27 iyun 2020 15:17
535

Ermənistanda siyasi opponentlər təqib edilir, həbs olunur

Bu gün Ermənistanda diktatura rejimi hökm sürür

Ermənistan və Azərbaycanın inkişafı perspektivləri arasında olan fərq son illər daha qabarıq şəkildə özünü biruzə verir. Bu gün ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək səviyyədədirsə Ermənistanda nəinki ordu quruculuğunda, bütövlükdə heç bir sahədə əsaslı inkişaf yoxdur, ölkə dərin böhran içərisindədir. Buna səbəb isə ilk növbədə Ermənistanda hökm sürən diktatura rejimidir ki, bu da inkişaf perspektivlərinin olmamasını daha aydın şəkildə üzə çıxardır.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bu gün Azərbaycan Ordusu güclənir: “Prezident İlham Əliyevin rəhbərliyi altında hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Azərbycanın işğal edilmiş torpaqlarında ermənilərin qanunsuz məskunlaşma siyasətini ölkə başçımız beynəlxalq tribunalardan dəfələrlə məharətlə tənqid edib, bu ölkənin əsil simasını üzə çıxardıb.

Bu gün Ermənistanda diktatura rejimi hökm sürür. Ölkədə siyasi opponentlər təqib edilir, həbs olunur. Konstitusiyaya dəyişikliklərin ancaq referendumla həll edilməli olunduğu halda bu qanunsuz yollarla baş verir. Ermənistanda bu gün mövcud hakimiyyət bölgüsü tamamilə sıradan çıxıb. Hakimiyyətin hər üç qolu tək əldən idarə olunur. Bundan əlavə, Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi vüsət alıb. Bu azmış kimi ölkənin baş naziri, onun ailəsi qaçaqmalçılıq, qanunsuz əməllərlə məşğuldur. Bu gün Ermənistanın rəmzi korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıqdır. Ölkədə gələcək vəd edən heç bir inkişaf perspektivləri yoxdur. İqtisadiyyatı düzgün qura bilməyən bu ölkə başqalarının əlinə möhtacdır. Avropa İttifaqından 90 milyon dollar pul dilənir. İnsanların ölkəni kütləvi surətdə tərk etməsinin nəticəsidir ki, demoqrafik böhran vəziyyəti yaranıb. Ölkənin real əhalisinin sayı 2 milyon nəfərdən azdır.

Bütün bunlarla müqayisədə Azərbaycan hər sahədə beynəlxalq aləmdə uğurlar əldə edir, günü-gündən güclənir. Prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasətinin nəticəsidir ki, ölkəmizdə sabitlik hökm sürür, iqtisadi, sosial sahədə islahatlar aparılır, regionların inkişafı daim göz önündə saxlanılır”.