30 mart 2019 20:42
1580

Əli Əhmədov: Tariximizi və müsibətlərimizi unutmamalıyıq

“31 mart erməni qaniçənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik və soyqırımın anım günüdür. Bu qəbilədən olan vəhşilik və qətliamlar erməni millətçiləri tərəfindən dəfələrlə törədilməsinə baxmayaraq, “mədəni” Avropa yüz ildən çoxdur ki, susmaqda davam edir. Beləcə olaraq, yüz ildən çoxdur ki, “ikili standartlar” yaranıb və bu gün də tətbiq edilir. Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olmasına, həmvətənlərimizin öz yurd-yuvasına dönməsinə, sadəcə ədalətin bərpa olunmasına da məhz həmin ikili standartlar mane olur”.  Bu fikirlərin müəllifi Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovdur.

Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində bildirir: “Azərbaycan xalqı soyqırım qurbanlarını daim anaraq tarixi yaddaşını qoruyub saxlayır, ədalətin bərpa olunacağına, soyqırımlarına layiqli siyasi və hüquqi qiymət veriləcəyinə inamını heç zaman itirməyib. Heç bir beynəlxalq təşkilat bunu etməsə də, qüdrətli Azərbaycan dövləti özünün tarix və xalqımız qarşısındakı müqəddəs borcunu yerinə yetirəcək.

Tariximizi və müsibətlərimizi unutmamalıyıq. Qələbənin yolu birlikdən, həmrəylikdən, müqəddəs vəzifələr naminə dövlətimizin ətrafında sıx birləşməkdən keçir.

Hamımızı birliyə, həmrəyliyə, dövlətimizin qüdrətinin daha da artması və torpaqlarımızın geri qaytarılması naminə mübariz olmağa çağırıram”.