04 aprel 2020 21:50
1543

Ekspertlərin fikrincə karonavirusun inkubasıya dövrü 28 günə yaxındır

Üç aydan artıq müddətdir ki, dünya gündəmini zəbt edən karonavirusla (COVİD-19) bağlı hər ölkədə olduğu kimi Azərbaycanda da ciddi tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan operativ qərargah bir müddət əvvəl profilaktik tədbirlər məqsədi ilə ümumtəhsil müəssisələrində tətil elan etdi, həmçinin sərhət keçid məntəqələrində, hava limanınlarında ciddi tədbirlər görüldü. Lakin buna baxmayaraq virus ölkəyə daxil olmuşdu və onun yayılması sərhədlərin daxilindən baş verirdi. Bu səbəbdən də daha sərt tədbirlərin alınması qərarı verildi və ölkədə karantin, daha sonra isə ciddi karantin rejimi elan olundu.

Yoluxucu virusun qarşısını almaq bir sıra səbəblərdən xeyli çətindir ki, bunlardan biri də artıq ilkin mərhələdən fərqli olaraq COVİD-19-un inkubasiya dövrünün artmasıdır. İlkin mərhələdə bir çox ölkələrdə, eyni zamanda Azərbaycanda da koronavirusa görə inkubasiya dövrü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) irəli sürdüyü kimi 14 gün idi. 14 gündən sonra xəstəlik şübhəsi olan, xüsusən də başqa ölkələrdən gələnlərin  inkubasiya dövrünün başa çatması müşahidə olunurdu.

Tibb üzrə ekspertlərin bildirdiyini görə hazırda xəstəliyin inkubasıya dövrü 28 günə yaxındır. Bildirilir ki, viruslar adətən hüceyrə daxilində qalaraq orada fəaliyyətini davam etdirir. Yanaşı xəstəliklər, xüsusən də yuxarı tənəffüs yollarının yanaşı patologiyası, soyuqdəymə olduqda belə viruslar daha çox özünü büruzə verir. Belə olan halda bu müddət iki həftə və ya daha çox ola bilər. Birbaşa olaraq xəstə adamla təmasdan deyil, hansısa əşyaya, yerə toxunmaqla da insan virusa yoluxa bilər. Bu həmçinin hava-damcı yolu ilə də ola bilər. Bu səbəbdən də əllərin tez-tez, ən azı yarım dəqiqə isti su ilə yuyulması, maskadan istifadə vacibdir. Boğazda yanıqlıq, bağırsaqların fəaliyyətində pozuntular, döş qəfəsində sıxıntı varsa, hətta qrip, burun axma əlamətləri olmadığı halda belə həkimə müraciət etmək lazımdır. Çünki belə şəxslərdə qrip əlamətləri sonda ortaya çıxır. İnsanlar öz səhhətlərinə daha çox diqqətli olmalı, panikaya uymamalıdır. Nəzərə alaq ki, mart iqlim təlatümlərinin olduğu aydır. Lakin apreldən istilərin başlaması isə onu deməyə əsas verir ki, artıq virusun ömrünə bir o qədər də çox qalmayıb.

Ekspertlər onu da xususi olaraq qeyd edir ki, əgər şübhəli şəxs varsa onu mütləq yoxlamaq lazımdır, çünki adi üsulla koronavirusu təyin etmək olmaz: “Mikroskop altında identifikasiya olunmasa, həmin şəxsin koronavirus olub-olmamasını demək çətindir. Ümumiyyətlə, bu viruslar dözümlü deyil, onlar yüksək hərarətdə məhv olurlar. Orqanizmdə temperatur yüksəldikcə, onlar hüceyrə daxilində məhv olurlar”.

O da bildirilir ki, inkubasiya dövrü 14 gündən də artıq olduğu üçün şübhəli şəxslər 14 gündən sonra yenidən bir neçə həftə nəzarətdə saxlanılmalıdırlar.

Taleh Bağırov,

“İki sahil”