26 fevral 2020 19:30
3337

Dünyanın kiçik dövlətləri haqqında maraqlı məlumatlar

Dünyanın ən kiçik dövlətləri haqqında maraqlı məlumatları təqdim edirik

Maldiv adaları: Maldiv adaları Hind okeanının cənubunda yerləşir (Cənubi Asiyaya). Bu dövlətin tərkibində olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. Təxminən 298 km2 ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə, həmçinin Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olaraq təxminən 393,500 sakinə ev sahibliyi edir. Maldiv Adalarının paytaxtı olan Male şəhəri, dövlətin ən çox məskunlaşmış adasıdır. Ada, həmçinin mərkəzdə yerləşdiyinə görə “Kral Adası” adı ilə də tanınır. 1965-ci ildə ölkə müstəqillik qazanaraq, Böyük Britaniyanın müstəmləkəsi olmaqdan azad oldu. Maldiv adalarının əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir.

Seyşel adaları: Seyşel adaları Hind okeanının qərb hissəsində yerləşir. Bu Adaların rəsmi adı Seyşel Adaları Respublikasıdır. Adalar 1505-ci ildə portuqaliyalılar tərəfindən kəşf olunub. Lakin 1768-ci ildə Fransızlar tərəfindən işğal olunaraq, “Paris Sülh Müqaviləsi”nə görə, Birləşmiş Krallığın koloniyası olur. Yalnız 1976-ci ildə müstəqilliyini əldə edərək Birləşmiş Krallıqdan ayrılır. Seyşel adalarının etnik əhalisini kreollar təşkil edir. Kreolların çoxu katolikdır. Onların əsas dili fransız və ingilis dilləridir.

Sent-Kits və Nevis: Karib dənizinin şərq hissəsində yerləşən bu dövlət Sent-Kits və Nevis adalarından ibarətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabetdir. Sen-Kits və Nevis həm ərazisinə, həm də əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Sahəsi 150 km2 olan bu ölkənin əhalisi isə 50 min nəfərdən ibarətdir. 1983-cü ildə Birləşmiş Krallıqdan ayrılıb, müstəqil Sen-Kits və Nevis Federasiyası adını aldı.

Marşal adaları: Marşal adaları Sakit okeanda yerləşən bir ada qrupundan ibarətdir. Marşal Adaları Respublikasının ərazisi 34 adadan ibarətdir. Onlardan yalnız 20-də yaşayış var. Marşal adaları arxipelaqının sahəsi 181 km2-dir. Burada yaşayan əhalinin sayı təxminən 59 min nəfətdir. Marşal adalarının paytaxtı Macuro şəhəridir.1986-cı ilə qədər ABŞ-nın qəyyumluğu altında olan bu ölkə nəhayət ki, azad olaraq 1990-cı ildə BMT-yə üzv olur.

Lixtenşteyn: Lixtenşteyn Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövlətidir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir. Avstriya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Danışıq dili isə alman dilinin dialektlərindən biri olan alman ləhcəsidir. Dini etiqadlarına görə əhalinin 92 faizi katoliklər, 8 faizi isə protestantlardır. Əhalisi 36 min nəfərdən ibarət olan bu kiçik dövlət 1806-cı ildə müstəqilliyini elan edib.

San Marino: San Marino sahəsinə görə, dünyanın ən kiçik ölkələrindən biridir.İtaliyanın ərazisində yerləşən bu dövlətin sahəsi təxminən 60 km?-dir. Dövlət dili italyan olan bu ölkənin əhalisi cəmi 26 min nəfərdir.Çox maraqlı faktlardan biri də odur ki, San Marino dövləti dünyanın ən kiçik ordusuna sahibdir və cəmi 225 əsgəri var. Parlament respublikası olan bu dövlətin əsas dini katolisizmdir.

Tuvalu: Tuvalu dövləti Havay adaları ilə Avstraliya arasında yerləşən kiçik bir ölkədir. Beş mərcan adası və dörd dayaz adadan ibarət olan bu ölkənin ümumi sahəsi 15 km2-dir . 1978-ci ildə ABŞ-dan ayrılıb öz müstəqilliyini elan edib. Tuvalu dövlətinin əhalisi cəmi 12 min nəfərdən ibarətdir.

Nauru: Sakit okeanda yerləşən Nauru dünyanın ən kiçik müstəqil respublikasıdır. Nauru 21 km2 sahəsi ilə dünyanın ən kiçik ada ölkəsi seçilib. Naurunun əhalisi təxminən 9 322-dir və Vatikandan sonra ən az əhalisi olan müstəqil ölkədir.Maraqlıdır ki,bu ölkə dəniz quşlarının nəcisindən ibarət “guano” ehtiyatları ilə zəngindir və bu ehtiyatlar fosfat və kalsium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır, əsas gəliri “guano”nun idxalı gətirir.

Monako: Avropa ölkəsi olan Monako (rəsmi adı Monte Karlo knyazlığıdır ) dünyanın ikinci ən kiçik ölkəsidir. Fransa və Aralıq dənizi arasında yerləşir. Sahəsi 2.02 km2 olan bu ölkənin rəsmi olaraq yeganə şəhəri Monte Karlodur. Monako dünyanın ən sıx ölkəsidir.Hər 1 km2 15 500 nəfər düşür. Bu ölkənin əhalisi 33 min nəfərdən ibarətdir. Kazinoları və sahildəki otelləri ilə məşhur olan Monako zəngin insanların tez-tez üz tutduğu ölkədir.

Vatikan: Vatikan İtaliyanın paytaxtı olan Romanın qərb hissəsində yerləşir. Həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda, müstəqil və suveren ölkəsidir. Sahəsi 44 hektar olan bu ölkənin əhalisi təxminən 800 nəfərdən ibarətdir. Bu insanların əksəriyyəti iş üçün orada yaşayırlar. Rəsmi olaraq, 1929-cu ildə İtaliya ilə bağlanan “Laterano” müqaviləsi nəticəsində qurulan bu ölkə dini rəhbərliyə sahibdir. Ölkəni Roma Papası idarə edir. Ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katoliklərin ianələri, turizm və suvenirlərin satışıdır.

Samirə Tağıyeva, “İki sahil”