14 avqust 2020 18:27
1067

Ermənistanın Azərbaycanın ədalətli mövqeyi ilə barışmağının vaxtı çatıb

Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi əməkdaşlıq günbəgün dərinləşməkdə və möhkəmlənməkdədir. Bu isə son vaxtlar iki qardaş ölkə arasında əməkdaşlığın yeni  xarakter almasından xəbər verir. Bu fikri hərbi və hərbi-texniki sahədəki əməkdaşlığa da şamil etmək olar. İki ölkənin hərbi qüvvələri tərəfindən keçirilən hərbi təlimləri, eləcə də faşist ideologiyasına xidmət edən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə Türkiyənin  ən yüksək səviyyələrdə pisləməsi buna sübutdur.

Yeri gəlmişkən qeyd edək ki, iyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana qarşı həyata keçirdiyi təxribata rəsmi Ankara daha kəskin, həm də ciddi reaksiya verdi. Bildirdi ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır və hər zaman qardaş ölkə ilə bir yerdə olacaqdır. Bununla da Türkiyə dünya miqyasında ölkəmizə hər zaman dəstək verdiyini, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlı olduğunu, ən əsası “Bir millət, iki dövlət” olduğumuzu bir daha təsdiqlədi. Bu yerdə Türkiyənin Xarici İşlər naziri Möv­lud Çavuşoğlunun sözlərini də xatırlatmaq yerinə düşərdi: “Tovuz təxribatı zamanı nə demişiksə, hamısının üstündə dururuq, bütün potensialımızla qardaş Azərbaycanın yanındayıq”. Bu mesajı həm də Ermənistanın  havadarları­na, eləcə də ikili standartlar mərəzindən hələ də xilas ol­mayan ermənipərəst dairələrə ciddi siqnal kimi də dəyərləndirmək olar.

Prezident İlham Əliyev avqustun 13-də iki ölkənin əvvəlcədən planlaşdırılmış quru qoşunları, həmçinin hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərini izləmək məqsədi ilə ölkəmizə gəlmiş Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələlər bir daha gündəmə gətirilib. Həmin tədbirdə keçirilən hərbi təlimlərin əhəmiyyətini vurğulayan, onu önəmli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı bunu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü adlandırıb.  “Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur” deyən Prezident İlham Əliyev, həmçinin əminliklə vurğulayıb ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır: “Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir”.

Tovuz təxribatının adi bir sərhəd toqquşması olmadığını, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından başlayan Ermənistanın cinayətkar hərəkətlərinin davamı olduğunu bildirən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu olayın 83 milyonluq Türkiyə xalqı tərəfindən nifrətlə  qınandığını söyləməklə yanaşı,  keçirilən hərbi təlimlərin də önəmindən söz açıb. Hətta bildirib ki, təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi  olduqca faydalıdır: “Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.

Bütün bunlara istinadən siyasətçilər bildirirlər ki, Azərbaycan və beynəlxalq aləmdə terrora qarşı mübarizə aparan, bu istiqamətdə bir sıra uğurlara imza atan Türkiyənin strateji müttəfiqliyi yalnız iki ölkə üçün deyil, həm region, həm də bütövlükdə dünya üçün önəmlidir. Türkiyənin regiondakı aktivliyi həm də ölkəmizin təhlükəsizliyinə təminatdır.  Şübhəsiz, iki qardaş ölkə hərbçilərinin plana uyğun şəkildə həyata keçirdikləri və artıq davamlı xarakter daşıyan təlimləri, eləcə də qardaş ölkələrin ali rütbəli hərbçilərinin qarşılıqlı səfərləri gələcək işlərdə mühüm əhəmiyyət kəsb edəcəkdir. Belə ki, bu cür ikitərəfli təlimlərin, eləcə də səfərlərin uğurlu nəticəsi tezliklə öz bəhrəsini verəcək. Yeri gəlmişkən qeyd edək ki, bu hərbi təlimlər,  bu səfərlər, bir sözlə, Türkiyə-Azərbaycan tandemi Ermənistanda böyük narahatlıq doğurub. Çünki onlar artıq anlayırlar ki, ölkəmiz işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm amil olacaq. Bu isə o deməkdir ki, Ermənistanın Azərbaycanın ədalətli mövqeyi ilə barışmağının vaxtı çatıb. Əks təqdirdə, yəni rəsmi Bakı ilə konstruktiv danışıqlar aparmaq istəməsə, Ermənistan  2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz əməliyyatında aldığı ciddi zərbələrdən də artığı ilə üzləşəcək. Bu isə Ermənistanın sonu olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”