23 iyun 2020 15:19
270

Ermənilər bilməlidir ki, tarix və ədalət bərpa olunacaq

"İki sahil" Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafanın yap.org.az-a müsahibəsini təqdim edir: 

- Nazim müəllim, erməni məsələsi, onların Qafqaza köçürülməsi və öz dövlətlərini qurmaq üçün törətdikləri qırğınların kökləri haqqında nə deyə bilərsiniz? 

- Ümumiyyətlə, ermənilərin qədim tarixi çox dolaşıqdır. Ermənilər adətən M.Xorenskinin yazdığı «Tarix»ə istinad edirlər. Əslində, bu “tarix” bir nağıl, hekayədir. Onlar İncildən, Tövratdan, yunan mənbələrindən götürüb özlərinə tarix düzəldiblər. Gerçəkdə isə bu tarixin  ermənilərə dəxli yoxdur. Avropa tarixçiləri də ermənilərin uydurma tarix yazdıqlarını bildirirlər.  Hətta ermənilərin bəzi tarixçiləri də bunu etiraf edib və  sübut edirlər ki, Xorenskinin yazdığı “tarix” saxtadır.

Həmin “tarix”in indiki Ermənistana da dəxli yoxdur. Qafqazda heç vaxt erməni yaşamayıb. Onlar tarixən Balkanlardan Kiçik Asiyaya gəliblər. Sonra da dünyanın müxtəlif yerlərinə səpələnibnlər. Onu da qeyd edim ki, ermənilər heç bir yerdə toplum kimi yaşamayıblar. Elə bir şəhər yoxdur ki, deyilsin ki, bu tarixən erməni şəhəridir. Sadəcə, ermənilər tarixən müxtəlif sənət, peşə  sahibləri kimi ayrı-ayrı ərazilərdə işləyib pul qazanıblar və orada qalıblar.

Ermənilərin dövlət məsələsi isə 1877-1878-ci  illərin rus-türk müharibəsi zamanı ortaya çıxdı. Məqsəd Osmanlı dövlətini parçalamaq idi. Çar  Rusiyasının iddiası ilə Şərqi Anadoluda erməni dövləti yaratmaq istəyirdilər. Həmin vaxt Berlin müqaviləsi ilə ermənilərə muxtariyyət verilməsi söhbəti ortaya çıxdı. Elə o dövrdən ermənilərin siyasi cəhətdən təşkilatlanması başladı, onlar müxtəlif partiyalar yaratdılar. Ermənilər qiyamla,  terrorla Osmanlının  6 vilayətinin ərazisində dövlət yaratmaq istəyirdilər. Osmanlı dövləti tərəfindən 1890-cı ildə erməni üsyanları yatırıldı. Bundan sonra 1890-cı ildən 1905-ci ilə qədər 300 minə qədər erməni Qafqaza köçürüldü. Həmin illərdə indiki Ermənistan  ərazisində 200-dən çox azərbaycanlı yaşayış məntəqəsinin əhalisi kütləvi qırğına məruz qaldı və ərazilər boşaldıldı. Bundan sonra bu torpaqlarda ilk dəfə erməni anklavları yaranmağa başladı. 1918-ci ilə qədər isə bu torpaqlara 600 min erməni köçdü. Bununla da, həmin ərazidə demoqrafiq vəziyyət, əhalinin tərkibi  dəyişdi.

- Böyük dövlətlər nə üçün erməni dövlətinin qurulmasında maraqlı idilər?

- 1918-ci ildə Osmanlı hərbi dəstələri İrəvanın 7 kilometrinə qədər gəldilər. Gümrü türklərin nəzarətində idi. Türklərin İrəvana daxil olmamasının səbəbi isə Osmanlıya güclü beynəlxalq təzyiqlərin olması idi. Beynəlxalq güclər istəyirdilər ki, harda olursa olsun erməni dövləti yaradılsın.

Həmin dövrdə almanlar həm türklər, həm də gürcülərlə müttəfiq idi. Almanlar istəyirdi ki, gürcülər  tez bir zamanda müstəqilliklərini elan etsinlər və onu himayə altına alsınlar. Beləliklə, mayın 26-da Gürcüstan dövlət müstəqilliyini elan etdi. Mayın 27-də isə  Azərbaycan Milli Şurasının üzvləri və ermənilər bu məsələləri müzakirə etmək üçün görüşdülər. Görüşdə erməni dövlətinin hansı ərazidə yaradılması da müzakirə olundu. O zaman Azərbaycan Milli Şurasına  təzyiq var idi ki, dövlət qurmaları üçün ermənilərə  torpaq verilməsinə razı olsun. Osmanlı dövləti də erməni məsələsinin birdəfəlik həll edilməsinin tərəfdarı idi.

Həm Üçlər İttifaqı, həm də Antanta dövlətləri bunu istəyirdi. Onlar müsəlman şərqində belə bir xristian dövlətinin yaradılmasına çalışırdılar. Çünki ermənilər tarix boyu, öncə Avropada, sonra Rusiya XVIII əsrdən gücləndikdən sonra ruslara casusluq edirdilər. Ermənilər  şərqlə qərb arasında missionerlik fəaliyyəti göstərirdilər. Ermənilər Qafqaza köçürülməzdən əvvəl Cənubi Qafqaza xristian missionerləri kimi gəlmişdilər. Onların missiyası bu ərazilərdə  xristianlığı yaymaq idi. Bu səbəbdən də böyük dövlətlər bu torpaqlarda erməni-xristian dövləti yaratmaq istəyirdilər. Onlar bu məsələdə  gürcülərdən çox ermənilərə güvənirdilər.

- Azərbaycanlıların tarixi şəhəri olan İrəvanın ermənilərə verilməsi necə baş verdi? Ümumiyyətlə, İrəvan ermənilərə güzəşt edilməyə bilərdimi?

- Burada müəyyən məqamlar  var ki, bəzi tarixçilərimiz nəzərə almırlar. Rusiyada 1918-ci ilin fevralında burjua inqilabından sonra ermənilər müvəqqəti yaranmış hökumətə müraciət etdi ki, Qafqazda erməni korpusu yaradılsın. Bu korpusun da Osmanlıya qarşı istifadə edilməsi məqsədi daşıyırdı. Erməni zabitləri, könüllüləri müraciət edərək bu korpusa yazıldılar. Tiflisdə bu korpus formalaşdıqdan sonra İrəvana gəldi. Bu hadisə 1918-ci ilin əvvəlində baş verdi.

O zaman İrəvan şəhərində Milli Şura güclü idi. Xəlil bəy  Qasımbəyovun başçılığı ilə İrəvan Milli Şurası məsələ qaldırdı ki, bir halda ki, erməni korpusu yaradılırsa, azərbaycanlıların da korpusu yaradılsın. Həmin ildə İrəvanda erməni əhalisi azərbaycanlılardan cüzi olaraq üstünlük təşkil edirdi. Amma Aram paşa gəlib İrəvanda oturdu və Azərbaycan korpusunun yaradılmasına imkan verilmədi. Yəni artıq İrəvanda azərbaycanlılar  silahsız,  ermənilər isə silahlı idi və onlar  xaricdən də dəstək alırdılar.

İrəvan quberniyasının mərkəzi İrəvan şəhəri idi. Erməni dövləti yaradılması məsələsində Azərbaycan nümayəndə heyəti təklif etdi ki, ermənilərə paytaxt kimi Eçmiəzdin verilsin. Amma ermənilər bununla razılaşmadı, İrəvanı paytaxt kimi istəyirdilər. Belə olan halda, Azərbaycan nümayəndə heyəti bu məsələyə bir şərtlə razılıq verdi ki, bundan sonra ermənilər azərbaycanlılara qarşı torpaq iddiasından birdəfəliki əl çəkməlidir. Ermənilər də bu şərtlə razılaşdılar. 4 iyun 1918-ci ildə Batumda azərbaycanlılar, gürcülər və ermənilər müqavilə imzaladılar. Bu müqavilə ilə Ermənistanın ərazisi təxminən 9,5 min kvadrat kilometr idi. Bu ərazi Göyçə gölünün ətrafını əhatə edirdi. Yəni, çox kiçik ərazi idi. Amma torpaq iddiası irəli sürməyəcəkləri ilə bağlı ermənilərin verdikləri söz sənədləşdirilmədi. Azərbaycan  nümayəndə heyətinin başlıca günahı da bu idi ki, bu məsələni sənədləşdirməyiblər. Onlar bu sənədi imzalatdırmalı idilər.

Ümumiyyətlə, İrəvanın ermənilərə verilməsinə Azərbaycan tərəfi məcbur oldu. Çünki həmin dövrdə Xalq Cümhuriyyətinin taleyi sual altında idi. Çünki bu cümhuriyyət sadəcə kağız üzərində də qala bilərdi. Bilirsiniz ki, o dövrdə Bakı şəhəri bolşevik-daşnak işğalı altında idi. Şaumyanın başçılıq etdiyi Bakı kommunasının hərbi dəstəsi Kürdəmirə qədər gəlib çatmışdı. Andranik isə qərb istiqamətindən hücum edirdi. Şaumyanla Andranikin qoşunlarının Gəncədə birləşməsi nəzərdə tutulurdu. Əgər onlar Gəncədə birləşsəydilər ya müstəqil Azərbaycan dövləti olmayacaqdı, ya da aran bölgəsində kiçik bir ərazi azərbaycanlılara veriləcəkdi. Azərbaycanın şimal ərazisini  Rusiya, şimal-qərbi Gürcüstan, qərbi isə ermənilər ələ keçirmək istəyirdi.

Əgər Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Bakı da daxil olmaqla, digər torpaqlarımızı bolşevik-daşnak işğalından azad etməsəydi, indiki ərazilərimiz də olmaya bilərdi. Doğrudur, İrəvanın ermənilərə verilməsində  Osmanlı dövlətinin ədliyyə naziri Azərbaycan Milli Şurasına təzyiq göstərmişdi. Amma əvəzində Bakının və digər torpaqlarımızın işğaldan azad olunmasında türklərin xidməti əvəzsizdir. Yenə də, deyirəm ki, əgər Osmanlı ordusu bu əraziləri işğaldan azad etməsəydi, Azərbaycan Xalq Cümhuriyyatnın yaradılması sadəcə kağız üzərində qalacaqdı.

Nə vaxta qədər  türk ordusu bu ərazidə idi, daşnakların səsi çıxmırdı. Amma 1918-ci ilin oktyabr ayında imzalanmış Mudros müqaviləsinə görə, türk ordusu bu torpaqlardan geri çəkiləndən sonra ermənilər yenidən azərbaycanlılara qarşı qırğınlara başladılar və  600-ə qədər  yaşayış məntəqəsi məhv edildi. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulanda bu torpaqlarda cəmi 10 min azərbaycanlı qalmışdı. Onun bir neçə mini İrəvanda, qalanları isə ətraf ərazilərdə idi.  Zəngibasar və Vedibasarı isə ermənilər hələ işğal edə bilməmişdi. Sovet hakimiyyəti qurulandan sonra isə həmin ərazilər də Ermənistanın tərkibinə verildi.   

Qeyd edim ki, bütün bunlar çox mürəkkəb proseslərdir. Tarixin bir acı reallığı oldu ki, Azərbaycan xalqına ermənilər kimi  namərd qonşu qismət oldu. Bugünkü gündə də biz tarixin acı reallıqlarının  ağrı-acısını yaşayırıq.

- Bəs tarixi Azərbaycan torpaqlarında toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi haqqında nə deyə bilərsiniz?

- İlk dəfə toponimlərin adlarının dəyişdirilməsi 1919-cu ildə daşnak hökuməti tərəfindən başladı. O zaman daşnak hökumətinin daxili işlər naziri göstəriş vermişdi ki, azərbaycanlıların qovulduğu və ermənilərin köçürüldüyü yerlərə erməni adları verilsin. 1919-1920-ci illərdə 17 yaşayış məntəqəsinin adı dəyişdirildi. Sonra 1935-ci ilə qədər Ermənistan hökuməti tərəfindən, 1935-ci ildən sonra isə Ermənistan Ali Sovetinin fərmanları ilə yer adları dəyişdirilərək erməniləşdirilib.

Təkcə sovet hakimiyyəti illərində 1988-ci ilə qədər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 250 minə yaxın azərbaycanlı yaşayırdı. Bu dövrdə 190 sırf azərbaycanlı yaşayış məntəqəsi, 94 ermənilərlə qarışıq ərazi mövcud idi. Ermənistanın 6 şəhərində də azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar. 1988-ci ilə qədər Ermənistanda 521 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi. 1991-ci ilin aprel ayında Levon Ter-Petrosyanın fərmanı ilə 91azərbaycanlı  yaşayış məntəqəsinin adı dəyişdiirldi.

Qeyd edim ki, ermənilər təkcə yaşayış məntəqlərinin adlarının dəyişdirilməsi ilə kifayətlənmədilər. Onlar hətta  dağların, çayların, qayalıqlar, bulaqların da adını dəyişdiriblər. 1935-ci ildə çap olunmuş xəritədə də bu məqamlar əksini tapır. Xəritədən göründüyü kimi, tarixən həmin ərazilərdə  ermənilərə aid bir toponim də yoxdur. 

Ermənilər yer adlarını necə dəyişdirirdilər? Yerlərdən arayış yazıb yuxarı qurumlara göndərilirdi ki, filan kəndin, qəsəbənin adında ermənilərə aid heç nə yoxdur. Bu adlar türk adlarıdır. İndi həmin ərazilərdə ermənilər yaşadıqları üçün yer adları da ermənilərə məxsus olmalıdır. Beləcə, tarixi toponimlər dəyişdirilərək onlara erməni adı verilirdi. İş burasındadır ki, bir çox yer adları dəyişdirilərkən azərbaycanlı adları erməni dilinə tərcümə olunub dəyişdirilirdi.

Son dövrdə isə ermənilər milli atlas buraxırlar. Burada 41 min vahid toponim var. Nəinki yaşayış məntəqələri, hətta çaylar, qayalıqlar, xarabalıqlar, əkin yerlərinin də adları var. Həmin toponimlərin də tarixi adları bizə məxsusdur. Ermənilərin kadastr komitəsində əvvəlki və dəyişdirilmiş toponimlərın adları var. Tarixi adların hamısı dəyişdirilib.

Ermənilər tarixi saxtalaşdırmağa çalışsa da, ancaq tarixi silmək olmaz. Çünki tarixi sənədlər ortadadır. Hətta çar Rusiyası dövründə əhalinin siyahıya alınması sənədləri var, vergi sənədləri var, toponimlər var  və s. Yəni statistik göstəricilər bizim xeyrimizədir. Ermənilər həmin torpaqlardan bizim izimizi silməyə çalışırlar ki, azərbaycanlıların burda nə zamansa yaşadıqları sübut oluna bilməsin. Amma bu mümkün deyil. Ermənilər nə qədər çalışsa da, tarixi gizlətmək alınmayacaq.

- Nazim müəllim, toponimlərlə bağlı tarixi faktlar haqqında elmi əsərlər yazılıbmı? Bu məsələnin toplu halında hazırlanması hansı səviyyədədir?

- Bu, olduqca vacib məsələdir. Məlumat üçün bildirim ki, 2006-ci ildə mənim AMEA-nın Tarix İnstitutu ilə birgə Azərbaycan və ingilis dillərində “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabı çap olunub. Kitabda 668 yaşayış məntəqəsinin adlarını sənədlərlə vermişik. Hətta 254 xaraba qalan kəndlərin də adını vermişik. Hansı ki, ermənilər indi də yaşamır orda. 2014-cü ildə həmin kitabın yeni nəşrini buraxdıq. Burda yer adlarının  sayı 702-ə qədər artırılıb.

Hazırda ermənilər bu prosesi işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda davam etdirirlər. Həmin ərazilərdəki  azərbaycanlı yaşayış məntəqələrinə ermənilərin köçürülməsindən sonra 120 yer adı dəyişiblər.

Ancaq ermənilər bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, tarix və ədalət bərpa olunacaq.