18 mart 2020 21:28
861

Gülnarə Kərimova azadlıqdan məhrum edilib

Gülnarə Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib

Daşkənd Şəhər Məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və onunla yaxın olan bir qrup şəxs barəsində qərar qəbul edib.

Özbəkistanın Ali Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, məhkəmə Gülnarə Kərimovanın 13 il 4 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Onunla cinayət əlaqəsində şübhəli bilinən beş nəfər isə 5 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib.

G.Kərimova dələduzluqda, büdcə vəsaitinin oğurlanmasında, cinayətkarlıq yolu ilə əldə edilən pulların xarici ölkələrə daşınmasında ittiham olunub. İstintaq G.Kərimovaya yaxın şəxslərdən ibarət bir neçə cinayətkar qrup yaratdığını müəyyənləşdirib. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovaya yaxın olan mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərərək onların əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib.

Ümumiyyətlə, G.Kərimovanın cinayətkar əməllərinin Özbəkistana vurduğu zərər 2 milyard dollar dəyərində qiymətləndirilir. Özbəkistan hökuməti bu günədək onun 12 ölkədə 1,5 milyard dollar dəyərindəki aktivləri üzərində həbs qoyub. Bu aktivlərin bir hissəsi Özbəkistana geri verilsə də, digər qismi hələ də qaytarılmayıb.