18 iyun 2026 13:48
245

Güləş həm güc, həm sürət, həm də düşünmə bacarığı tələb edən idman növüdür - AVROPA ÇEMPİONU İLƏ MÜSAHİBƏ

Elmin Əliyev: Ən vacib məqam həvəsdən düşməmək və məqsədinə inamla doğru addımlamaqdır

Azərbaycan güləşi təkcə bir idman növü deyil, eyni zamanda, uzun illərə söykənən bir məktəb, formalaşmış bir ənənə və beynəlxalq arenada qazanılan uğurların simvoludur. Bu məktəbin əsas gücü isə hər yeni nəsildə özünü daha da gücləndirən idmançılardır. Onlar yalnız nəticə qazanmır, həm də bu ənənəni yaşadır, inkişaf etdirir və gələcək nəsillərə ötürürlər.

Müasir dövrdə güləş artıq yalnız fiziki güc mübarizəsi deyil. Burada taktiki düşüncə, psixoloji dayanıqlılıq, yüksək intizam və məqsədə sadiqlik həlledici rol oynayır. Məhz bu xüsusiyyətlər hesabına Azərbaycan güləşi dünya və Avropa səviyyəsində rəqabətədavamlı mövqeyini qoruyur.

Bu uğur zəncirinin yeni və parlaq halqalarından biri də yunan-Roma güləşi üzrə U23 Avropa çempionu Elmin Əliyevdir. O, gənc yaşına baxmayaraq, sərgilədiyi əzm, məşqlərə yanaşması və yarışlardakı inamlı çıxışları ilə diqqət çəkir. Onun idman yolu erkən yaşlardan başlayan böyük bir marağın, zamanla peşəkarlığa çevrilən zəhmətin və davamlı özünü inkişaf etdirmə prosesinin nəticəsidir.

Elmin Əliyev üçün güləş sadəcə bir yarış sahəsi deyil, xarakterin formalaşdığı, iradənin sınandığı və hər gün yenidən özünü sübut etmə tələb edən bir həyat tərzidir. Qazanılan hər uğurun arxasında illərlə davam edən zəhmət, məğlubiyyətlərdən çıxarılan dərslər və məqsədə olan sarsılmaz inam dayanır.

İndi isə onun güləş yolunu, qazandığı uğurların arxasındakı zəhməti və gələcəyə baxışını daha yaxından anlamaq üçün müsahibənin sual-cavab hissəsinə keçid edirik.

-Özünüzü oxucularımıza təqdim edərdiniz. Güləşə gəlişiniz necə başlayıb?

-Mən Elmin Əliyev - yunan-Roma güləşi üzrə U23 Avropa çempionuyam. Uşaqlıqdan idmana böyük marağım olub. Fiziki və mənəvi cəhətdən inkişaf etmək, həmçinin ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək istəyi məni bu sahəyə gətirib. İlk məşqlərdən sonra güləşi çox sevdim və bu günə qədər böyük həvəslə davam etdirirəm.

-İdmanın müxtəlif növləri arasında məhz güləşi seçməyinizə nə səbəb oldu?

-Güləş həm güc, həm sürət, həm də düşünmə bacarığı tələb edən bir idman növüdür. Bu xüsusiyyətlər mənə daha maraqlı gəldiyi üçün güləşi seçdim. Bundan əlavə, güləş Azərbaycanda ənənəvi və uğurlu idman növlərindən biridir.

Güləş məndə intizam, məsuliyyət, dözüm,
iradə və özünəinam kimi keyfiyyətlər formalaşdırıb

-Güləş yalnız fiziki güc deyil, həm də iradə, dözüm və intizam tələb edən idman növüdür. Bu idman sizin xarakterinizdə hansı keyfiyyətləri formalaşdırıb?

- Güləş məndə intizam, məsuliyyət, dözüm, iradə və özünəinam kimi keyfiyyətlər formalaşdırıb. Bu idman mənə həm qələbəni, həm də məğlubiyyəti düzgün qəbul etməyi öyrədib. Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün daha əzmkar olmağın vacibliyini dərk etmişəm.

-Hər bir idmançının karyerasında dönüş nöqtəsi hesab olunan xüsusi məqamlar olur. Sizin güləş yolunuzda belə bir mərhələ hansı olub və bu təcrübə düşüncə tərzinizə necə təsir edib?

-Karyeramda iştirak etdiyim mühüm yarışlardan biri mənim üçün dönüş nöqtəsi olub. Həmin yarışda əldə etdiyim nəticə öz gücümə daha çox inanmağa kömək etdi. Bununla yanaşı, başa düşdüm ki, uğur yalnız davamlı məşqin və zəhmətin nəticəsidir. Medal qazanmaq üçün hər kəsdən daha çox çalışmaq lazımdır.

-Müasir dövrdə rəqabətin yüksək olduğu güləş idmanında uğurlu nəticə əldə etmək üçün idmançı hansı xüsusiyyətlərə malik olmalıdır?

-Mənim fikrimcə, uğurlu idmançı ilk növbədə intizamlı, əzmkar və məqsədyönlü olmalıdır. Bundan əlavə, fiziki hazırlıqla yanaşı, psixoloji dayanıqlılıq, taktiki düşüncə, daim öz üzərində işləmək və sağlam həyat tərzi sürmək də vacibdir. 

Əgər məşqlərdə üzərinə
düşən işi tam yerinə yetirmisənsə...

-Məğlubiyyətlər idman həyatının ayrılmaz hissəsidir. Siz çətin məğlubiyyətlərdən sonra motivasiyanızı necə bərpa edirsiniz?

-Karyeram ərzində iki-üç il ərzində bir neçə yarışda məğlub olmuşam. Hər dəfə Allaha şükür edib işimə davam etmişəm. İnamımı itirməmişəm və əziyyətimin qarşılığını da görmüşəm. Məncə, bu yolda ən vacib məqam həvəsdən düşməmək və məqsədinə inamla doğru addımlamaqdır.

-Yarış və ya vacib görüş öncəsi həyəcanı idarə etmək üçün xüsusi üsullarınız varmı?

-Əgər məşqlərdə üzərinə düşən işi tam yerinə yetirmisənsə, döşəyə daha inamlı çıxırsan. Mən də yarışa yaxşı hazırlaşdığım zaman özümə güvənirəm. Rəqiblə əl sıxıb görüş başladıqdan sonra isə həyəcan öz-özünə aradan qalxır.

-Bu günə qədər iştirak etdiyiniz yarışlar arasında ən yaddaqalan görüşünüz hansı olub və onu sizin üçün xüsusi edən nədir?

- Ən yaddaqalan görüşüm Avropa çempionatının finalında Gürcüstanlı rəqibimə qarşı keçirdiyim qarşılaşma olub. Həmin görüşdə karyeramın ən böyük uğurlarından birinə imza atdım və bu səbəbdən mənim üçün xüsusi əhəmiyyət daşıyır.

-Karyeranız ərzində sizə ən böyük təsiri göstərən məşqçi və ya güləşçi kim olub? Onlardan nə öyrənmisiniz?

-Bu günə gəlib çatmağımda bir neçə məşqçimin böyük əməyi var. Adlarını ayrıca çəkmək istəməzdim, amma onların hər birindən intizamı, zəhmətkeşliyi və heç vaxt təslim olmamağı öyrənmişəm.

-Gələcəklə bağlı hədəfləriniz və planlarınız nələrdir? Qarşıdakı illərdə özünüzü hansı zirvələrdə görürsünüz?

-Gələcəklə bağlı hədəflərimi zaman göstərəcək. Məşqçilərimin göstərişləri və dəstəyi ilə daha böyük uğurlar qazanmaq, ölkəmizi ən yüksək səviyyədə təmsil etmək istəyirəm. İnşallah, qarşıdakı illərdə bütün zirvələri fəth etmək üçün əlimdən gələni edəcəyəm.

Yaqut Ağaşahqızı, “İki sahil”