03 dekabr 2019 20:29
184

Daşkəsəndə təbliğat-təşviqat işləri uğurla davam etdirilir

Dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatında yaradılmış seçki qərargahının 23 dekabr bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı iclası keçirilib.

İclasda idarə, müəssisə və təşkilat rəhbərləri, YAP fəalları, partiyanın Daşkəsən rayon təşkilatının Şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki məntəqələrinin rabitə, elektrik enerjisi, seçki avadanlıqları, seçki məntəqələrinin mühafizə olunması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev partiya fəallarının seçkiqabağı təbliğat-təşviqat işlərinə hazırlığı ilə bağlı iclas iştirakçılarına məlumat verib. O, bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış bütün şəxslərə təbliğat-təşviqat işlərinin aparılması sahəsində eyni şəraitin yaradıldığını bildirib.

Yekunda yığıncaq iştirakçıları əmin olduqlarını bildiriblər ki, 23 dekabrda bələdiyyə seçkiləri yüksək səviyyədə, şaffaf və tam demokratik şəraitdə keçiriləcək, hər bir seçici öz istədiyi namizədlərə sərbəst şəkildə səs vermək imkanı əldə edəcəklər.

Cavid Əkbərov, “İki sahil”