Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib. Halbuki Türkiyə 1915-ci ildən indiyədək ermənilərin uydurduğu belə bir soyqırımının olmadığını dəfələrlə bəyan edib. Bu mənada qəbul edilən “sənəd” siyasi qərar olmaqla yanaşı, qlobal şəbəkələrin maraqlarına xidmət edir. Elə buna görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkəsi Nümayəndələr Palatasının saxta soyqırımı ilə bağlı məlum qərarını tanımır və onun heç bir hüquqi əsası yoxdur. Üstəlik Ərdoğan tərəfindən bir neçə dəfə arxivlərin açılması ilə bağlı təklif verilib. Lakin erməni təəssübkeşləri bununla razılaşmırlar. Çünki onlar yaxşı bilirlər ki, tarixdə “erməni soyqırımı” deyilən bir hadisə baş verməyib. Bu aspektdən çıxış etsək, heç bir ciddi tarixi fakta əsaslanmayan, sadəcə erməni diaspor və lobbiçiliyinin Türkiyəyə qarşı iddialarından qaynaqlanan bu addım qardaş ölkəyə qarşı kampaniyaların növbəti “dalğa”sından başqa bir şey deyil.
Ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu məsələnin yenidən gündəmə gətirilməsi son illər Türkiyənin dünyada söz sahiblərindən birinə çevrilməsi, geosiyasi aktor kimi müstəqil qərarlar qəbul etməsi, üstəlik, Suriyada sistemli şəkildə apardığı uğurlu anti-terror əməliyyatları ilə əlaqədardır: “Görünür, qardaş ölkənin bu nailiyyətləri ABŞ-ı da narahat edir. Odur ki, bu ölkə uydurma iddialardan istifadə etməklə Türkiyəni öz haqq yolundan döndərmək, eləcə də onu dünyada gözdən salmaq istəyir. Bu məsələdə isə qondarma “erməni soyqımı”nı əsas götürüb. Digər tərəfdən, bu həm də o deməkdir ki, ABŞ dünyanı yalanları ilə məst edən işğalçı Ermənistandan xoşu gəlməyən dövlətlərə, eləcə də Türkiyəyə qarşı alət kimi istifadə etməkdədir. Yeri gəlmişkən, elə indiyədək Dağlıq Qarabağ probleminin həll olunmamasının da əsasında bu kimi amillər dayanır. Fikrimcə, bu yolla həm də ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar”.
Nümayəndələr Palatasının məkrli addımının rəsmi İrəvan tərəfindən məmnunluqla qarşılandığını vurğulayan ekspert qeyd etdi ki, Ermənistanda bunu qələbə kimi dəyərləndirənlər də var: “Çünki bu, işğalçı ölkəni Türkiyəyə qarşı bundan sonra daha aqressiv və qərəzli mövqe tutmağa sövq edə bilər. Hətta Nümayəndələr Palatasının Türkiyəyə qarşı bu qərarından sonra qondarma “Dağlıq Qarabağ” rejiminin cinayətkar ünsürləri ABŞ-a səfər ediblər. Onlar ABŞ-dakı erməni diasporu ilə görüşərək nəyin bahasına olursa-olsun həmin qanun layihəsinin digər mərhələləri də keçməsi üçün dəridən-qabıqdan çıxmaqdadırlar.
Amma bəzi erməni siyasətçiləri bu addımın reallaşacağına, daha doğrusu, Senat və Ağ ev tərəfindən təsdiqlənəcəyinə inanmırlar. (Unutmayaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi bu mərhələləri keçəndən sonra qüvvədə olur). Onların buna arqumentləri də var. Belə ki, indiyə qədər də ABŞ-ın heç bir prezidenti 1915-ci il hadisələri ilə əlaqədar rəsmi çıxışlarda “ermənilərə qarşı soyqırımı baş verib” ifadəsini işlətməyib. Digər tərəfdən, bu məsələ neçə illərdir ki, ABŞ-da gündəmə gətirilir, müzakirə olunur və sonra geri qaytarılır. Məsələn, əgər səhv etmirəmsə, Nümayəndələr Palatası sonuncu dəfə 1984-cü ildə belə bir sənəd qəbul etsə də, təşəbbüs Senatın təsdiqini almadığı üçün qanuni qüvvəsini itirmişdi.
H. Cabbarlı bildirdi ki, hətta deputat Arman Babacanyan qeyd edib ki, Türkiyə-ABŞ münasibətləri müəyyən dərəcədə korlansa da, bu müvəqqəti xarakter daşıya bilər: “Onun sözlərinə görə, hər şeydən əvvəl, Türkiyənin regionda ABŞ-ın müttəfiqi və eyni zamanda, NATO-nun üzvü olması faktı unudulmamalıdır. Bu mənada Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini dövriyyəyə buraxması Türkiyəni qorxutmağa, onu anti-terror fəaliyyətindən çəkindirməyə yönəldilən bir vasitədir. Bu isə o deməkdir ki, ABŞ yenə də erməniləri sevindirməyəcək. Digər tərəfdən, ABŞ-ın Türkiyəyə etdiyi təzyiq, bir qayda olaraq, qonşu ölkənin Rusiya ilə yaxınlaşmağa sövq edə bilər. Bu isə Nikol Paşinyanın sayəsində Rusiya ilə münasibətləri gərgin olan Ermənistana yaxşı heç nə vəd etmir. Yeri gəlmişkən, onu da qeyd edim ki, erməni politoloq Hrant Melik-Şahnazaryan bu məsələ ilə bağlı fikirlərini açıqlayarkən Türkiyənin nəzərini gec-tez Cənubi Qafqaza da yönəldəcəyini istisna etməyib”.
Qvami Məhəbbətoğlu, “İki sahil”