15 yanvar 2020 21:03
274

Dekabrda OPEC üzrə neft hasilatı azalıb

Dekabrda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sutkalıq xam neft istehsalı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı noyabr ayı ilə müqayisədə 161 min barrel geriləyərək gündəlik 29 milyon 440 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,4 faiz olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Anqola, Qabon və Ekvador artırıb. Anqolada gündəlik istehsal 125 min barrel artaraq 1 milyon 408 min barrel olub. Qabonun sutkalıq hasilatı 26 min barrel çoxalaraq 222 min barrelə çatıb. Ekvadorda isə neft istehsalı 9 min barrel artaraq sutkada 538 min barrelə yüksəlib.

Dekabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 111 min barrel azalaraq 9 milyon 762 min barrelə düşüb. İraqda istehsal 76 min barrel geriləyərək sutkada 4 milyon 565 min barrel təşkil edib. BƏƏ-də isə hasilat 46 min barrel azalaraq 3 milyon 62 min barrel təşkil edib.

Ötən ay dünyadakı qazma qurğularının sayı 1 ədəd artaraq 2201 olub. Həmin qurğuların 587-si OPEC-ə üzv ölkələrdədir. //AZƏRTAC