20 iyun 2019 11:16
299

Dünyadakı qaçqın və məcburi köçkünlərin sayı 70 milyonu ötüb

Hazırda dünyada öz yaşayış yerlərindən didərgin düşən insanların sayı rekord həddə çatıb. Son 20 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) 20 iyun – Dünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, cəmi bir il ərzində dünya üzrə qaçqınların sayı 2,3 milyon nəfər artıb. Bununla belə, hesabatda qaçqın sayının tam şəkildə əks olunmadığı da qeyd edilir, çünki Venesuela nümunəsində ölkəni nə qədər insanın tərk etdiyi yalnız ehtimal oluna bilir.

Qaçqınlar böyük əksəriyyəti (təxminən 80 faizi) dünyadakı böhran ocaqlarından didərgin düşən insanlardır. Qaçqınların 3,5 faizi müxtəlif ölkələrdə sığınacaq istəsələr də, hələ də onların qaçqın statusu tanınmır, 20,4 milyon qaçqın isə artıq bu statusa malikdir. Beynəlxalq təşkilat Yaxın Şərqdə 5,5 milyon fələstinlini kompakt şəkildə yaşayan ən böyük qaçqın kütləsi kimi qeyd edib. Öz ev-eşiyini tərk etmək məcburiyyətində qalan insanların 41,4 milyon nəfəri isə məcburi köçkünlərdir, onlar müharibə, silahlı münaqişə, təbii fəlakət və digər səbəblərdən öz ölkələri daxilində qaçqınlıq həyatı yaşamağa məcbur olublar.

Hesabatda, həmçinin qaçqınları qəbul edən ölkələr barədə də məlumat əksini tapıb. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində hər 1000 nəfərə 2,7 qaçqın düşür. İnkişaf etməkdə olan ölkələr isə daha çox qaçqın qəbul ediblər, bu ölkələrdə həmin göstərici 5,8 nəfərə bərabərdir. Bütün dünyadakı qaçqınların üçdəbiri isə dünyanın ən yoxsul ölkələri tərəfindən qəbul edilib.

Hesabatda, həmçinin qaçqınları qəbul edən ölkələr də əksini tapıb. Bu siyahıda ilk yerdə 3,7 milyon qaçqını qəbul edən Türkiyə dayanır. Sonrakı yerlərdə isə Pakistan (1,4 milyon nəfər), Uqanda (1,2 milyon nəfər), Sudan (1,1 milyon nəfər) və Almaniya (1,1 milyon nəfər) qeyd olunub.