Uğur qazanmaq istəyən gənc əvvəlcə qarşısına məqsəd qoymalı, sonra isə həmin məqsədə uyğun hazırlıq planı tərtib edərək əzmlə çalışmalıdır
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Bu yüksək etimada layiq görülən gənclərdən biri də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriat səviyyəsində təhsil alan Elvin Əfəndiyevdir.
Gənc tələbə ilə söhbətimizdə Prezident təqaüdünə layiq görülməyin yaratdığı sevinc, qazandığı uğurun arxasında dayanan zəhmət, təhsil müddətində qarşılaşdığı çətinliklər, gələcək hədəfləri və hüquqşünas kimi ölkəmizin inkişafına vermək istədiyi töhfələr barədə danışdıq.
Uğurun arxasında zəhmət, davamlılıq və ailə dəstəyi dayanır
– Prezident təqaüdünə layiq görüldüyünüz xəbərini eşidəndə hansı hissləri keçirdiniz? Bu sevincli xəbəri ilk olaraq kiminlə bölüşdünüz?
– Bu xəbəri eşidəndə keçirdiyim hissləri təsvir etmək çox çətindir. Əlbəttə, bütün Prezident təqaüdçüləri kimi, mən də böyük sevinc hissi keçirdim. Bu müjdəni ilk olaraq anamla bölüşdüm və həmin an həqiqətən də təsvirəgəlməz idi.
– Prezident təqaüdünə layiq görülməyinizi hansı amillərlə əlaqələndirirsiniz? Bu uğurun əldə olunmasında ailənizin və müəllimlərinizin dəstəyi nə dərəcədə rol oynayıb?
– İndiyədək əldə etdiyim nailiyyətlərin, xüsusilə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında topladığım balın nəticəsi olaraq Prezident təqaüdünə layiq görüldüyümü düşünürəm. Bu uğura çatmağımda əsas rol ailəmə və müəllimlərimə məxsusdur. Onların dəstəyi ilə yanaşı, özümün də çox çalışmağım bu nailiyyətin əldə olunmasına mühüm töhfə verib.
– Təhsil həyatınızda qarşılaşdığınız əsas çətinlik nə olub və onun öhdəsindən necə gəlmisiniz?
– Təhsil həyatımda qarşılaşdığım əsas çətinlik davamlılığı qorumaq olub. Bu çətinliyin öhdəsindən gündəlik, həftəlik və aylıq dərs proqramları tərtib etməklə və həmin proqramlara əməl etməklə gəlmişəm. Düşünürəm ki, məqsədə çatmaq üçün yalnız həvəs deyil, eyni zamanda planlı və ardıcıl çalışma da vacibdir.
Əsas məqsəd daha böyük uğurlara imza atmaqdır
– Hazırda qarşınıza qoyduğunuz əsas hədəflər hansılardır?
– Hazırda qarşımda duran prioritet hədəf Prezident təqaüdünü qorumaqdır. Daha böyük uğurlara imza atmaq üçün isə həmişəkindən daha çox və daha əzmlə çalışmağı qarşıma məqsəd qoymuşam.
– Hüquq sahəsini seçməyinizə nə səbəb olub və gələcəkdə hansı istiqamətlərdə fəaliyyət göstərməyi düşünürsünüz?
– Hüquq sahəsinə uşaqlıqdan böyük marağım və həvəsim olduğu üçün bu istiqaməti seçmişəm. Gələcəyin hüquqşünası kimi ölkəmizin hüquq sisteminin dünyanın qabaqcıl hüquq sistemləri sırasına daxil olması üçün onun inkişafına töhfə verməyi qarşıma məqsəd qoymuşam. Bunun üçün gələcəkdə qeyd etdiyim hər üç sahədə özümü sınamaq istəyirəm.
– Sizcə, uğur qazanmaq istəyən gənclər ilk növbədə nəyə diqqət yetirməlidirlər?
– Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, uğur qazanmaq istəyən gənc əvvəlcə qarşısına məqsəd qoymalıdır. Daha sonra məqsədindən asılı olaraq hazırlıq planı tərtib etməli və həmin plana uyğun çalışmalıdır. Məqsədin müəyyənləşdirilməsi və ona çatmaq üçün ardıcıl səy göstərilməsi uğura aparan yolda mühüm əhəmiyyət daşıyır.
“Ən böyük hədəfim Vətənimə və xalqıma layiq hüquqşünas olmaqdır”
– Bir neçə il sonra özünüzü hansı mövqedə görürsünüz? Gələcək fəaliyyətinizdə hansı prinsipləri əsas götürmək istəyirsiniz?
– Gələcəyə dair ən böyük hədəfim Vətənimə və xalqıma layiq hüquqşünas olmaqdır. Bir neçə il sonra özümü ədalətə xidmət edən hüquqşünas kimi görmək istəyirəm. Gələcək nəsillərə də hər bir işdə ədalət və mənəviyyat meyarlarına əməl etməyi tövsiyə edərdim.
– Prezident təqaüdünə layiq görülməyiniz ətrafınızdakı insanların sizə münasibətinə və gələcək fəaliyyətinizə necə təsir edib?
– Bu uğurum ətrafımdakı insanlara müsbət təsir göstərib və onların mənə olan inamını xeyli artırıb. Gələcək fəaliyyətimdə qazandığım bu nailiyyətdən ilham alaraq məsuliyyətimi və əzmimi daim qorumağa çalışacağam.
– Sizcə, gəncin layiqli şəxsiyyət kimi formalaşmasında akademik nailiyyətlər, geniş dünyagörüşü və milli-mənəvi dəyərlərə bağlılıq hansı əhəmiyyət daşıyır?
– Mənim fikrimcə, sadaladığınız amillərin hər biri şəxsiyyətin formalaşmasında əvəzsiz rol oynayır. Müasir dövrdə gənclərin yalnız akademik nailiyyətlərlə kifayətlənməsi düzgün yanaşma deyil. Cəmiyyət tərəfindən dəyər görmək və layiqli şəxsiyyət olmaq üçün akademik uğur qazanmaqla yanaşı, geniş dünyagörüşünə yiyələnmək, milli-mənəvi dəyərlərə sadiq qalmaq və cəmiyyət qarşısında daşıdığımız məsuliyyəti anlamaq da mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, bu keyfiyyətlərin formalaşması üçün insan ilk növbədə sağlam təfəkkürə və möhkəm iradəyə malik olmalıdır.
– Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Sizə təhsilinizdə yeni uğurlar, gələcək fəaliyyətinizdə isə Vətənimizə və xalqımıza layiqli xidmət yolunda əzmkarlıq arzulayırıq. Prezident təqaüdünə layiq görülməyiniz münasibətilə təbrik edir, qarşıya qoyduğunuz bütün məqsədlərə çatmağınızı diləyirik.
- Sağ olun.
Yaqut Ağaşahqızı, “İki sahil”