26 iyun 2020 19:14
461

Deputat: Gəncə hər zaman dövlətin siyasətinin əsasında durub

İyunun 24-də dövlət başçısı İlham Əliyevin ölkənin ikinci böyük şəhəri Gəncəyə səfəri baş tutub. Səfər çərvəsində Prezident və xanımı Mehriban Əliyeva ilk olaraq ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Sonra dövlət başçısı Nizami yurdunda bir sıra obyektlərin açılışında iştirak edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov "Report"a açıqlamasında bildirib ki, yeni inşa olunan süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak edib. O, həmin zavodun açılması ilə 300-dən çox insanın işlə təmin olunacağını söyləyib: "İndiki vəziyyətdə işini itirmiş çox sayda şəxs var ki, bu onlar üçün yaxşı fürsətdir".

Gəncədə bir sıra vacib obyekt və müəssisələrin fəaliyyətə başlaması ilə əlaqədar danışan deputat bildirib ki, 1 saylı Gəncə şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun fəaliyyətə başlaması koronovirusla mübarizədə bu şəhər üçün əvəzolunmaz zəmin yaradacaq: "Digər xəstəxanalara düşən yük bununla da azalmış oldu. Xəstəxananın tezliklə yüksək avadanlıqlarla təmin olunması nəzərdə tutulub. Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi də təhsil sahəsində olan uğurlardandı. Bilirik ki, aqrar sahədə mütəxəssis çatışmazlığı var. ADAU-nun yaxın vaxtlarda kənd təsərrütatına və iqtisadiyyatımıza savadlı mütəxəssislər qazandıracağına inanırıq".

Deputat prezident və xanımının bərpa edilən “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin və Mirzə Abbas Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpünün açılışında iştirak etdiyini də xatırladıb: "Həmçinin ölkə başçısı İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin, tikintisi ilə tanış olub. Bildirim ki, 2019-cu il 16 may tarixində Prezident İlham Əliyev Gəncə çayı üzərində yerləşən 5 qəzalı körpünün yenidən bərpası üçün 6.4 milyon manat vəsait ayırmışdır. Bu körpülərdən biri Mirzə Abbas Abbaszadə küçəsində Gəncəçay üzərindəki körpü bərpadan sonra istifadəyə verilib. Azərbaycan prezidentinin imzaladığı sərəncamla Gəncə Şəhər İcra Hakimiyyətinə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə əlavə ümumilikdə 6,8 milyon manat vəsait ayrılıb. Qeyd edim ki, qurğunun tikintisi 2018-ci ildən ara vermədən davam edir. Bu qurğu Gəncə idmanın postpandemiya dövründə inkişafına çox ciddi təkan verəcək. Gəncə gəncləri və idmançılarının özünü inkişafı baxımdan şərait yaradacaq. Məşhur idmançılar yetişdirən Nizami yurdunun yenidən Azərbaycan idmanına mühüm töhfələr bəxş edəcəyinə ümid edirəm".

Ölkə başçısının teatr siyasətindən bəhs edən Müşfiq Cəfərov bildirib ki, bundan başqa dövlət başçısı Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi üçün əlavə 13,8 milyon manat ayırıb: "Gəncə mədəniyyətinin inkişafına da xüsusi diqqət ayrılmasından irəli gələn bu sərəncam mədəniyyət sahəsində vacib addım olacaq. Bu mədəniyyət ocağı Gəncə sakinlərinin və şəhərə gələn qonaqların asudə vaxtını daha da yaxşı dəyərləndirməsinə, mədəni irsimizin dərindən mənimsənilməsinə şərait yaradacaq. İncəsənətin canlı, sintetik və kollektiv növü olan teatr bədii yaradıcılığın inkişafına təkan verəcək. Teatr gəncliyin, mədəni, mənəvi və estetik zövqün formalaşması, fikir, fantaziya və bədii təfəkkürün inkişafında əhəmiyyətli rol oynayan mühüm amildir. Bu səbəbdən də gəncliyimizi düşünən dövlət başçısının bu sərəncamı Gəncədə böyük rəğbətlə qarşılanıb. Azərbaycan peşəkar teatr sənəti, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqün və dünyagörüşünün formalaşması, realist ənənələrinin davam və inkişaf etdirilməsi kimi əhəmiyyətli vəzifələrin həyata keçirilməsində əvəzsiz söz sahibidir və Gəncədə bu sahədə əməli tədbirlər görüləcək".

Cəfərovun sözlərinə görə, Prezident İlham Əliyev teatr sənətinin inkişaf etdirilməsi ilə yaxından maraqlanmış və bu sahədə mühüm tədbirlər görmüşdür: "Həyata keçirilən işlər dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi daşıyır. Bununla da yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması, ümumbəşəri və milli mədəni dəyərlərin qorunması təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı, teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin gerçəkləşməsi, teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, teatr mədəniyyətinin təbliğ olunması kimi mühüm vəzifələrin icrası istiqamətində işlər görür. Ümid edirəm ki, bu sahədə görülən tədbirlər öz nəticəsini verəcək və Gəncədə teatr sahəsində kadrlarının daha da inkişaf etməsi ilə dünyanın bir çox ölkələrində respublikamızı uğurla təmsil edəcək. Gənc nəslin mənəvi cəhətdən kamilləşməsində, onların dünyagürüşlərinin formalaşmasında və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətləri olan teatr Nizami yurdunda mədəniyyət işçilərinin yetişdirməkdə davam edəcək.

Deputat deyib ki, yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsait ayrılıb: "Artıq şəhərdə növbəti ASAN mərkəzinə ehtiyac duyulurdu. Kommunikasiya dövrünün bütün tələblərinə uyğunlaşmış şəkildə fəaliyyət göstərən ASAN mərkəzin yaradılması yeni iş yerlərinin yaradılması deməkdir. Bu həm də xeyli sayda ali savadlı gənclərimizin işlə təmin olunacağı anlamına gəlir. Bildiyimiz kimi ASAN könüllü prinsipi var ki, bu da minlərlə gəncin kadr hazırlığı deməkdir. Könüllülər çoxsaylı müxtəlif mövzulu təlimlərdə iştirak edirlər. Onlardan oxu asankadr.az portalı vasitəsilə ayrı-ayrı şirkətlərdə işlə təmin olunurlar. Artıq könüllülük siyasəti özünü doğrultmuş siyasətdir. Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün də Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. Artıq bununla da demək olar ki, Gəncədə təmir bərpaya ehtiyacı olan az sayda təhsil müəssisəsi qalıb. Ölkəmizdə ilk “Yaşıl şəhər” layihəsi cənab prezidentin göstərişi ilə Gəncə şəhərində həyata keçiriləcək. Bu da Gəncənin Respublika daxilindəki mövqeyindən xəbər verir. 

Sonda Milli Məclisin üzvü bütün bu amilləri, perspektivləri nəzərə alaraq ölkə başçısına Gəncə əhalisi adından təşəkkür edib, minnətdarlıq bildirib. O, görülən bütün tədbirləri dəstəkləyib alqışlayıram deyib.