Tam rəzalət: Müzəffər Azərbaycan Ordusunun qarşısında düşdükləri aciz durumun qisasını belə almağa çalışırlar
44 günlük müharibədə ağır məğlubiyyətə uğramış işğalçı Ermənistanın kapituluasiya aktını imzalaması bu ölkənin onurğa sütununu qırmış oldu. Xüsüsilə 15 minədək canlı qüvvəsini və 3 milyard dollarlıq silah sursatını itirən Ermənistanın bir dövlət kimi yaşaması da sual altındadır. Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev isə müharibə tarixində bir hərbi-siyasi uğura imza atdı.
Belə ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Ermənistanın kapituluasiyası haqqında imzaladıqları sənədə görə, Ermənistan ordusu dekabrın 1-dək işğal altındakı Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz təslim edəcək. Artıq razılaşmaya uyğun olaraq Azərbaycanın həm ən böyük ərazisinə, həm də sərt relyefinə malik Kəlbəcər rayonundan Ermənistan silahlı qüvvələri, o cümlədən 27 ildir burada qeyri-qanuni məskunlaşmış ermənilər çıxarılır.
Ermənilərin Kəlbəcərdən çıxarılması barədə videoreportaj hazırlayan BBC ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. Lakin bu dəfə də onlar erməni xislətinə uyğun olaraq vandallıqlarından əl çəkmirlər. Artıq üç gündür ki, xarici mətbuat, sosial şəbəkələr və ermənilərin özləri Azərbaycanın 28 ilə yaxındır işğal altında olan, lakin indi Ermənistanın artıq boşaltdıqları Kəlbəcər rayonundan görüntülər yayırlar. Həmin görüntülərdə işğaldan sonra Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər indi yaşadıqları evləri tərk edib Ermənistana üz tutarkən həmin evlərə, digər tikililərə od vururlar. BBC rus xidmətinin müxbiri ermənilərin Kəlbəcəri tərk edərkən elektrik yarımstansiyalarını, restoranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıtdıqlarını bildirir. Habelə daşınması mümkün olan hər şeyi daşıyıb aparırlar.
Prezident İlham Əliyev İnterfaks agentliyinə müsahibəsində ermənilərin bu vandallığı barədə bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi: «Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada on minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur.»
Qeyd edək ki, Kəlbəcər rayonu Ermənistanın Dağlıq Qarabağdan kənarda qanunsuz məskunlaşma həyata keçirdiyi əsas rayonlardan biri idi. Düşmən işğaldan sonra Laçın, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Kəlbəcərdə 15 mindən çox (2000-ci ilin ortalarında ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında deyildiyi kimi) erməni məskunlaşdırmışdı. Onların arasında xarici ölkələrdən, o cümlədən Suriyadan, Livandan gətirilənlər də vardı. Sonradan bu rəqəmin daha da artdığı təxmin edilir.
Kəlbəcər rayonunda isə bir neçə min erməninin qanunsuz məskunlaşdırıldığı, orada təbii sərvətləri taladığı, istirahət mərkəzləri tikdiyi məlum idi. Bütün dövrlərdə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda ətraf yeddi rayonun Azərbaycana qaytarılması başlıca prinsiplərdən biri kimi nəzərdən keçirildiyi halda Kəlbəcər rayonunda aparılan bu qanunsuz məskunlaşma Ermənistanın qətiyyən bu strateji əhəmiyyətli regionu qaytarmaq niyyətinin olmadığına dəlalət edirdi.
İndi isə işğalçılar başlarına gələn bu böyük müsibətin, üzləşdikləri bu acınacaqlı məğlubiyyətin nəticəsində Kəlbəcəri tərk etməyə məcburdurlar. Amma onlar gəldikləri kimi də gedirlər-evləri, ictimai binaları talayıb yandıraraq, geridə viran qoyulmuş bir Kəlbəcər qoyurlar. Sanki müzəffər Azərbaycan Ordusunun qarşısında düşdükləri aciz durumun qisasını belə almağa çalışırlar. Erməni vandalizminin bu sifəti Azərbaycana çoxdan tanışdır, ola bilsin dünya internetin sayəsində bundan indi xəbər tutur. Axı 1993-cü ilin aprelində ermənilər Kəlbəcəri, daha sonra digər rayonları, şəhər və kəndləri işğal edəndə də indiki səhnələr yaşanırdı-vandallar əvvəlcə əllərinə keçəni talayır, sonra kəndlərə, şəhərlərə bir-birinin ardınca od vururdular. Nəticədə torpaqlar 27 il sonra işğaldan azad ediləndə biz bu ərazilərin necə viranəyə çevrildiyinə bir daha əmin olduq. Orta əsrlərə xas barbarlıqla ermənilər qarşılarına keçən hər şeyi dağıdıblar, silip-süpürüblər və vaxtilə abad şəhərlərin yerində indi viranəlik hökm sürür.
Ermənilər indi Kəlbəcərdə evlərə od vuranda, qarşılarına keçəni talayıb aparanda bunu əlbəttə, «düşmənə qalmasın» prinsipi ilə əsaslandırırlar. Amma həmin əmlak əslində onlara məxsus deyildi axı. Ermənilərin qoyub getdikləri onların 27 il qabaq Kəlbəcəri işğal edərkən dağıtdıqlarının, taladıqları, daha sonra bu torpaqlardan sümürdükləri ilə müqayisədə fonunda heç dənizdə damla da deyil.
İndi Azərbaycan torpaqlarını azad edəndən sonra işğal nəticəsində talan edilmiş sərvətlərin, şəhər və kəndlərin əvəzində Ermənistandan kompensasiya tələb etmək üçün hüquqi prosedurlara başlayıb. Prezident İlham Əliyev hələ hərbi əməliyyatlar davam edərkən bu haqda müvafiq Sərəncam verib. Ona görə də ermənilər indi Kəlbəcərdə evləri və s. yandırıb gedə bilərlər, amma çox keçməyəcək ki, Ermənistan Azərbaycanın 7 rayonunu necə talayıb viran qoyduğuna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.
Elçin Zaman, «İki sahil»