23 iyun 2020 18:20
445

Həkim-psixoterapevt sərtləşdirilmiş xüsusi karantin rejiminin səbəbindən danışdı

Son zamanlar dünyada koronavirusla bağlı maraqlı meyil müşahidə olunur. Belə ki, COVID-19 infeksiyası daha aqressiv və aktiv olmağa başlayıb. Azərbaycanda da biz bunu hiss edirik. Baxmayaraq ki, dövlət tərəfindən bütün mümkün tədbirlər yüksək səviyyədə həyata keçirilir, həkimlər yüksək fədakarlıqla ön cəbhədə döyüşürlər, məsul qurumlar bu işdə aktivdirlər, vətəndaş olaraq bir çoxumuzun məsuliyyətsizliyi və koronavirusun aqressivləşməsi Nazirlər Kabineti yanında Operativ Qərargahı qaydaları yenidən sərtləşdirmək məcburiyyətində buraxdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində həkim-psixoterapevt Əli Nağıyev deyib.

Həkim-psixoterapevtin sözlərinə görə, xüsusi karantin rejiminin qaydaları yumşaldıldıqdan sonra vətəndaşlar arasında psixoloji böhran hiss olunmağa başlandı: “Psixoloji böhran bəzilərinin vətəndaşlar arasında virusun olmaması barədə şayiələr yayması ilə təzahür etdi. Bu, psixoloji olaraq şüuraltı özünümüdafiə halıdır. Bəzən təhlükə təfəkkürümüzdə o qədər böyüyür ki, biz onu inkar etməyə başlayırıq. Şüurumuz özünü ağrıdan-acıdan qorumağa başlayır və baş verənlərin yalan olduğunu düşünürük. Bu, psixoloji böhran halıdır və həmin an təfəkkür iki tərəfə meyil edir: ya tamamilə inkar etmək, ya da ciddi qorxu keçirmək. Halbuki qorxmamaq və məsuliyyətli olmaq vacibdir”.

Əli Nağıyev bildirib ki, bəzi vətəndaşların məsuliyyətsizliyi epidemioloji vəziyyətin pisləşməsinə səbəb oldu. Bu da öz növbəsində xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri etdi: “Bildiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah 8 şəhər və rayonda xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini qərara aldı. Qərara əsasən iyunun 21-dən başlayaraq iyulun 5-dək daha sərt karantin rejimi tətbiq olunur. Sərtləşdirmə tədbirlərinin tətbiqində məqsəd koronavirusun yayılma sürətini və həmin xəstəlikdən ölüm hallarını azaltmaqdır. Məsələnin ciddiliyini hər bir vətəndaş anlamalı, yanlış məlumatlara inanmamalı, obyektiv xəbərlərə istinad etməlidir. Ona görə də hər kəs problemə daha ciddi yanaşmalı, xəstəlikdən qorxmamalı və məsuliyyətli olmalıdır”.