km?-dir. Hazırda rayonda 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 19 bələdiyyə, 26 orta məktəb, 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi fəaliyyət göstərir. Bundan başqa, rayonda Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, Dövlər Rəsm Qalereyası, Tarix Diyarşünaslıq Müzeyi, 46 kitabxananı əhatə edən Mərkəzləşmiş Kitabxana Sistemi, 28 klub, 16 mədəniyyət evi fəaliyyət göstərir.
Bakı şəhərindən 406 km məsafədə yerləşən Daşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Vaxtilə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisində qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı, mərmər və s. kimi çox qiymətli təbii faydalı qazıntı ehtiyatları var. Məhz buna görə də respublikanın mühüm mədən-filiz sənayesi mərkəzi olan Daşkəsən rayonunu “Azərbaycanın Uralı” adlandırırlar.
Əhalinin 2009-cu il siyahıyaalınmasına görə, rayon əhalisinin etnik tərkibinin 99 faizini azərbaycanlılar təşkil edir. Eyni zamanda rayonda ruslar, ermənilər, kürdlər, ləzgilər və digər millətlərin nümayəndələri də yaşayır.
Təbiətin unikal abidəsi olan Daşkəsən rayonu Kiçik Qafqazın şimal-şərqində, Murovdağ və Şahdağ silsilələrinin şimal yamaclarında yerləşir.
Rayona xüsusi gözəllik verən yol boyunca uzanan meşələri, Xoşbulaq yaylağı, Qoşqar, Şəmkir, Gəncə çayları, gur çeşməli, şəffaf sulu, müalicə əhəmiyyətli bulaqları var.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkənin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda “Multikulturalizmin Azərbaycan modeli”, 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş, “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərin iştirakçıları və təşkilatçıları - rayonun şöhrətini daha da ucaldan, bu günün tələbəsi, sabahın mütəxəssisi və təəssübkeş vətəndaşı, müsəlləh əsgəri olan gənclərdir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti Daşkəsən rayonunda daha dinamik şəkildə öz parlaq və davamlı təzahürlərini tapır.
Səfər Səfərli,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının I kurs, 225 qrup magistrantı