12 oktyabr 2019 19:35
86

Elçin Mirzəbəyli: Prezident İlham Əliyev Paşinyanın faşist cəlladını təmizə çıxarmaq cəhdlərinin üstündən xətt çəkdi

Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində, separatçıların qarşısında etdiyi çıxışındakı iddiaları nüfuzlu “Valday” Diskussiya Klubunda bir neçə cümlə ilə darmadağın edən Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanı onun iştirak etdiyi tədbirdə - MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlarla, arqumentlərlə ifşa etdi və çıxılmaz duruma saldı.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib. Ekspert qeyd edib ki, ermənilər Böyük Vətən müharibəsi illərində, qələbənin əldə olunmasında guya müstəsna xidmətlər göstərdiklərini Rusiya cəmiyyətinə və dünyaya təlqin etməyə çalışır, erməni əsilli hərbçilər haqqında ağlasığmaz əfsanələr, miflər yaratmaqla bundan öz maraqları üçün bəhrələnməyə çalışırdılar.

Azərbaycan Prezidenti öz çıxışında tarixi həqiqətləri təkzibolunmaz faktlara istinad edərək söyləməklə ermənilərin 74 illik bir zaman kəsiyində uydurduqları bütün yalanları gün işığına çıxardı. Dövlətimizin başçısı mükəmməl tarixi biliklərə malik olduğunu və təkcə öz xalqının deyil, postsovet məkanında yaşayan bütün xalqların tarixinə münasibətdə ədalətli, obyektiv mövqedə dayanmağı bacaran bir lider olduğunu növbəti dəfə təsdiqlədi. Prezident vahid bir dövlətin tərkibində yaşayan xalqların faşizmə qarşı mübarizəsini ayrı-ayrılıqda deyil, tam halda dəyərləndirdi. Faşizm üzərində qələbəni “ümumi qələbəmiz” adlandırdı və bu müstəvidə, ayrı-seçkiliyə yol vermədən Azərbaycanın 600 mindən çox oğlunun və qızının Böyük Vətən müharibəsi cəbhələrində döyüşdüyünü, onların yarısının canlarından keçdiyini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Böyük Vətən müharibəsi illərində cəbhə üçün çox zəruri olan neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü və bunlar olmasaydı sovet ordusu düşmənə qalib gələ bilməzdi. Prezident İlham Əliyevin faşist Almaniyasının Bakı və Qroznı şəhərlərinin işğalını nəzərdə tutan məşhur “Edelveys” planını, Adolf Hitlerin iştirakı ilə çəkilmiş hərbi xronikanı detallı şəkildə şərh etməsi isə Azərbaycanın paytaxtının, Bakı neftçilərinin faşizm üzərində qələbəyə - bəşəriyyətin xilasına necə böyük töhfə verdiyinin tam mənzərəsinin yaradılmasına xidmət edirdi.

Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etdiyini, Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketlərinin və digər silahların düşməni dəhşətə saldığını deməsi isə çoxlarının bilmədiyi, bəzilərinin isə unutdurmağa çalışdığı tarixi həqiqətlərə işıq saldı. Prezident İlham Əliyevin Azərbaycan xalqının misilsiz qəhrəmanlığı, fədakarlığı, yüksək intellektual potensiala malik bir xalq olduğu barədə tarixi həqiqətləri ifadə etdikdən sonra faşistlərin qəhrəman kimi qələmə verilməsi ilə bağlı faktlara istinad etməsi isə gerçəkliklərin müqayisəli şəkildə təqdim edilməsinə xidmət edir. Həqiqət müqayisədə daha aydın görünür. Bu müstəvidə dövlətimizin başçısı Ermənistanda, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirdiyini xatırlatdı, bütün bunlara baxmayaraq, heykəlin hələ də götürülmədiyini bildirdi.

Elçin Mirzəbəyli qeyd edib ki, Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə cəhd etdi və özünü olduqca çıxılmaz duruma saldı. Paşinyanın Qaregin Njdenin guya Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə apardığını söyləməsi Ermənistan baş nazirinin hətta öz ölkəsinin tarixindən xəbərsizliyini, yaxud Ermənistan tarixinin bütövlükdə yalanlardan ibarət olduğunu ortaya qoydu. Ermənilərin 700 il Osmanlı dövlətinin tərkibində yaşamaları hər kəsin bildiyi və sübutuna ehtiyac olmayan bir faktdır. Belə olduğu təqdirdə, hansı işğaldan söhbət gedə bilər? Digər tərəfdən, Türkiyə 1941-ci il iyun ayının 18-də, müharibənin başlanmasına 4 gün qalmış Almaniya ilə hücum etməmək və dostluq haqqında müqavilə imzalamışdı və təxminən 1945-ci ilədək neytrallığını qoruyub saxlayırdı. Yəni, Qaregin Njdenin faşistlərlə birgə cəlladlıq etdiyi dönəmdə Türkiyə Hitler Almaniyası ilə müharibə vəziyyətində deyildi və təbii ki, Türkiyəyə qarşı da mübarizə apara bilməzdi. Prezident İlham Əliyevin Ermənistanın baş nazirinin sistemsiz, arqumentsiz çıxışından sonra verdiyi şərh isə Nikol Paşinyanı birdəfəlik susdurdu. Azərbaycan Prezidenti Qaregin Njdenin Rusiyanın rəsmi mənbələrində yer alan “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” kimi fikrini xatırlatmaqla Paşinyanın faşist cəlladını təmizə çıxarmaq cəhdlərinin üstündən xətt çəkdi. Beləliklə, Ermənistanın siyasi rəhbərliyinin riyakarlığı növbəti dəfə və ən önəmlisi isə açıq debatda, hər kəsin gözü qarşısında sübuta yetirildi.