08 noyabr 2019 18:39
152

Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır

“Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Onun sözlərinə görə, bir millətin dövləti varsa, bayrağı da var. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir”.

Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib.

“Üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ucaldılıb. Amma Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən Dövlət bayrağı kimi təsbit edildi. 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olundu. Sonra bu bayraq müstəqil dövlətimizin atrubutu kimi qəbul edildi. Prezident İlham Əliyevin qərarı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün üçrəngli bayrağımız bütün beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaş bununla qürur duyur. Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.