16 noyabr 2019 14:02
285

Əli Kərimlinin də mühacir biznes şəbəkəsi ifşa olunur

Son günlər Avropa ölkələrində, xüsusən də Almaniyada qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görülür. Noybarın 13-də Almaniyanın 6 əyalətində keçirilmiş əməliyyat nəticəsində miqrant biznesi ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb. Onlara məxsus ev və obyektlərdə yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah aşkar edilib. Barələrində həbs-qətimkan tədbiri seçilən mühacir alverçilərinin bir çoxu Müsavat partiyasının üzvüdür.

Ölkə gündəmini zəbt edən mühacir biznesi məsələsində Müsavat partiyası ilə yanaşı AXCP sədri Əli Kərimlinin şəbəkəsi də ifşa olunmaqdadır. Məlumata görə, "mühacirlərin" əksəriyyəti AXCP-dən müəyyən pul müqabilində alınan saxta partiya vəsiqələri və mitinqlərdə göstərdikləri "aktivliyə" görə rahatlıqla Avropa ölkələrinə sığına biliblər. Saxta mühacir statusunun alınması üçün adam başı 5-10 min dollar pul alınıb. Həmin vəsaitlər də birbaşa Əli Kərimliyə ötürülüb.

Araşdırmalar göstərir ki, mühacir biznesi ilə əsasən Əli Kərimlinin şəbəkəsində olan şəxslər məşğul olublar. Onlar müxtəlif yollarla imkanlı şəxsləri aldararaq pullarını ələ keçiriblər.

“Bu məsələlərlə bağlı İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldılar, amma onlar bu prosesdə günahı ən az olanlar hesab olunur. Düzdür, Müsavat partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Ancaq onlar çox azdır. Bu prosesdə əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Məsələ belədir; hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə ”dərin dövlət" kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır", - deyə məlumatlı mənbə bildirib.

Hazırda Almaniya və Hollandiyada xeyli sayda imkanları yaxşı olan azərbaycanlılar siyasi mühacir statusu ilə yerləşiblər. Onlar ölkədən "siyasi mühacir" adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıb, biznes qurublar və yaxşı pul qalanıblar:

"Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getməsi mümkün olmayıb, çünki sahibkar kimi yerləşmək üçün tələb olunan 500 min avro -1 milyon dollar civarında yatırımlar edib, sahibkar kimi oturum almaq imkanları olmayıb. Onlar əllərində təxminən 100-200 min avro civarında pulları olan adamlardır ki, 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınır və daha sonra orada xırda biznesə başlayırlar".

Xatırladaq ki, siyasi mühacir alveri ilə məşğul olan dəstənin cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi açıqlama yaymışdı. Belə ki, məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Cinayət işi üzrə saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdiriləcəyi ilə bağlı rəsmi məlumat verilmişdi.