Dünya Azərbaycanlılarının I Qurultayından 18 il ötür
Ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlamış və onların təşkilatlanmasının, diasporun formalaşmasının vacibliyini dəfələrlə bəyan etmişdir. Çünki Ümummilli Lider yaxşı bilirdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun diaspor və lobbisinin gücü ilə ölçülür. Bu məqsədlə ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən dünya azərbaycanlılarına müraciət etməklə yanaşı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün də müəllifi olmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, diaspor quruculuğunda daha əsaslı dönüş yaratmağa nail oldu. Belə ki, Ulu Öndərin Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi məqsədilə imzaladığı Sərəncama əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. 36 ölkədən 1150 nümayəndənin və 900-dən çox qonağın iştirakı ilə keçirilən bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında təşkilatlanması baxımından mühüm tarixi əhəmiyyət kəsb etdi.
Millət vəkili Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, məhz həmin qurultaydan sonra müxtəlif ölkələrdə Azərbaycanın xarici siyasətini, azərbaycançılığı təbliğ edənlərin sayı artdı: “Azərbaycan icmaları, diasporu yaşadıqları ölkələrdə, ümumiyyətlə, beynəlxalq aləmdə sözün həqiqi mənasında özlərini göstərməyə başladılar. Bununla da Azərbaycan diaspor hərəkatı yeni mərhələyə qədəm qoydu.
I qurultay xaricdə yaşayan soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, həmçinin azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına da öz müsbət təsirini göstərdi. Bu mənada ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi oldu. Təbii ki, bu, hər şeydən əvvəl Ümummilli Liderimizin növbəti nailiyyəti idi. Yeri gəlmişkən, qeyd edək ki, həmin tədbirdə Ulu Öndərin çıxışı zamanı söylədiyi bu sözlər sonradan dillər əzbəri oldu: “Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Hətta deyərdim ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə geniş əks-səda doğuran bu sözlər azərbaycançılıq adlı kamil bir ideologiyaya çevrildi”.
Müsahibimiz daha sonra bildirdi ki, həmin qurultaydan sonra ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzaladı: “Bu komitənin (Sonradan o, Diasporla İş üzrə Dövlət Komitəsi adlandırıldı) təşkili xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar yaratdı. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanunla isə xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsasları müəyyənləşdirildi. Yeri gəlmişkən, həmin sənədə əsasən, xarici ölkələrdə fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur”.
Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, Ulu Öndərimizin təməlini qoyduğu bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməkdədir: “Yeri gəlmişkən, 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin daha da gücləndirilməsini tövsiyə etmiş, həmçinin ermənilər tərəfindən Azərbaycana qarşı aparılan çirkin kampaniyalara tutarlı cavablar vermələrinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Dövlət başçımızın xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu hazırda mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib. Hətta soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Onu da qeyd etməyi özümə fəxr bilirəm ki, son illər Azərbaycan öz iqtisadi inkişafı ilə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün sözün həqiqi mənasında mənəvi dayağa çevrilib. Bir sözlə, diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu vətənin bir parçası kimi hiss edir”.
Qeyd edək ki, hazırda Azərbaycanın dünyanın müxtəlif ölkələrində 500-dən çox diaspor təşkilatı fəaliyyət göstərir.
Qvami Məhəbbətoğlu, “İki sahil”