04 sentyabr 2019 21:59
417

Erməni kəşfiyyatı və dini-klerikal dairələrin “İmam Hüseyn - Yezid” OYUNU - FOTO

Məhərrəmlik ayının gəlişi ilə qonşu ölkədə oturub şiəlik pərdəsi altında bu ölkənin dini dairələrinin ideoloji-teoloji xəttini Azərbaycana gətirmək istəyənlərin “moizələri” yenidən başlayıb. “Hüseyniyyun” qruplaşmasının rəhbəri Tohid İbrahimbəyli sosial şəbəkə üzərindən “müqavimətə” çağırış edir, qruplaşmanın üzvü Orxan Məmmədov “Azərbaycanda İmam Hüseynlə Yezidi barışdırdılar” moizəsi oxuyur, eyni şəbəkənin təbliğat maşını olan “nur-az.com” səhifəsi yenidən Nardaran və Gəncə terrorlarının təkrarlanması istiqamətində kampaniyalar aparır.

Və bu kampaniyanın əsas təbliğatçılarından biri də erməni xüsusi xidmət orqanlarının layihəsi olan OTV-nin rəhbəri Zabil Məhərrəmovdur (Madoj).

Eyni ssenaridir, Gəncə terrorunu törədən “Hüseyniyyun” qruplaşmasının üzvü Yunis Səfərovun - Zabil Məhərrəmov Gəncə terrorunun ildönümü ərəfəsində Yunis Səfərovu “Mənim əsərimin qəhrəmanı” adlandırmışdı - ətrafında aparılan kampaniyada olduğu kimi, indi də İranın dini-klerikal dairələri ilə erməni xüsusi xidmət orqanları birgə hərəkət edir.

Orxan Məmmədov məlum moizəsində Azərbaycanın inanclı kəsimi və dini rəhbərliyinə qarşı çıxır, Azərbaycan-İsrail münasibətlərini tənqid edir və əsas vurğunu İsrailin üzərində qurur. Bu, son günlər İran və İraqın Tehran rejiminə yaxın olan mediasında “Əl Həşd əş Şəəbi” qruplaşmasını vuran İsrail dronlarının Azərbaycandan qalxdığına dair başlanan kampaniyanın davamıdır. Azərbaycana təzyiq məqsədilə başlanan kampaniya Ermənistan mediası və Qərbdə “Guardian” nəşri kimi erməni diasporu/lobbisinə yaxın medialarda tirajlandı. O da diqqətdən yayınmır ki, “Əl- Həşd əş Şəəbi” kampaniyasından sonra başlanan və Azərbaycan-İsrail münasibətlərinin üzərində qurulan “İmam Hüseyn – Yezid” kampaniyasına dəstək verən Zabil Məhhərrəmov “Youtube” kanalında “Aqarunov və Məhərrəmlik” başlığı ilə çıxış etdi. Madoj çıxışında Qarabağda şəhid olan Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun “qəhrəman” olmadığını iddia edir və İsraili müsəlmanların düşməni adlandırır.

Maraqları naminə istənilən qüvvə ilə eyni “yatağa girməyə” hazır olan Madoj kimilərin həqiqətən də müsəlmanları düşündüyünü düşünmək absurd olardı, burada Ermənistanın Azərbaycanın ətrafında oynanılan oyundan iştirakı və pay götürmək niyyətləri açıq görünür.

“Madoj” ləqəbi ilə tanınan Zabil Məhərrəmovun erməni xüsusi xidmət orqanlarının əlaltısı olduğu şübhəsizdir: “aprel müharibəsi” zamanı Ermənistan ordusunun uniformasını geyinərək, Azərbaycana qarşı çıxışlar edirdi; İrəvanda keçirilən konfransda erməni kəşfiyyatına bağlı olan Zahirəddin İbrahimi ilə birlikdə iştirak edirdi. Konfrans Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın rəhbərik etdiyi və Azərbaycanda etnoslararası və məzhəblər arası sülh mühitini pozmaq üzrə ixtisaslaşmış qrup tərəfindən təşkil olunmuşdu. (Erməni kəşfiyyatının Gəncə ETİRAFI: Yunis Səfərov planının hədəfi nə idi?).

Bu prosesdə Ermənistan, İranın dini-klerikal dairələri və İraqda onların nəzarətində olan qüvvələr, həmçinin, Qərbdə erməni diasporu/lobbisinin eyni hədəf uğrunda birgə fəaliyyəti var. Hədəf İran üzərindəki beynəlxalq təzyiqi Azərbaycanın üzərinə transfer etmək, Azərbaycan-İsrail münasibətlərini pozmaq, inanclı kəsimin dini heysiyyəti ilə oynamaq və Gəncə hadisələrində olduğu kimi, qarşıdurma yaratmağa cəhd etməkdir.

Zabil Məhərrəmovun qonşu ölkənin dini dairələrinin “müqavimətə” çağırışının davamı olaraq “Boş-boş hansısa yerdən ya Hüseyn deməklə deyil. Hüseyn kimi ölümün gözünə dik baxmağı nümayiş etdirməliyik” sözləri də bu planın tərkib hissəsidir.

Belə planların baş tutacağı ehtimalı sıfırdır, təcrübə də bunu sübut edib, lakin cəmiyyət Azərbaycan dövlətinə qarşı oynanılan oyunlara alət olanların məqsədinin dini inanclar olmadığını da anlamalıdır.

Asif Nərimanlı