25 iyun 2020 11:31
3455

Delfinlər haqqında bilmədiklərimiz

Hindistan höküməti yaxın keçmişdə delfinləri heyvanların siyahısından silərək onlara “şəxsiyyət” statusunu vermişdir. Beləliklə, Hindistan delfinlərin intellektini və şüurunu qəbul etmiş ilk ölkə olmuşdur. Burada delfinlərin müdafiəsinə də xüsusi diqqət yetirilir.

Delfinlər balıq deyillər…

Suda yaşadıqlarına baxmayaraq delfinlər balıqlara deyil, insanlara daha yaxındır. Balıqlardan fərqli olaraq delfinlər balalarını insanlar kimi dünyaya gətirir, onları südlə bəsləyirlər. Bundan əlavə, onların balıqların pulundan fərqli olaraq, zərif və hamar dərisi var.

Onların beyni…

Delfinlərin beyninin çəkisi 1 700 qram təşkil edir. İnsanın beyninin çəkisi isə 1 400 qramdır. Doğrudur, ağırlıq heç nəyi həll etmir. Ancaq aparılan araşdırmalar göstərmişdir ki, delfinlərin beynində sinir hüceyrələri insana nisbətən daha çoxdur.

Onlar ünsiyyət qururlar…

Hər kəsə məlumdur ki, delfinlər öz aralarında fitə bənzər siqnallar verməklə ünsiyyət qururlar. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, delfinlər 14 000 fərqli siqnallardan istifadə edirlər. Bu da orta statistik insanın söz ehtiyatına bərabərdir. Bundan əlavə, hər bir delfinin onun dəstəsi tərəfindən verilmiş adı var.

Onlar özlərini bərpa etmə bacarığına malikdirlər…

Bəli, delfinlərin belə bir bacarığı var. Bir delfin zədə aldığı zaman qan itirməz. Bunun əksinə o, özünü sürətlə bərpa edər. Ən maraqlısı isə odur ki, yaralı delfini sağlam bir delfinlə müqayisə etdiyimiz zaman hərəkət və davranışlarda heç bir fərqə rast gəlinmir. Məhz buna görə də delfinlərin sinir sisteminin ağrı hissini blok etdiyi güman edilir.

Röya Rasimqızı,

“İki sahil”